Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Direktoru kimin himayə etdiyini hamı bilir"
"Direktoru kimin himayə etdiyini hamı bilir"

Qazax Dövlət Sosial-İqtisadi Kolleci ilə bağlı redaksiyamıza dəfələrlə şikayət daxil olub. Müraciət edən, keçmiş direktor müavini Nicat Göyüşlü iddia edir ki,  dərs dediyi müddətdə qanunsuzluqlara göz yummadığı  üçün işdən azad edildilib, dəfələrlə  Təhsil Nazirliyinə müraciət etməsinə baxmayaraq, kollecdə tələbələrin zəhərlənməsi, işə götürülmə, dərs saatlarının bölünməsində yol verilmiş qanunsuzluqlar barədə həyəcan təbili çalsa da, kimsə səsinə hay verməyib. Bu dəfə problemləri onun öz dilindən eşitməyə qərar verdik.

- Nicat müəllim, bir neçə müddətdir ki, sosial şəbəkələrdə və müxtəlif xəbər saytlarında Qazax Dövlət Sosial-İqtisadi Kolleci ilə bağlı bəzi sənədləri və iddia etdiyiniz qanunsuzluqları ictimailəşdirir, aidiyyatı qurumlardan, eyni zamanda dövlət rəhbərliyindən bu məsələyə baxmaq üçün xahişlər edirsiniz. Gəlin, əvvəlcə məsələnin kökünə varaq. Nə baş verir?

Nicat Göyüşlü Nicat Göyüşlü

- Məsələ bundan ibarətdir ki, mən Qazax Dövlət Sosial-İqtisadi Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunan gündən orada az qala hər qaldırdığım sənəddə qanunsuzluqları görüb bu cür işləməyin düzgün olmadığını, məsuliyyət yaratdığını deyib, öz işimi qanunauyğun formada quracağımı qəti şəkildə bilirdim. Bununla da fikir ayırılığı yarandı. Direktor bir neçə şəxsi ixtisası uyğun gəldi-gəlmədi müəllim kimi işə götürüb. Bu hal məndən sonra da davam etdi. Onların dərs yükü ilə təminatı məsələsi isə əməlli-başlı əngəl idi. İxtisası mövcud fənni tədris etməyə imkan verməyən adam necə müəllimlik edə bilərdi? Bunun təhsilin inkişafına ziyanlarını kənara qoyub, təkcə dövlətin pullarının bu yolla hansısa marağa görə işə götürülən şəxslərə verilməsinə diqqət çəkmək istəyirəm. Yəni mən bu məsuliyyəti üzərimə götürə bilməzdim. Bu bir neçə ilə yüz minlərlə manat vəsaitin qanunsuz işlənməsi demək idi və mənim onu geri ödəmək imkanım yoxdur. Həmin ixtisası uyğun gəlməyən müəllimlərə demişdilər ki, Nicat müəllim sizi işdən çıxarmaq istəyir. Onlar da bu haqda özümdən eşitmək üçün iş otağıma yığışdılar. Özlərinə də bildirdim ki, yeni gəldiyim üçün mənim sizinlə heç bir dərindən tanışlığım da, qərəzim də yoxdur. Yəni orada bir neçə il işləmiş olsam, haradasa əsaslandıra bilərdilər ki, qərəzli yanaşma var. Əlqərəz, onlara yanlış məlumat verildiyini dedim, əlavə də etdim ki, mənim sizi işdən çıxarmaq və ya bir başqasını işə götürmək kimi səlahiyyətim də yoxdur. Dedim ki, mən direktora sadəcə, qanunsuz bölünən dərs yükünü imzalamayacağımı bildirmişəm. Yəni ilk günlərdən direktor qanunsuz işləmək istəmədiyimə görə işçiləri üstümə qaldırmışdı, mən isə fikrimi izah edəndən sonra onlar da vəziyyəti başa düşdülər. Bu haqda xəbər saytlarından birinə yazı da yazdıranlar oldu ki, guya Prezident seçkisi öncəsi etiraz yaradılır, işçilər incidilir, amma yazı qərəzli olduğu üçün Prezident seçkisi adından məharətlə istifadə olunur və səbəblərdən bəhs edilmirdi. Uzun sözün qısası, dərs yükləri bölündü, amma ixtisası o kollecdə 1 saat belə dərs deməyə imkan verməyən onlarla şəxsin hər birinə 500 saat akademik yük verildi deyə mən əvvəlcədən elan etdiyim kimi tədris işləri üzrə direktor müavini olaraq bunu imzamla təsdiqləməkdən imtina etdim. Bu haqda elə o dövrlərdən Nazirliyə də məlumat vermişəm.

- Nazirlik nə cavab verdi və ya ümumiyyətlə tədbir görüldü?

- Mən Nazirliyə tək bu haqda deyil, bir neçə ciddi qanunsuzluq faktları ilə birgə müraciətlər etmişəm, lakin hələ də baxılmır. Ötən ilin sonlarından sosial şəbəkələr vasitəsilə, sonra da şəxsən görüşərək hazırıkı Təhsil nazirinin müşaviri Elnur Nəsibova, Vətəndaşların qəbulu və innovasiyalar şöbəsinin müdir müavini Səbuhi Rzayevə, onlardan əvvəl telefon əlaqəsi zamanı Cəsarət Valehova, Nazirliyin əməkdaşı, direktora dəstək olan sabiq baş prokurorun qardaşı qızı Gülnarə Qaralovaya, daha əvvəllər məktubla nazir müavini Firudin Qurbanova və s. detallı məlumatlar vermişəm.

- Söhbət qanunsuz dərs yükü bölgüsündən başqa hansı qanunsuz əməllərdən gedir?

- Qanunsuz dərs yükü şişirdilməsi, imtahan tələb edilən fənlərdən imtahan olunmadığı halda tələbələrin kursdan-kursa keçirilməsi, hətta sonda dövlət imtahanına buraxılıb diplom alması, 2016-cı ilə aid olan qaimədə göstərilən 2 tondan çox dizelin sinif otaqlarının qızıdırlmasına sərf edilməsi, hansı ki, 2004-cü ildən sinif otaqlarının qızdırılması üçün sobaların yandırılmasında dizel yanacağından istifadə qadağan edilib. Onu da bildirim ki, ötən tədris ilində dizel yanacağı ilə işləyən həmin sobalar az qala 7 nəfər tələbənin həyatına ciddi təhlükə yaratmışdı, onlar zəhərlənərək xəstəxanalıq olmuşdular. MeydanTV-nin jurnalistinə yaxın günlərdə açıqlama verən direktor bu faktı bir daha təsdiq etdi ki, sinif otaqlarının qızıdırılması üçün qadağan edilən dizel yanacağından istifadə ediblər. Bunlardan başqa da xeyli qanunsuzluq faktlarını bu ilin fevral ayının əvvəllərində Nazirliyin daxili nəzarət şöbəsinin əməkdaşına təqdim etmişəm.

- Nazirlik hansısa cavab verib?

- Nazir müşaviri ilə danışıqlarımızda o bildirirdi ki, tezliklə kollecə yoxlama göndəriləcək. Bir neçə müddət sonra yoxlamanın gəlmədiyini görüb ona bildirdim ki, yoxlama gəlməsə, mən məsələni geniş formada ictimailəşdirəcəm və dövlətimizin rəhbərliyinə müraciət edəcəm. Bir müddət də gözlədim, heç bir səs çıxmadığına görə həm cənab Prezidentə, həm hörmətli Birinci Vitse-Prezidentimiz Mehriban xanım Əliyevaya müraciət etdim, həm də məsələni vicdanlı, qərəzsiz jurnalistlərin, xəbər saytlarının köməyi ilə ictimailəşdirirəm. Məqsədim budur ki, məsələni həm də yeni, gənc və islahatçı nazir kimi tanınmağa başlayan cənab Emin Əmrullayevin diqqətinə çatdıra bilim. İnanıram ki, onun məsələdən vaqif olması problemin həllində əsas rol oynayacaq.

- Açıqlamalarınızda bildirmisiniz ki, sizi ərizənizi yazmağa məcbur ediblər. Heç bir qanunsuz işiniz yoxdursa, necə məcbur edə bilərdilər və ya bu haqda niyə hüquq-mühafizə orqanlarına müraciət etməmisiniz?

- Heç bir qanunsuz əməlimi tapa bilməyəndən sonra direktor özünə yaxın olan işçiləri vasitəsilə provokasiyalara başladı. Gah təhqir etdirdi, gah iclas çağırıb saxta töhmət vermək istədi və s. Bunun qarşısını bir neçə dəfə almağa nail oldum, amma bu vəziyyətdə uzun müddət işləmək çətindir, belə halların azalmaq əvəzinə daha da intensivləşməsini görüb sonda maddə ilə çıxarılmaq əvəzinə əmək kitabçamı ləkələnməkdən qorumaq üçün ərizəmi yazmağa məcbur qaldım. Hüquq-mühafizə orqanlarına məlumata gəlincə, işlədiyim dövrdə Qazax Rayon Prokurorunun qəbuluna düşüb bir neçə saatlıq görüşdə geniş məlumat vermişəm. Heç bir addım atılmadı deyə başqa şikayətə də lüzum görmədim, fikirləşdim ki, nə mənası var, onsuz da baxılmır. Ondansa ölkə rəhbərliyinə müraciəti üstün tutdum. Bir də direktoru məhkəməyə verən əyani şöbə müdiri haqqında məhkəmədə elə qərar çıxarıldı ki, onu görüb məhkəmədə udacağıma inamım qalmadı. Direktor şöbə müdirini işdən bir yanlışa görə çıxarmadığını, daha əvvəllər də işinin öhdəsindən gələ bilmədiyini göstərmək üçün ona saxta töhmət hazırlamışdı. Guya şöbə müdiri iyun ayında dərsə gəlməyən tələbəni jurnala iştirak edirmiş kimi işarələyibmiş. Bunu da guya təlim-tərbiyə işləri üzrə direktor müavini Vüqar Eyyubov bilib və direktora təqdimat yazıb, o da şöbə müdirinə töhmət verib. Halbuki o Kollecdə Vüqar Eyyubov adında təlim-tərbiyə işləri üzrə direktor müavini olmayıb, üstəlik, də iyun ayında dərs olmadığına görə tələbələr dərsə gəlmir və jurnala ya “q/b”, ya da “i/e” yazılmır. Bunu görəndən sonra məhkəmədə iştirakım nə dərəcədə uğurlu olardı? Bütün bunlara da baxmayaraq, mən Nazirliyin yuxarıda yazdığım faktlarla birgə müraciətimə cavabından sonra məhkəməyə müraciət etməyi düşünürəm.

- Bəs Nazirliyə müraciətdən hansı faydanı gözləyirsiniz?

- Əlbəttə ki, Nazirlik onun qərarlarının və dövlətin qanun-qaydalarının yerinə yetirilməsini təmin etməyən direktor barədə tədbir görmək səlahiyyətlidir, lakin bu məsələyə niyə baxılmır, hələ də maraqlıdır. Nazirlik bu məsələyə obyektiv baxılmanı təmin edərsə, inanıram ki, daha dəhşətli qanunsuzluqlar ortaya çıxar. Yuxarıda qeyd etdiklərim yalnız mənim qarşıma çıxanlardır, hələ elə qanunsuzluqlar da var ki, məlumatlıyam, amma faktla göstərə bilmirəm deyə səsləndirmirəm. Tutaq ki, Nazirlik məsələyə obyektiv yanaşmanı təmin etdi, həm qanunsuzluqlar aradan qaldırıldı, həm də mənim işimə bərpa olunmağım təmin edildi, bu, ədalətin bərpasıdır və heç nəyə ehtiyac qalmır. Yox, əgər qanunsuzluqlar təsdiqlənib səbəbkarlar barəsində tədbir görülərsə və mənim işimə bərpa məsələmə baxılmazsa, onda ədalət qismən bərpa edilmiş olur ki, geri qalan ədaləti bərpa etmək üçün çalışacam. Yəni mənim müraciətim öz təsdiqini tapır, qanunu pozanlar, dövlətin malını, mülkünü yeyənlər tapılıb cəzalanırsa, deməli, məntiqlə doğru danışdığım üzə çıxmış olur və işimə də bu səbəbdən bərpa olunmağım lazım gəlir. Ümidvaram ki, Təhsil naziri cənab Emin Əmrullayev ədalətin tam bərpası üçün bu məsələnin obyektiv araşdırılmasına və qiymətləndirilməsinə öz töhfəsini verəcək. Hələlik isə onun bu məsələdən lazımınca xəbər tutmadığını düşünürəm. Fikrimcə, Nazirliyin içində bəzi şəxslər direktorun bu qanunsuzluqlarını pərdələyə bilirlər və problemin cənab Nazirə doğru formada çatmasının qarşısını hələ ki, ala bilirlər.

Onu da qeyd edim ki, direktor Elşad Quluyevə Təhsil Nazirliyindən dəstək verən şəxsin sabiq baş prokurorun qardaşı qızı Gülnarə Qaralova olduğunu bilməyən az adam olar.

- Qazax Rayon İcra Hakimiyyətinin Kollec barədə mövqeyi nədən ibarətdir?

- Sizcə, bəlli deyil? Bu qədər qanunsuzluq faktı paylaşmışam, Elşad Quluyevin mövcud qayda və qanunları necə görməzdən gəldiyini sübut edən çoxlu sayda açıqlamalar vermişəm, amma hələ də rayonda fəaliyyət göstərən bir idarədə belə özbaşınalıqları törədənlərin barəsində ən xırda belə araşdırma tapşırığı verilməyib. Mən özüm işlədiyim dövrlərdən də bilirəm ki, Rəcəb Babaşov rayonda baş verən ən xırda sayılacaq hadisələrdən belə xəbərdar ola bilən İcra başçısıdır. 1000 nəfərdən çox adamı bağlayan, rayon üçün böyük müəssisələrdən biri olan Kollecdə rəhbər şəxslərlə bağlı səslənən fikirlərə İcra Hakimiyyətinin israrla susması sizcə də qəribə deyilmi? Tutaq ki, təhsil müəssisələri Təhsil Nazirliyinə tabe olduğu üçün tədrislə bağlı məsələlərə qarışmırlar, bəs işəgötürmədə yol verilən qanunsuzluqlar, yaranan etirazlar, ölkə gündəminə çevrilən tələbələrin zəhərlənməsində heç kimin cəza almaması (hansı ki, sinif otaqlarının qızdırılması üçün qadağan edilən dizel yanacağından istifadə edilib), yeyintilər və s. niyə görməzdən gəlinib ki, direktor hələ də işinin başındadır? Sizin vasitənizlə bir də buradan rayonumuzun başçısına müraciət edirəm: Qazax Dövlət Sosial-İqtisadi Kolleci qanunsuzluqlar yuvasıdır. Faktları da təqdim edə bilərəm, yetər ki, istəyin.

P.S. Qeyd edək ki, məsələ ilə bağlı nazirliyin əməkdaşı Gülnarə Qaralovanın fikrini öyrənmək istədik. Gülnarə Qaralova bildirdi ki, Nicat Göyüşlünün müraciətlərinə baxılıb, bütün faktlar araşdırılıb, lazımi cavab verilib və ona aldığı cavablardan narazıdırsa, qanunsuzluq faktları ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə olunub.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »