Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Peyvənd müharibəsi”ndə Azərbaycan
Peyvənd - Həkim iynə

İkinci Qarabağ Müharibəsindən yaddaşımıza hopan dəhşətli və ibrətamiz epizodlar çox oldu. Onlardan ikisini xüsusi olaraq vurğulamaq istəyirik. 10 noyabrda imzalanmış üçtərəfli bəyanatdan sonra Ermənistan Silahlı Qüvvələrininn bölmələri, eləcə də, 27-30 illik müddətdə işğal altında qalmış ərazilərə süni olaraq yerləşdirilmiş erməni mülki əhali Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılmalı idi.

Şərti olaraq “mülki” adlandıracağımız erməni məskunları (ki, onlar da əslində işğalın və ekspansiyanın bir parçası idilər – hara, kimin torpağına və niyə gəldiklərini yaxşı bilirdilər) Azərbaycandan çıxıb gedərkən əllərinə nə keçdisə, nəyi aparmağı bacardılarsa, özləri ilə götürüb gedirdilər. Hətta illərlə yaşadıqları evlərini belə yandırıb getdilər ki, Azərbaycanlılara qalmasın. Ancaq onların öz xəstə, qoca yaxınlarını, ən dəhşətlisi, körpə uşağı qoyub getmələri faktı idi. Təsəvvür edin, ata 1-2 yaşlı körpə uşağını tərk etdiyi dağ kəndində kimsəsiz, ac-susuz qoyub gedir. Bu, bizim düşmənimizi xarakterizə edən ştrixdir; unitazı öz keçmiş evindən söküb aparır, ancaq doğma, körpə, köməksiz övladını öz gələcək həyatından söküb atır. Faktik ölümə tərk edir. O başqa məsələdir ki, Azərbaycan əsgəri, dövləti hətta düşmənin belə atılmış kimsəsizlərinə sahib çıxdı.

Bəlkə də bu sizə qəribə gələcək. Ancaq koronavirusun cənginə aldığı bizim dünyada gedən indiki “peyvənd müharibəsi”ni izləyərkən o dəhşətli insanlıqdışı epizodları xatırladıq. Dünyanın böyük dövlətləri – Planetin resurslarının böyük əksəriyyətinə nəzarət və ya sahiblik edən varlı azlıq bəşəriyyətin tam əksəriyyətini faktik ölümə tərk edir. Düşünürük ki, elə əvvəlcə dünyaya ədalətsizlik əleyhinə peyvənd vurmaq lazımdır. Çünki inkişaf etmiş nəhənglər inkişafda olan və ya geri qalan ölkələrə qarşı indiyədək etdikləri ədalətsizliklər seriyasına daha birini – peyvəndlərin bölgüsündəki ədalətsizliyi əlavə edir. Bütün dünyada 500 milyon doza peyvənd istehsal olunub ki, bunun da dörddə üçü bölgüdə 5 ölkəyə verilib. Yer kürəsində 200-ə yaxın ölkə var. Ancaq onun yalnız 5-i peyvəndlərin dörddə üçünə sahib olur. Yəni böyük dövlətlər kiçik cəmiyyətləri faktik kütləvi ölümə tərk edir.

İndiyədək bu dəhşətli virus dünyada 2,7 milyon can alıb. Və zaman-zaman yeni mutasiyalarla, daha da sürətlə yayılmaqdadır. Buna qarşı ən etibarlı müdafiə kimi peyvəndləmə düşünülüb, ancaq burda da, dediyimiz kimi, bölgü tənasübü kökündən yanlış, qəddar və hamı üçün qorxuncdur.

Məşhur tibb jurnalı Azərbaycanın Çindən aldığı vaksini müsbət qiymətləndirdi

Əlbəttə, adamın ağlına böyük Sabirin: “Mən salim olum, cümlə-cahan batsa da, batsın” misrasındakı kədərli ironiya gəlir. Ancaq məsələ də ondadır ki, batmaqda olan bu cümlə-cahanda böyük, varlı ölkələr yalnız özlərini peyvəndləməklə salim ola bilməyəcəklər. Bundan da daha qorxulusu, ya bu gerçəyi anlamamaqları, ya da anlamaq istəməməkləridir. Axı bu virus, deyək ki, bir il-ilyarım əvvəl yalnız bir ölkədəydi, sonra bütün ölkələrə yayıldı. Və əgər nəhənglər özünü peyvəndləyib bu bəladan qurtulacağını düşünürsə, onlar çox nəhəng səhvə yol verirlər. Bu illəti konkret bir ölkənin, yaxud ölkələrin sərhədlərinə qapadıb saxlamaq sona qədər mümkün olmur. Bu acı, qorxuducu və düşündürücü mənzərəyə baxaq: inkişaf etmiş ölkələrin əhalisinin bütün cəmi dünya əhalisinin 14 faizidir. Ancaq varlı ölkələr “Moderna” peyvəndinin 98 faizini, “Pfizer” peyvəndinin 96 fazini sifariş edib. Düşünün, dünyanın 50 ölkəsində peyvəndləmə gedir, ancaq bunların da 75 faizi zəngin ölkələrdir.

Bir il əvvəl varlı dövlətlər tibbi maskaları hamıdan və bir-birindən oğurlayıb qamarlamağa çalışdığı kimi, indi də eyni davranışı peyvəndlə də bağlı sərgiləyirlər. Bir il əvvəlki kimi yenə də Çin Üçüncü Dünya Müharibəsinin yeni fazasının qalibidir. Qismən də Rusiya (öz peyvəndini istehsal edərək). Qocaman Avropa, eləcə də, başqa qlobal güclər sanki dünyanın qalan bütün cəmiyyətlərini özləri də bilərək, ya bilməyərək əsasən Çinin, qismən Rusiyanın yanına qovur. Azərbaycanın simasında da bunu aydın görmək olar. Koronavirus yayılmağa başlayandan Azərbaycan bu illətlə qlobal miqyasda savaşa 40 milyon dollar məbləğində dəstəyini göstərib. Hətta ölkənin öz içərisində Azərbaycan hökuməti tənqidə də məruz qaldı, ancaq yenə o addımı atdı. Sonrakı mərhələdə - peyvəndləmə prosesi başlayarkən Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq BMT İnsan Hüquqları Şurasının sessiyasının çağırılmasına təşəbbüs etdi və peyvəndlərin münasib qiymətə olmasını, ədalətli bölünməsini və əlçatanlığını təmin etmək barədə qətnamə çıxarılmasına nail oldu. Və başqa bir çox belə addımlar da atıldı; qlobal mübarizəyə qatqısına görə Azərbaycan öncül ölkələrdən biri oldu. Ancaq indi bütün bunlara rəğmən Azərbaycana vəd olunan peyvəndlər ona verilmir. “AstraZeneca” peyvəndi çoxdan gəlməli idi, gəlməyib. “Pfizer” və “Moderna” da həmçinin. Qərb istehsalçıları COVAKS proqramı çərçivəsində bu peyvəndlərin tarazlı təminatını həll etməliydilər, ancaq Azərbaycan gözləyə-gözləyə qalıb. Gürcüstan isə artıq çoxdan “Pfizer”i alıb. Yəni dünyanın 30 ölkəsinə humanitar antikorona yardımı etmiş Azərbaycana sifariş etdiyi peyvəndlər verilmir, gecikdirilir, ancaq bütün bunları etməmiş başqalarına verilir. Bəli, Gürcüstana da verilsin, lap elə Ermənistana da. Ancaq Azərbaycana qarşı bu peyvənd haqsızlığı da edilməsin. Ki, Azərbaycan Çindən, eləcə də, Rusiyadan daha çox peyvənd sifariş etməli olmasın (əgər “demokratik” saydığımız Qərb Azərbaycanı totalitar adlandırdığı Çinə, avtoritar dediyi Rusyaya qəsdən yönləndirmirsə). Sonra da aşkar-gizli eyhamlar vurulacaq ki, Azərbaycan niyə Çinə, Rusiyaya doğru yönəldi. Qərbin böyük gücləri bir yandan Çinə, Rusiyaya qarşı sanksiyalar qoyaraq başqa dövlətləri, şirkətləri Pekinlə, Moskva ilə tərəfdaşlıqdan çəkindirməyə çalışırlar, o biri yandan da həmin “kiçik” dövlətləri öz ədalətsiz yanaşmaları ilə özlərindən uzaqlaşdırırlar. Hətta ən insani məqamlarda belə. Bunu anlamaq çox çətindir.

Bahəddin Həziyev Bahəddin Həzi
Paylaş »
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Videosu yayılan qazini dövlət nəzarətə götürdü - Video
››› AZAL-ın “möcüzə”si: İslandiyadan Türkiyəyə Azərbaycandan daha ucuz gedib-gəlmək olur
Son xəbərlər
Bütün xəbərlər »