Rusiyalı telejurnalist Vladimir Pozner və qonaqları Tbilisini planlaşdırılan vaxtdan tez tərk ediblər.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, V. Pozner doğum gününü qeyd etmək üçün qonaqları ilə birgə martın 31-də Tbilisiyə gedib. Onlar Gürcüstan paytaxtını aprelin 3-də tərk etməli idilər.
Amma rusiyalı telejurnalistin Gürcüstana səfəri kəskin etirazla qarşılandığından o, Tbilisini vaxtından əvvəl tərk etməli olub.
Belə ki, ictimai fəallar və müxalifət nümayəndələri jurnalistin qaldığı mehmanxana binasının qarşısında aksiya keçiriblər. Aksiya iştirakçıları bildiriblər ki, V.Pozner Gürcüstanın ərazi bütövlüyünü tanımır, etnik gürcü, abxazları təhqir edib və bu səbəbdən ölkədən çıxarılmalıdır.
Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) buna cavab olaraq bildirilib ki, rusiyalı jurnalist Vladimir Pozner ABŞ vətəndaşıdır və bundan öncə də Gürcüstana dəfələrlə səfər edib.
O da qeyd olunub ki, V.Pozner Gürcüstanın “İşğal altında olan ərazilər haqqında” qanununu pozmayıb. Telejurnalisti müşayiət edən şəxslərin də Gürcüstan ərazisinə müvafiq qaydalara əsasən daxil olduqları vurğulanıb.
Bununla belə, rusiyalı telejurnalist Vladimir Pozner və onun 31 nəfər qonağı cərimələnib.
DİN-dən buna səbəb kimi, onların Tbilisidə karantin və özünütəcrid qaydalarını pozduqları göstərilib.
Bundan sonra qonaqlar Tbilisini tərk etməli olublar.