Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə və Rusiya yenidən “bacanaq” oldu: Yeni mərhələ Azərbaycana nə vəd edir...
Türkiyə və Rusiya yenidən “bacanaq” oldu: Yeni mərhələ Azərbaycana nə vəd edir...

Ötən il Türkiyədə ilk Atom Elektrik Stansiyasının (AES) təməli qoyulub. Mersin əyalətinin Akkuyu bölgəsində inşa olunacaq AES Rusiya tərəfindən tikilir və hüquqi olaraq da Rusiyanın əmlakı hesab olunacaq. Hazırda dünyanın 31 dövlətində 192 Atom Elektrik Stansiyası fəaliyyət göstərir. 16 ölkədə isə 55 AES tikilir. Pakistan, Qazaxıstan və İrandan sonra Türkiyə AES-ə malik olacaq 4-cü müsəlman dövlətidir. AES-lər nüvə silahı yaratmaq istəyən bəzi ölkələr üçün başlanğıc mərhələ rolunu oynayır. Bu baxımdan, Akkuyu AES-in istismara verilməsindən sonra Türkiyənin bu məsələyə xüsusi maraq göstərəcəyi aydındır. Yaxın gələcəkdə Akkuyudan dünyanın yeni nüvə dövləti də çıxa bilər.

Rusiya prezidenti Vladimir Putin “Akkuyu” AES-in 3-cü blokunun təməlqoyma mərasimində iştirak etmək üçün Türkiyədə olub və hər iki dövlətin liderləri dünyaya birlik mesajları veriblər.

Politoloq Eldar Namazov Bizimyol.info-ya verdiyi açıqlama ilə Rusiya-Türkiyə münasibətlərində maraqlı məqamlara toxunub.

“Öncə onu qeyd edim ki, Rusiyanın türk dünyası ilə münasibətləri bu günə kimi 3 mərhələdən keçib.

Birinci mərhələdə tarazlıq modeli idi. Heç kim bir-birinə hegemonluq eləmirdi. Rus knyazları türk xanları ilə qohumluq edir, qız alıb, qız verirdilər. Hətta ruslar türkləri onların öz dilləri ilə “bacanaq” adlandırırdılar. Tarixə “peçeneq” kimi yazılmış türklər bu adı məhz belə almışdılar. Söz yox ki, kiçik lokal toqquşmalar olurdu. Ümumilikdə rus-türk münasibətləri taraz şəkildə idarə edilirdi. Ruslar və türklər eyni mövqedə dayanıb başqalarına qarşı savaşa da gedirdilər. Sovet dönəmində bu barədə danışmaq qadağan olunmuşdu.

İkinci mərhələdə türklər gücləndi və bölgədə hegemonluq türk xanlarının əlinə keçdi. Türklər rus knyazlarına “yarlık” deyirdilər, hətta böyük Alaeksandr Nevski belə idarəçilik üçün icazəni türk xanlarından alırdı. Üçüncü mərhələdə Moskva knayzlığı böyüdü, öncə çar Rusiyası, daha sonra Rusiya İmperiyası yarandı və Rusiya hegemenonluğa başladı. Və biz indi görürük ki, Rusiya Türkiyə münasibətlərində üçüncü mərhələ başa çatıb, yeni dövrə qədəm qoyulur.

Ümumiyyətlə, dünyada güclər balansı dəyişməyə başlayıb. Türkiyə yeni bir güclə dünyaya öz sözünü deməyə başlayıb. İndi Rusiyanın və türk dünyasının qarşısında yeni seçim qoyulub. Putin də bunu dilə gətirdi - necə ki, Almaniya və Fransa yüzillik müharibələri unudub, gücləri birləşdirdilər və yeni bir Avropa qurdular, Türkiyə ilə Rusiya da bunu edə bilər. Bu fikirdən belə çıxır ki, hər iki tərəf yenidən o tarazlıq modelinin yaranması arzusundadır. Amma buna narazılıq edən yerli və xarici qüvvələr çoxdur”,- deyə politoloq bildirib.

Yeni dünya düzənindən danışan Eldar Namazov bildirib ki, indi beynəlxalq aləmdə güclər balansında keçid dövrü yaşanır.

Eldar Namazov Eldar Namazov

“Köhnə düzən dağılır, yeni koalisiyalar isə tam bərkiməyib. Bu keçid dövrü ərzində təkcə Türkiyə yox, bütün dövlətlər özlərinə yeni aliyanslar, koalisiyalar axtarırılar. Türkiyə baxır daha kimlə əməkdaşlıq edə bilər. Türkiyə Suriyada öz əməkdaşı ABŞ-la toqquşdu - PKK-ya dəstək verdiyi üçün. Eyni zamanda Rusiyanın müttəfiqi Bəşər Əsədlə toqquşdu, amma Rusiya ilə ortaq dil tapa bildilər. Liviyada Fransa ilə toqquşdu, Rusiya ilə də maraqları kəsişdi, amma yenə dil tapa bildilər. Qarabağ məsələsində də razılığa gəlməyə çalışırlar. Bu kimi problemlər bütün dövlət və alyanslarda mövcuddur. Əsas sual budur ki, liderlər onu həll etməyi bacarırlarmı? Rusiya və Türkiyə liderləri hər ikisi ən böhranlı vəziyyətdə belə masaya oturmağı, danışmağı bacarırlar. Akkuyuya gəlincə, bu çox maraqlı bir layihədir. Türkiyə ərazisində AES tikilir, lakin sahibi Rusiyadır. Rusiya orada onillərlə qalacaq və tökdüyü 20 milyardı çıxarmaq üçün Türkiyə ondan elektrik enerjisi almalıdır. Düzdür, fiksə edilmiş qiymətlərlə alacaq, amma nə zamansa AES artıq Türkiyənin idarəçiliyinə veriləndə o çox ucuz qiymətə türklərin əlinə keçmiş olacaq. İndi hər iki tərəfin maraqları onları bu əməkdaşlığı davam etdirməyə məcbur edir. NATO, Qərb, Avropa Birliyi Türkiyəyə qarşı öz addımları ilə bu iki dövləti bir-birinə dəstək olmağa vadar etdi, dostlaşdırdı. Amma indi də bundan bərk narahatçılıq keçirirlər”,- deyən politoloq bu iki qonşu dövlətin dostluğu fonunda Azərbaycanın maraqları barədə də danışıb.

“Dünyada yeni güclər balansı formalaşarkən biz nə etməliyik? Azərbycan dövləti nə etdi? Qələbədən sonra hərbi büdcəsini azaltmaq əvəzinə artırdı. Qarsda Türkiyə ordusu ilə böyük təlimlər keçirdi, Türkiyə ordusu modelində ordu quruculuğuna keçəcəyik. Bu bizim təhlükəsizlik üçün atdığımız addımlardır. Rusiya-Türkiyə maraqlarını qərb dünyası pozmasa, buradan Azərbaycana da müəyyən faydalar olacaq. Ermənistan bir dövlət kimi Osmanlı və Rusiya imperiyalarının rəqabəti nəticəsində yaranmışdı. Sovetin vaxtında da Ermənistan faktoru təzyiq aləti kimi vacib rol oynayırdı. Stalin də Türkiyəyə qarşı ərazi iddiası irəli sürmüşdü - guya Ermənistan xalqı Türkiyədən özünə məxsus torpaqları tələb edir, Stalin də bunu dəstəkləyir. Buna qarşı Türkiyə NATO-nun üzvü oldu. İndi Ermənistanın siyasi layihə kimi mənası , əhəmiyyəti qalmayıb. Ona görə də Qarabağ problemində dəyişikliklər yarandı və biz qalib gəldik. Bu geosiyasi dəyişikliklərin birbaşa nəticəsiydi. Torpaqlarımızın işğalında Rusiya açıq iştirak etmişdi. Bu dəfə isə neytral mövqe saxladı. Rusiya bu geopolitik dəyişiklikləri nəzərə alaraq yeni mövqe sərgilədi. Yeni şərtlər, yeni reallıqlardan biz öz qələbəmiz üçün istifadə etdik və bundan sonra da bu yolda irəliləməyə davam edəcəyik”,- deyə politoloq qeyd edib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »