Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda qadın olmaq
Qadın - qandal - həbs

Martın 7-də Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində 1976-cı il təvəllüdlü Şıxəliyev Mahir Oqtay oğlunun yaşadığı evdə meyiti aşkar edilib.Zərərçəkmiş şəxsin arvadı 1980-ci il təvəllüdlü Şıxəliyeva Günay Arif qızının ailə-məişət münasibətləri zəminində Mahir Şıxəliyevin yatmış vəziyyətdə olmasından istifadə edərək dəmir linglə onun baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsi bildirilib.

Günay Şıxəliyeva cinayəti etiraf edərək, əməlindən peşman olmadığını bildirib. Araşdırmalarımız nəticəsində məlum olub ki, ərini qətlə yetirən Günay Şıxəliyeva 15 il spirrtli içki aludəçisi olan ərinin zorakılıqlarına dözüb. 5-6 il bundan öncə əri xanıma bıçaq xəsarəti yetirsə, oğlunu boğsa da polisə müraciət etməyib, Qohum qonşular da bu fakta göz yumublar.

Azərbaycanda qadın olaraq doğulmaq həyata bır sıfır məğlub başlamaq kimidir. Bəlkə də kimlərsə dərhal fikrimə etirazını bildirəcək, qadınlara verilən yüksək hüquqlardan bəhs edəcək. Haqlıdırlar. Hətta çoxunuzun yadına bu günlərdə paytaxtda keçirilən feminizs aksiyaları düşəcək və söyəcək. Dövlət və qanunlarımız qadın haqlarını kifayət qədər yaxşı əhatə edir. Burda Sovet dönəminə aid qanunlarında müstəqil Azərbaycanın Konstitusiyasına transfer edilməsinin də müsbət rolu var. Problem qanunlarda deyil,özümüzdədir, özümüzün yaratdığımız maneələrdə, əngəllərdə, adına mentalitet dediyimiz daxili zindanımızda.Kiminsə övladı dünyaya gəlir oğul olubsa, “Ay maşallah, pəhləvandır, kişidir, igiddir, düşmən çəpəridir, oğlandır oxdur” , qız doğulunca qohumlar üzlərinə qəribə təbəssüm yapışdırıb, “Gələn dəfə oğlan olar, təki əli- ayağı düz olsun” deyirlər. Bircə başsağlığı vermədikləri qalır.

Gender bərabərliyində yol verdiyimiz səhvlər hələ körpə dünyaya gəlmədən onun valideynləri və cəmiyyət tərəfindən başlayır. Rəfiqələrimlə ultrasəs müayinəsinə getmişdik. Üçüncü hamiləliyidir, körpəsinin inkişafı ilə maraqlanırdı. Həkim ana bətnində körpəni uzun -uzadı müayinə etdi.Uşaq haqda ətaflı məlumat versə də, cinsiyyəti barədə verdiyimiz suala təbəssümlə “bunun üçün əlavə ödəniş edilir” dedi. “Çünki oğlandır , şirinlik istəyirəm”. Rəfiqəmin evdəki balaları da oğlandır, yəni ona qız, oğlan heç fərq etməzdi, amma yenə də həkimin inadkar baxışlarına tabe olub “şirinlik” verdi. Əcəba, insanın cinsiyyət orqanı bədənindən ayrı yerləşirmi ki, buna belə ayrıcalıq tətbiq edilsin. Bəlkə məhz elə cinsiyyət orqanında nəsə problem aşkarlanacaq, oğlunu öz anasına “sataraq” xoş gəldin edirik dünyaya. Üstəlik doğum evlərində oğlan doğulanda bunun “şirinliyi” qızdan qat-qata baha başa gəlir.

Bu qayda ilə tərbiyə olunan balaca “vəliəhd” hər zaman qadın üzərində dominantlıq etmək hissyatı ilə böyüyür. Zaman keçdikcə yeniyetmə oğlanın yol verdiyi xətalar şuluqluq, qızınkı isə ömülük damğa, “qara ləkə” adı alır. Yəqin ki, bir tək Azərbaycanda qadın bir xətanın cəzasını ömrü boyu ödəməklə yaşayır. Bu xətanın adı sevgi olsa belə, onu üzqarası kimi yaşayır Azərbaycan qadını. Anaya, bacıya, həyat yoldaşına qayğı göstərməyi sahiblənmək anlayışı ilə vəzə etdiyimiz üçün, sahib istədiyi qadağanı tətbiq edə, üzünə ağ olan qadına isə “asi, əxlaqsız” deyə bilirik.

Qadın azadlığından söz açarkən yalnız paytaxt Bakıda yaşayan xanımları göz önünə gətirsək, hər şey əladır, burda istisnalar xaric, heç bir problem yaşanmır demək olar. Amma Bakı ilə regionlarımız arasında çox böyük fərq var. Qadın, kişi fərq etməz hər bir insanın özünü fərd kimi güclü hiss etməsi üçün ilk növbədə iqtisadi vəziyyəti qənaətbəx olmalıdır. İqtisadi asılılığı olan insan əlbəttə ki, bir tikə çörəyi üçün çox şeyə boyun əyməyə məcbur olur. Xüsusən, qadınlar. Onlar kişilər kimi qazanc dalıyca başqa rayonlara,şəhərlərə , ölkələrə çıxıb gedə bilmirlər. Öz gücünə inanan, ayaqları üstə dayanmağı bacaran qadın onu əzən, sıxan qandallardan qurtarmağa özündə güc tapa bilər. Ailə içərisində qız uşaqlarının təhsilinə, peşə, sənət öyrənməsinə xüsusi diqqət yetirilməlidir. Qanadına güvənən quş qonduğu budağın sınmasından qorxmaz! Cahil bir ana cahil balaların, cahil cəmiyyət üzvlərinin yaranmasına səbəb olur. Bu bir reallıqdır. Kişilər çox zaman unudurlar ki, gələcəkdə qürurlana biləcəyi övlada öz güvəni sabit olan intellektual bir qadın analıq edə bilər. Sağlam ailə ilk növbədə sağlam psixologiyadan başlayır. Sağlam psixoloji mühitdə böyüməyən uşaqlar gələcəkdə qorxaq, yalançı, şiddətə meyilli, cinayətkar ola bilirlər. Bütün bəlaların kökündə uşaqlıq travmaları dayanır. Bizlər sevməyi öyrətmirik. Ən böyük xəta budur.

Boşanmağa bizim cəmiyyətdə böyük faciə kimi yanaşırlar. Halbuki insan xoşbəxt deyilsə, tərəflər bir-birinə huzur yox, zülüm verirlərsə, onların qalmaqallarından övladlar əziyyət çəkirsə elə o övladların sakit başla böyüməsi üçün boşanma ən ağlabatan yoldur. nəinki ərin qadınını döyüb evdən qaçmasına, gizlənməsinə sığınacaqlara sığınmasına səbəb olması. Sığınacaqlar barəsində də bir neçə söz demək istərdim.

Azərbaycanda ailə daxili şiddət görən qadınların sığındığı “Təmiz dünya” İctimai Birliyi fəaliyyət göstərir. Təşkilatın rəhbəri Mehriban Zeynalovanın verdiyi məlumata görə Azərbaycanda 5 sığnacaq var. Bunlardan birincisi“Təmiz dünya” İctimai Birliyi, digəri Gəncə “Təmas” təşkilatının nəzdindəki qadın sığınacağı, üçüncüsü uşaqlar üçün nəzərdə tutulan “Ümid yeri” və miqrant kişilər üçün sığınacaqdır. Bu sığınacaqların hamısı QHT kimi fəaliyyət göstərir və dövlət tərəfindən maliyyələşdirilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi layihələrdən qrantlar əldə edirlər. Mənim fikrimcə, bu kimi təşkilatlar birbaşa dövlətin nəzarətində olmalı, dövlətdən maliyyələşdirilməlidir. Dövlət vətəndaşına sahib çıxmalıdır!

Sığınacağa üz tutan qadınların böyük əksəriyyəti ailədaxili problemlərdən, ər qəzəbindən qaçıb gəlir. O ər ki , qadınına anası evinə getsə belə qara yaxmağa , böhtan atmağa hazırdır. Belə bir adam qadını sısğınacağa gəlibsə onun dövlət müəssisəsi deyil, QHT olduğunu bilincə, üstəlik belə sığınacaqlar barəsində də çox zaman hansısa maraqlı qüvvələr xoş olmayan şaiyələr yayırlarsa ( çoxusunda qadın alveri gedir deyə müxtəlif xəbərlər tirajlanır) ordan qayıdan qadın evində bir daha gün üzü görməyəcək deməkdir.

Polis ailəiçi şiddətə yalnız ölüm və şiddətli döyülmə faktı baş verərsə müdaxilə edir. Necə deyərlər iş işdən keçdikdən sonra hadisə yerinə mollayla birlikdə gəlir. Bir neçə il öncə kömək üçün yardım istyən bir xanıma görə polisin qaynar xəttinə müraciət etdim. Keçmiş əri tez- tez zəng edib öldürməklə hədələyirdi. Bakı şəhər Baş Polis İdarəsinə gedib ərizə ilə müraciət etməli olduğumuzu söylədilər. Getdik, ərizəni qapıda yazdırıb, poçt qutusuna atdırdılar. Prosedur bu idi. Nə bir dinləyən oldu, nə bir maraqlanan. 13 gün sonra ərizəmizə cavab olaraq, xanımın evinə gələn polis mənə dedi ki, sizi döyüb və ya vurublar? “Yox”. O zaman bu məsələ polislik deyil. Sözlə edilən təhdid təhlükə daşımırmış. Bu nə deməkdir? Bu o deməkdir ki, əcəl gəlirəm deyir, sən göz yumursan.

Azərbaycanda “namus cinayəti” üçün həbsə girən kişilərə “yaxşı oğlan”kimi baxıldığı müddətcə müxtəlif cinayətlərə bu donu geyindirib, həbsdən “blatnoy oğlan” kimi çıxmaq istəyənlərin sayı azalmayacaq. Namus nədir? Bu suala cavab olaraq bizim cəmiyyətdə qadınlı- kişili böyük əksəriyyətin verəcəyi cavab qadınla, onun cinsi həyatıyla bağlıdır. Halbuki korrupsiya ilə millətə zərbə vurmağın, xainliyin, iftiranın, şərin- böhtanın daha böyük namussuzluq olduğu ağıllarına gəlməyəcək. Ağıllarına gəlməyəcək ki,əxlaqsız qadın yalnız öz bədənini satır, amma əsl namussuzlar bütün cəmiyyəti.

Boşanmış ailələrin aliment problemindən ən çox əziyyət çəkən tərəf uşaqlardır. Çox zaman ata ananı cəzalandırmaq üçün aliment vermir, bir çox halllarda da aliment verməyə imkanı olmur. Onsuz da boşanmaların bir qismi elə imkansızlıq, kişinin işləməməsi səbəbindən baş verir) . Bir çox dövlətlərin təcrübəsində olduğu kimi, boşanan qadın övladlarına görə alimenti dövlətdən alsa, dövlət aliment verən tərəfi işləməyə, borcunu qaytarmağa məcbur etsə problem həllini tapar. Təəssüf ki, illərdir səsləndirilən bu təklifə hələlik hökumətimiz səssiz qalmaqdadır.

İlhamə

Paylaş »
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› “Ermənistana hücum Rusiyaya hücum deməkdir” - Paşinyan
››› Daha bir gənc həkim koronavirusdan vəfat edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »