Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siyasətin “aldatma” günləri
Rusiya sülhməramlıları Qarabağda
Bu gün 1 apreldir. Yumor günüdür. Xalq arasında “aldatma günü” kimi də adlandırılır. Əslində indiki ictimai-siyasi kontekstin yumorla bağlı bir tərəfi yoxdur. Ancaq aprelin 1-nə “aldatma günü” kimi baxsaq, görərik ki, o, heç də başqa günlərdən fərqlənmir. Əslində bütün dünyanı bürümüş koronavirus pandemiyasının özündə bəşəriyyəti bir gün yox, hər gün və hər formada aldatmalar var. Böyük dövlətlər kiçikləri ucuz və keyfiyyətli peyvənd vədi ilə aldatdı. Yaxud uzun onillərdir ki, dünyanın bir hissəsi o biri yarısını aldadaraq bütün variadatını daşıyıb aparır. Və sıradan insanlar bu kimi səbəblərdən çox hallarda siyasətə “böyük” adamların böyük yalanları kimi də baxır.

Günümüzdə ən çox şübhə mövzusu budur ki, Rusiya bizi aldatdı. Öz ərazilərimizi sonuna qədər azad etməyə imkan vermədi. İnsanlar misal da çəkir: demişdilər 2000-ə qədər əsgər gələcək sadəcə. Ancaq Rusiya ona dəfələrlə artıq hərbi qulluqçu yığıb. Orda modul şəhərciklər salır, rus dili Qarabağın dağlıq hissəsində ikinci “rəsmi dil” elan olundu. İnsanlar deyir ki, Rusiya bizə Qarabağın dağlıq hissəsini də yavaş-yavaş da olsa, qaytarılacağını söz verdi, biz də inanıb üçtərəfli bəyanata qol çəkdik. Ancaq, deyəsən, bizi aldatdılar; həmin bölgəni yavaş-yavaş yox, sürətlə Abxaziyanın gününə salmağa çalışırlar. Yəni elə hala gətirmək ki, günün birində ya Sergey Mironov deyən kimi, öz ərazilərini buralara qədər genişləndirmiş olsunlar. Həm də belə fikirlər var ki, onlar bizi gözümüz görə-görə aldadırlar. Yəni biz Şuşadan – yuxarıdan baxa-baxa onların bizi aldatdığını görürük, ya gördüyümüzə inanmırıq, ya da inandığımızı görmürük?! Doğruya inanmaq qəbahət deyil, yalana aldanmaq günahdır. Həm də dəfələrlə aldanmaq. Xalqın xeyli hissəsində belə bir fikir, təəssürat var. Belə baxanda haqsız da görünmürlər. Bir az da müxalifət bunu körükləyir; “bizi aldadırlar” deyir.

Ancaq hakimiyyət nə deyir? Hakimiyyət deyir, xeyr, biz qalib gəlmişik; ərazilərimizi düşmən işğalından azad etmişik. Ermənistan-Azərbaycan münaqişəsi arxada qalıb. Biz indi gələcəyə, həm də tamam başqa gözlə baxırıq. Hakimiyyət deyir ki, bu müharibəni biz başlamamışdıq. Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-rəsmi zirvə toplantısında danışıb bunları. Onun çıxışının xeyli hissəsi Qarabağa həsr olunub və daha çox bu tezislər vurğulanıb: müharibəyə səbəb Ermənistan rəhbərliyinin – baş nazirinin, müdafiə nazirinin, Dövlət Təhlükəsizlik Xidmətinin... məlum qızışdırıcı açıqlamaları, təxribatçı hərəkətləri oldu. Prezident “bizi aldatdılar” deyən azərbaycanlıları inadırmağa (anlatmağa) çalışır ki, bir il əvvəl Ermənistan rəhbərinin yallı getdiyi Cıdır düzündə biz bir il də çəkmədi, Novruz tonqalı qaladıq. Yəni qarşı tərəf özü-özünü aldadıb – belə çıxır. Düşmən bizim evlərimizi dağıdıb, müqəddəs məkanlarımızı viran edib, məzarlıqlarımızın altını üstünə çevirib. Bizi Qarabağın tarixindən də, sabahından da silməyə çalışıb. Ancaq bunu bacarmayıb; çünki Qarabağı onu görüb gəlmiş nəslin yaddaşından, görə bilməmiş nəslin xəyalından silə bilməyib. Düşmənə elə gəlib ki, Azərbaycanda nəsillər dəyişdi deyə torpaq üçün savaşan olmayacaq. Yox, tam əksinə oldu; Şuşanı, sadəcə, tarix, coğrafiya dərsliyində, hərbi təlim xəritələrində görən gənc nəsil azad etdi. Gördük.

Kimdir aldanan?! Düşmənə elə gəlib ki, onun monolit cəmiyyəti, yenilməz ordusu, sarsılmaz dövləti var. Elə düşünüb ki, ən müasir silahı - bükülməz biləyi, keçilməz “Ohanyan səddi” var. Ancaq 44 gündə bunların hamısının “aldatmaca” olduğu göründü. Həm də bütün dünya gördü. Düşmən və onun arxasındakılar elə hesab etmişdi ki, Zəngəzuru Azərbaycanın kürəyinə, İlham Əliyevin öz ifadəsi ilə desək, “xəncər kimi” saplayaraq Türk dünyasını əbədi parçalayıblar. Xeyr! Bu olmadı. Dünən heç kimin ağlına gəlməzdi ki, Azərbaycanda Türkiyə modelində ordu qurulacaq, Qazaxıstan, Özbəkistan əsgəri Türk ordusu ilə birlikdə təlim keçəcək. Bunlar da oldu. Zamanında deyiləndə, “yalandır, aldadırlar” demişdik bəlkə. Və də bu son toplantıdan Türk Dövlətləri Təşkiları ("Birləşmiş Türk Dövlətləri") də çıxdı. Kim inanardı?!

O “Zirvə”sindəki o çıxışda vurğulanan, sadəcə, Ermənistanın müharibəyə səbəbkar olması, nəticədə əldə etdiklərini itirməsi gerçəkliyi deyil (ki, bu da önəmlidir). Bu çıxışda vurğulanan Azərbaycan və Türkiyə öndə - mərkəzdə olmaqla bütün Türk dünyasının, regionun, o cümlədən, elə Ermənistanın burdan qazanmaq perspektividir. Bu çıxışda keçmişin dərsini unutmadan gələcəyi birlikdə axtarmaq fikri əsasdır. Dünənki silahlı düşmənə sabahkı iqtisadi tərəfdaş kimi baxmaq düşüncəsidir. Bu “Zirvə”də kommunikasiya xətlərinin Naxçıvandan keçməklə Şərqlə Qərbi, Şimalla Cənubu, ən başlıcası, Türk dövlətlərini və topluluqlarını bir-birinə bağlayacağı perspektivindən danışıldı. Amma, təbii ki, hər zaman: “Bizi aldadırlar, o olmayacaq, bu olmayacaq” nidaları da səslənəcək. Buna da təbii və hətta müsbət baxmaq lazımdır; bəzən hakimiyyətlərin bildikləri halda mühüm səbəblərdən dilə gətirməli olmadıqları gerçəkləri müxalif ictimai-siyasi qüvvələr, azad media deyir, vətəndaş cəmiyyəti deyir. Deməlidir də. Yoxsa bizi, doğrudan da, aldadarlar. Həm də təkcə aprelin 1-də, yaxud noyabrın 10-da deyil, hər Allahın verən günü...

Bahəddin Həziyev

Bahəddin Həzi

Bizimyol.info

Paylaş »
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Videosu yayılan qazini dövlət nəzarətə götürdü - Video
››› AZAL-ın “möcüzə”si: İslandiyadan Türkiyəyə Azərbaycandan daha ucuz gedib-gəlmək olur
Son xəbərlər
Bütün xəbərlər »