Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qapanmadan danışana qədər nəqliyyatı qaydaya salsınlar”
“Qapanmadan danışana qədər nəqliyyatı qaydaya salsınlar”

Martın 19-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi gözlənilir.

Bu barədə Report-a tibb sahəsində olan mənbələrdən məlumat verilib. Brifinqdə qəbul edilmiş sərt qərarlar barədə açıqlama veriləcəyi ehtimal edilir. Buna səbəb kimi isə Azərbaycanda koronavirusun yeni növü olan Britaniya ştammının tapılması ehtimalı qeyd olunur. Qeyd edək ki, sərt qapanma zərurətinin məhz bayram ərəfəsinə təsadüf etməsi cəmiyyətdə birmənalı qarşılanmır, narazılığa səbəb olur.

Tibb Universitetinin müəllimi Fuad İslamzadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bizdə hələ Britaniya ştammı tapılmayıb.

Fuad İslamzadə Fuad İslamzadə

“Amma bu o demək deyil ki, tapılmayacaq. Çünki bu dəqiqə dünyada hər yerə gediş gəliş var və bu ştamm çox sürətlə yayılır. Ola bilər ki, bir müddət sonra bizdə də yayılsın. Ona görə də həmin üsullarla profilaktika aparılmalıdır.

Həm hökümət təşkilatları, həm insanlar tərəfindən deyilən tövsiyələrə əməl olunsaydı, çox böyük qapanmaya ehtiyac qalmazdı. Bütün günahı səhiyyə sisteminin üzərinə atırlar. Qapanmadan danışana qədər nəqliyyatı qaydaya salmaq lazım idi. Birinci növbədə insanlar özləri dərk etməlidir ki, profilaktika lazımdır.

Qapanmaya gedəcəklər ya yox - o da sual altındadır. Bu gün yəqin ki, Operativ Qərargah vaxtı elan edəcək”.

Qeyd edək ki, koronavirusun Britaniya ştammı daha təhlükəli, sürətlə yayılan, ağır keçirilən sayılır. Avropada bir çox ölkələr üçüncü dəfə qapanmaya məhz Britaniya ştammının yayılması səbəb olub.

Koronavirusun “Britaniya” ştammı adlanan yeni növü ilk dəfə 2020-ci ilin sentyabrında Kent qraflığında müəyyən olunub. Qısa zaman ərzində yeni ştamm sürətlə yayılaraq Britaniyanın bütün ərazilərində aşkarlanıb.

Bu virus əsasən öskürək, güclü yorğunluq, boğaz və əzələ ağrıları kimi simptomlarla xarakterizə olunur. Bununla yanaşı, Böyük Britaniyanın Milli Statistika Xidməti müəyyənləşdirib ki, yeni ştamda iybilmə qabiliyyətinin itirilməsi “Çin” variantına nisbətən özünü daha zəif büruzə verir. Təşkilat İngiltərədə COVID-19-a tutulmuş 6 min təsadüfi sakindən götürülən məlumatlar əsasında bu nəticəyə gəlib. Yoluxanların çoxunda bu üç simptomdan ən azı biri aşkarlanıb.

Tədqiqatlar zamanı 2020-ci il noyabrın ortalarından 2021-ci il yanvarın ortalarınadək xəstələnən insanlardan götürülən analizlərin nəticələri nəzərə alınıb. Yeni ştamma yoluxmuş 3,5 min nəfərlik qrupda 35 faiz öskürəkdən, 32 faiz yorğunluqdan, 25 faiz əzələ və ümumən bədəndəki, 21,8 faiz isə boğazdakı ağrılardan şikayətlənib.Müəyyənləşdirilib ki, xəstələrin 16 faizində dadbilmə, 15 faizində isə iybilmə qabiliyyəti itib. Baş ağrısı, tənəffüs, ishal və qusma ilə bağlı məlumatlar eyni olub.

İngiltərədə aparılan son elmi tədqiqatda isə göstərilir ki, virusun mutasiyaya uğramış formasının yoluxdurma əmsalı SARS-CoV-2-in yoluxdurma əmsalından minimum 35 faiz daha böyükdür. Eyni zamanda mutasiya olunmuş viruslu xəstənin ətrafındakıları yoluxdurma faizi 15 faizdir.

Ümumdünya Səhiyyə Təşkilatının həftəlik epidemioloji bülletenində qeyd olunur ki, keçən həftə virusun müxtəlif variantları barədə məlumat verən ölkələrin sayı artmaqda davam edib. VOC 202012/01 koronavirusundan başqa, ilk dəfə Cənubi Afrikada aşkar olunmuş 501Y.V2 ştammının coğrafiyası da genişlənərək (daha 6 ölkə) 64 ölkəyə çatıb. Əvvəlcə Braziliya və Yaponiyada təsbit edilən P.1 ştammı da daha 6 ölkədə aşkar edilib və indi bu mutant növü 38 ölkədə dolaşmaqdadır.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »