Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zamanın... cinayətə görə qüvvəsi
Bahəddin Həziyev

General Rövşən Əkbərovu 20 il qabaq törədilmiş bir cinayətə görə tutdular.

Deməli, nə yaxşılıqlar unudulur, nə də pisliklər. Bu xəbəri oxuyanda: "Bəs mənə qarşı törədilmiş cinayətin üstü nə zaman açılacaq?" deyə özümə sual verdim. Bu sualı uzun illər Baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, milli təhlükəsizlik naziri Eldar Mahmudova yazılı müraciətlərimdə dəfələrlə vermişdim. Ancaq həmişə standart cavab almışdım: istintaq gedir. İndi o generalların heç biri həmin vəzifələrində deyillər. Bu gün eyni sualla hazırda o postları tutan generallara - Kamran Əliyevə, Vilayət Eyvazova, eləcə də, ləğv edilmiş MTN-nin yerində yaradılmış Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə müraciət edirəm. Bəlkə də "cinayətin zamana görə qüvvəsi" əsas gətiriləcək. Bəlkədə, əksinə, Zamanın cinayətə qüvvəsi üstün gələcək. Bilmirəm, necə olacaq.

Mənə qarşı ölümə sui-qəsdin törədilməsinin mayda 15 ili tamam olur. Bu cinayətin "yubiley"inə qədər mənim üçün ən böyük hədiyyə cinayətkarların tapılıb tutulması olardı. Rövşən Əkbərov 20 il qabaq törətməkdə şübhəli bilindiyi cinayətə görə həbs edildiyi, ədalət gec də olsa, yerini tutduğu kimi, mənim həyatıma qəsd edənlərin də barəsində belə həbslər gözləyirəm. Düzdür, mənə qarşı cinayətdə adı hallananlardan bəziləri artıq başqa ittihamlarla həbs olundular. Ancaq konkret olaraq bu cinayətə görə tutulan olmadı. Ümid edirəm, sifarişçilər və salamat qalıblarsa, icraçılar nə zamansa Rövşən Əkbərov kimi gec də olsa, qandallanacaq. Doğrudur, Rövşən Əkbərovu Kiyevdə iş adamı Elçin Əliyevin qətlinə görə saxlayıblar, amma tamam başqa - daha ağır cinayətlərə görə tutacaqlar. Mən insanların nə ədalətinə, nə də mərhəmətinə sonadək bel bağlaya bilmirəm. Ona inanıram ki, İlahi ədalət var və gec-tez yerini tapır. Rövşən Cavadov başda olmaqla Qarabağda can qoymuş keçmiş "OMON"çulara qarşı əməliyyat da jurnalist yaddaşımın önəmli bir hissəsini tutur. Rövşən Cavadovun qətlinə görə Milli Qəhrəman olanların bir çoxu (bəlkə də hamısı) sonradan bir-birinin ardınca milli xain çıxdılar. Ya da elə əvvəldən eləydilər. Mən Rövşən Cavadovu ideallaşdırmıram; hər kəsin bəlli ölçüdə qüsuru olub, var (Hərçənd Rövşən Cavadov Qarabağda, Gəncəbasarda gerçəkdən qəhrəmanlıqlar göstərmişdi və gerçək milli qəhrəmanı qətl edənin yalandan da olsa "milli qəhrəman" adlanmasında da, bəlkə hansısa "məntiq" var). Ancaq məsələ tək bunda da deyil, məsələ haqsız yerə tökülən qanın bir gün dönüb-dolaşıb qatilin özünü boğması gerçəyindədir. Tarixin zibil qutusu tökdüyü nahaq qanların içində boğulmuş tiranlarla, zalımlarla doludur. Şahidi olduğumuz və olacağımız cəzalandırmalar da bu qəbildəndir.

Başqa sözlə, daha əvvəl yazdığım kimi, deyəsən Zamanın cinayətə görə qüvvəsi qalib gəlir. Bəlkə əvvəlki konkret zamanların reallıqları bir qatilin böyük ordu birliyinə komandanlıq etməsini, sürətli karyera yüksəlişini diqtə etmişdi. Ancaq dövlətə hər zaman istədiyin hər şeyi diqtə etmək mümkün deyil; bu fikrə düşənlər bir gün Rövşən Əkbərov kimi "qəhrəmancasına" məğlub olur.

Bahəddin Həziyev

Paylaş »
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› AZAL-ın “möcüzə”si: İslandiyadan Türkiyəyə Azərbaycandan daha ucuz gedib-gəlmək olur
Son xəbərlər
Bütün xəbərlər »