Bu fikirləri Bizimyol.info-ya Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü səsləndirib.

Onun sözlərinə görə, Azərbaycanla problemləri tam olaraq başa çatdırmağa, 1970-80-ci illər sərhədlərinə qayıtmağa cəhd edən baş nazir Türkiyə ilə də normal münasibətlər qurmağa həvəsli görünür.
“Paşinyanın bu fikirlərində nə dərəcədə səmimi olduğunu, axıra qədər davam edib-etməyəcəyini söyləmək çətindir. Amma ən azı bu cəhdləri etdiyi aşkardır. Bütün bunlar əlbəttə ki, Ermənistandakı radikal dairələri, “Böyük Ermənistan” xəstəliyinə tutulmuş qrupları qane etmir. Onlar Paşinayana qarşı birləşərək mübarizə aparmağa, onu devirməyə çalışırlar. Amma burada maraqlı bir məqam ortaya çıxır. Daşnaksütyun Partiyasının liderlərindən olan Armen Rüstəmyan bugünlərdə Qarabağ canisi olan Robert Köçəryanın ətrafında birləşəcəklərini elan edib. Halbuki birləşmiş müxalifətin namizədi kimi Vazgen Manukyan irəli sürülmüşdü. Belə davam edərsə, daha yeni-yeni namizədlər ortaya çıxarsa, zəif müxalifət parçalanacaq və daha da zəif duruma düşəcək. Birləşmiş şəkildə Paşinyanla bacara bilməyən müxalifətin parçalanmış durumunda ümumiyyətlə, nəticə əldə etməsi inandırıcı deyil. Hələ onu demirəm ki, digər cani Serj Sərkisyan, qoca siyasətçi Levon Ter-Petrosyan da iddalarını elan etsələr, parçalanma daha da dərinləşəcək. Bu isə əlbəttə ki, Paşinyana sərf edir.
Bu və digər proseslər göstərir ki, seçki məsələsində ən çox Paşinyan maraqlıdır. Müxalifət gücünün zəif olmasına görə baş naziri seçkisiz, mitinqlərlə, müxtəlif növ etirazlarla devirmək istəyirdi. Onlar Paşinyanı devirdikdən sonra öz aralarında seçki keçirməyi planlaşdırırdılar. Mitinqlərlə buna nail olmadıqda ordunu oyuna qatdılar. Paşinyan isə ordunun bəyanatından dərhal sonra xalqı küçələrə tökməklə qarşı tərəfin çevriliş istəyinin qarşısını aldı. Müxalifətin artıq seçkiyə getməkdən, seçkiylə qalib gəlməkdən başqa çarəsi qalmayıb. Ermənistanın böyük əksəriyyəti Köçəryan və Sərkisyanın siyasətindən narazı olduqları, qonşularla problemlərin onlara fayda gətirmədiyini anladıqlarına görə həm də Paşinyana üstünlük verməkdədirlər. Baş nazirin əlindəki dövlət resurslarının mövcudluğunu da nəzərə alacaq yaydakı seçkilərdə onun qalib gəlmə şansını yüksək qiymətləndirmək mümkündür. Əgər hansısa fors-major hal baş verməsə, Paşinyan növbədənkənar seçkilərdə qalib gələ biləcək”,- deyə Mübariz Göyüşlü qeyd edib.
İlhamə Rəsulova