Martın 11-də Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Vətən müharibəsinin bir qrup iştirakçısı, ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançılar və bir neçə fəal gənclə görüş keçirib.
Milli Məclis Sədrinin müavini Adil Əliyev ölkəmizdə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətindən, bədən tərbiyəsi və idmanın inkişafından, idmançılarımızın beynəlxalq yarışlarda, olimpiadalarda qazandığı uğurlardan söhbət açıb. Bildirib ki, Formula-1 kimi dünyanın diqqət mərkəzində olan yarışların ölkəmizdə yüksək səviyyədə təşkil edilməsi müstəsna əhəmiyyətə malikdir.
Bədən tərbiyəsi və idmanın gənc nəslin həyatındakı rolundan danışan vitse-spiker Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən Rəşadətli Ordumuzun fiziki hazırlığı, maddi texniki bazası, keçirilən təlimlərin nəticəsi barədə fikirlərini bölüşüb. Bildirib ki, ölkəmizin qazandığı tarixi qələbədə istifadə edilən taktiki gedişlər dünyada hərbi mütəxəssislərin marağına səbəb olub.
Görüşdə gənclərin idmana həvəsinin artırılması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi və digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Sonda Vətən müharibəsində xidmətlər göstərmiş bir qrup şəxsə və ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən idmançılara Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri Fərmanı təqdim edilib.
Bizimyol.info