Pandemiyaya qarşı mübarizənin iki yolu var. Birincisi vaksindir, ikincisi qapanmadır.
Vaksin tətbiq edilsə də, statistikaya əsasən son günlər yoluxma və ölüm hallarının artdığı müşahidə edilir.
Gözlər ölkədə epidemioloji vəziyyəti dəyərləndirib qərar verən qurum Nazirlər Kabineti yanında Operativ Qərargahına dikilib. Yoluxmaların artması qapanma zərurətini yaratması insanları narahat edir. Novruz bayramı yaxınlaşdıqca yenidən karantın məhdudiyyətlərinin tətbiq edilib-edilməyəcəyi ən çox müzakirə edilən məsələlərdəndir.

Həkim-farmakoloq Müşfiq Hüseynov Bizimyol.info-ya bildirib ki, karantin rejimini sərtləşdirmə bəhanəsi üçün yenə statistikaya müraciət edirlər, yəni xəstə sayının artması əsas götürülür: “Bizdəki statistikanın nə qədər düzgün olması isə şübhəlidir. Elementar misal, iki gün əvvəl test sayı 8500 idi, xəstə sayı 500. Dünən test sayı 10500 oldu, xəstə sayı 600 qalxdı. Bunu elə təqdim edirlər ki, sanki dünyanın sonu gəlib. Sabah 15000 test keçirdilsə, təbii ki, say 1000-1200 olacaq. Bu rəqəmlə oynamaqdan başqa bir şey deyil.
Mənim üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı əsas deyil. Əsas göstərici aptek və dərman şəbəkəsində artan tələbatdır. Çünki bizdə əhalinin çox böyük hissəsi evdə müalicə olunur. Hələ ki, apteklərdə belə bir ajiotaj yoxdur. Deməli, heç bir fəlakətli durum da yoxdur”.
M.Hüseynov bildirib ki, peyvənd olunan insanların sayının çoxluğu 3-cü dalğa ilə birbaşa əlaqəlidir: “Bizdə bu günə peyvənd sayı 500 minin altındadır. Deməki heç 5% də deyil. İş çox aşağı sürətlə aparıldı. Səbəbini bilmirəm, ya ölkəyə gətirirlən peyvənd sayı az idi, ya da insanlar hələ də vurduraq-vurdurmayaq dilemması arasında qalmışdı. Pandemik ocağın sönməsi üçün aşağısı 60% əhali ya xəstələnib sağalmalı, ya da peyvəndlənməlidir. Bizdə o qədər say yoxdur və olmayıb. Karantin rejimini sərtləşdirmək üçün yenə statistikaya müraciət edirlər, yəni xəstə sayının artması əsas götürülür.
Qapanmağa gərək varmı? Əlbətttə yox! Bayram günlərində ictimai nəqliyyatın işləməsi yetərlidir ki, vəziyyət idarə olunsun. Ay sonuna kimi SMS icazə sisteminə keçiləcəksə, insanlar artıq burda başqa niyyət axtarmağa başlayacaq. Çünki bunun üçün heç bir səbəb yoxdur. Pamdemiya bizimlə il sonuna kimi bu və ya digər şəkildə gedəcək, bundanq qaçış yoxdur. Onsuz da 1 ildir iqtisadiyyat iflic olub. Bunu il sonuna kimi uzatmağın nə mənası var? 7-10 gün ərzində üçüncü dalğa zirvəyə çıxacaq, o da bayram ərəfəsinə düşür, 7/8 gün tətil elan edilib ictimai nəqliyyatı tam dayandırmaq yetərlidir”.

İqtisadçı-ekspert Qubad İbadoğlu bildirib ki, Azərbaycan hakimiyyətinin pandemiya ilə əlaqəli atdığı sistemsiz addımlar əksər sektorlarda biznesi çökdürür: “Yenə də iqtisadi və sosial nəticələrini düşünmədən COVİD-ə yoluxanların sayının artımı səbəbindən iqtisadiyyatın bir sıra sahələri üzrə işgüzar fəaliyyətin dayandırılmasına sövq edən ictimai rəy formalaşdırılır, bəzi həkimlərin təşkil olunmuş müsahibələri vasitəsilə 2 həftəlik sərt karantin rejiminin tətbiqi zərurəti əsaslandırılır”.