Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan - Azərbaycan münasibətlərində sürpriz gəlişmələr...
Anar Əliyev

Bu gün Ermənistanda erməni hərbi çağırışçıların "Artsax" (Qarabağ) ərazisinə göndərilməyəcəyi ilə bağlı rəsmi açıqlama əsas müzakirə mövzularından birinə çevrilib.

Yayılan məlumata görə, "Artsax"ın təhlükəsizliyi Rusiya sülhməramlıları, yerli ermənilərdən yaradılacaq "ordu" və Ermənistandan olacaq könüllülər hesabına təmin olunacaq.

Bu nə deməkdir?

1. Ermənistanda cəmiyyəti yaxın zamanlarda atılacaq bir neçə ciddi addımlara hazırlama prosesinə start verilib:

- Qarabağı Azərbaycan ərazisi kimi tanıyacaq addım-Azərbaycanla sülh müqaviləsinin imzalanması (bu addım Azərbaycanın ərazi bütövlüyünün tanınması deməkdir);

- Türkiyə ilə qarşılıqlı siyasi-diplomatik, iqtisadi-kommunikasiya əlaqələrinin qurulması (Türkiyəyə qarşı ərazi iddialarından imtina edilməsi);

- Azərbaycanla iqtisadi əlaqələrin, komunikasiya xətlərinin açılması (Rusiyadan qazın Azərbaycan vasitəsilə Ermənistana göndərilməsi sınaq testi kimi qəbul edilə bilər).

2. Qarabağ ərazisində yaşayan ermənilərə açıq mətnlə sizin təhlükəsizliyiniz və təminatınızın Ermənistan tərəfindən təmin olunması artıq mümkün deyil, bununla barışmaq məcburiyyətindəyik, siz də taleyinizlə barışın;

3. Ermənistan hərbi çağırışçısı məcburi şəkildə deyil, yalnız könüllülük əsasında Qarabağda xidmət keçə bilər. Bu fikrin əsas hədəfləri nədir?

- gənclər və əsgər valideynləri Paşinyanın elektoratına çevriləcək;

- Paşinyanın rəqiblərindən fərqli olaraq, barışdırıcı, inkişaf, inteqrasiya tərəfdarı obrazı daha da güclənək.

Zatən,

- artıq ermənistanlı gənci zəncirlə də Qarabağa bağlasan qalmaz, zənciri qırıb qaçacaq;

- Qarabağlı dönmə erməniyə görə heç kim Azərbaycan əsgəri ilə üz-üzə gəlmək istəmir və gəlməyəcək.

4. "Artsax"ı unutmamışıq, sülhməramlılardan təminat alınıb və yerli ermənilərdən "ordu" təşkil olunacaq:

- əvvəla, Qarabağa deyilənlərin əksinə, 40, 50 min yox, təxminən 10, 12 min erməni qaytarılıb (sosial şəbəkələrin erməni seqmenti). Onların da təxminən yarısı aldadıldığını başa düşüb, heç bir təhlükəsizlik, sosial və kommunal təminatı olmadığını görüb geri, Ermənistana qayıdıb;

- ikincisi, 7, yaxud 8 min erməni özünə ordu qurmalı olacaq, həm də Vətən müharibəsində bunkerdən başını çıxara bilməyən Arutunyan, yaxud Balasanyanın rəhbərliyi altında (etiraf edək ki, kifayət qədər komik ssenaridir);

- sülhməramlılarla isə, kiminsə razılaşmasına ehtiyac yoxdur. Zatən, 10 noyabr bəyanatında qarant rolunda sülhməramlıların çıxış edəcəyi qeyd olunub və təhlükəsizliyin, sülhün təmini funksiyalara daxildir. Azərbaycan buna razılıq verib.

5. Rusiyaya qarşı açıq müharibənin elan olunması, paralel olaraq çoxsaylı və çoxistiqamətli sanksiyaların işə düşməsi, eyni zamanda Rusiyanı müxtəlif bölgələrdə (Suriya, Ukrayna, Moldova, Qafqaz) müharibəyə-bataqlığa çəkilməyə cəhdlərin artdığı bir vaxtda bu ölkə hava-su kimi ehtiyac duyduğu Türkiyə və Azərbaycanla münasibətlərin pozulmasına risk etməyəcək.

Beləliklə,

- Ağıllı, səbrli və ardıcıl siyasət nəticəsində Azərbaycan çox uğurla və sürətlə məqsədlərinə doğru irəliləyir;

- Ermənistanda mövcud hakimiyyət Azərbaycanın maraqlarına zidd və Azərbaycanın istəyindən kənar addım atmır, sadəcə, ata bilmir;

- Qarabağda insanların (azərbaycanlı, yaxud erməni icması, fərq etməz) təhlükəsizliyinin ünvanı hər keçən gün daha da netləşir - Azərbaycan;

- Mövcud reallıqları, geosiyasi və geoiqtisadi vəziyyəti düzgün qiymətləndirən mövcud hakimiyyət Ermənistanın və erməni xalqının xilasının yalnız Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərindən asılı olduğunu, Qarabağın bu yolda böyük problem və Ermənistan üçün yük olduğunu dərk edir və addımlarını bu gerçəkləri nəzərə alaraq atmağa çalışır;

Hələ fevralın 25-də dərc edilən yazımda (yazının linki şərh bölümündə) qeyd edirdim ki, Paşinyan "İsgəndər" raketləri ilə bağlı fikirləri məqsədli şəkildə işlədib, nəbz yoxlanışı edir, tezliklə maraqlı addımların atılacağına şahidlik edəciyik. Növbədənkənar seçkilər, Qarabağdan imtina, Azərbaycan və Türkiyə ilə qarşılıqlı əlaqələr və s.

Proqnozlar:

- yaxın aylarda Qarabağ ərazisində qalmış Ermənistan ordusunun qalıqları tam şəkildə ərazilərimizdən çıxarılacaq;

- Ermənistan siyasi hakimiyyətinin rəqibləri, xüsusilə, hərbi müxalifət Paşinyan planının icrasına mane olmaq üçün müəyyən cəhdlər (Qarabağ ərazisində lokal toqquşmalar, terror addımları və s. Lakin, rəsmi Bakının 10 noyabrdan sonra Azərbaycan ərazilərində ələ keçirilmiş erməni terrorçularına yönəlik sərt və konkret mövqeyi bu addımlarda erməni tərəfini çəkindirəcək zəruri fon yaradır) edə bilərlər;

- Qarabağ ərazində yaşayan ermənilərin kommunal xidmətləri tezliklə Azərbaycan tərəfdən təmin olunacaq, Ermənistan tam imtinaya hazırlaşır;

- Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulması və bu əlaqələrin Ermənistana gətirəcəyi dividentlər vədilə seçkilərə gedən Paşinyan qələbə əldə edəcək (mümkündür ki, Rusiyanın müdaxiləsi ilə Paşunyana təkbaşına hökümət qurmaq şansı verilməsin, amma, bütün halda, Paşinyanın rəqiblərinə qalib gələcəyi ehtimalı çox yüksəkdir);

- parlament seçkilərində üstünlük qazanan Psşinyan hakimiyyəti Ermənistanın rəsmi siyasətində 10 noyabr və 11 yanvar razılaşmalarından irəli gələn əhəmiyyətli dəyişiklərə gedəcək;

- Azərbaycan və Türkiyə ilə siyasi-iqtisadi əlaqələr qurulması üçün zəruri altyapı hazırlanacaq - Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından rəsmən imtina olunacaq;

- Yaxın vaxtlarda Zəngəzur ərazisindən keçməklə Naxçıvana gedəcək dəmiryol və avtomobil yolunun təməli atılacaq;

- Azərbaycanın təşəbbüsü və rəhbərliyi altında bölgədə böyük layihələr həyata keçiriləcək ki, bu da inkişaf etməyə başlayan Ermənistan iqtisadiyyatını tamamilə Azərbaycandan asılı hala gətirəcək.

Anar Əliyev,

Tarix üzrə fəlsəfə doktoru, politoloq

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »