Xəbər verildiyi kimi, martın 15-dən-18-dək Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri keçiriləcək. Təlimlərə 10 min nəfərədək şəxsi heyətin, 100-dək tank və digər zirehli texnikanın, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusunun, reaktiv yaylım atəş sistemi və minaatanların, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının cəlb olunması gözlənilir. Vurğulayaq ki, bu, 44 günlük qalibiyyətli hərbi zəfərimizdən sonra ordumuzun ilk genişmiqyaslı təlimləri olacaq.
Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və təzədən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək. Təlimlərdə həmçinin qoşunlar terrorçu dəstələr (qruplar), qanunsuz silahlı qruplaşmalarla mübarizə və antiterror əməliyyatları üzrə tapşırıqları icra edəcək.
Hərbi-siyasi ekspert Elçin Axundzadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bu miqyasda təlimləri keçirtmək üçün aylar lazımdır.

“Müxtəlif növ ordu qoşunlarının əlaqələndirməsi, müxtəlif qurumlarla razılaşma və s. Ali Baş komandan Ermənistanda revanşist güvvələrin olduğunu gözəl bilir. O, şəxsən orduya kontrol və rəhbərlik edir. Xoş haldır ki, zəfərdən sonra Ali Baş Komandanın rəhbərliyi ilə ordu eyforiyaya qapanmır və ştat üzrə öz vəzifələrin yerinə yetirir.
Hərbi təlimləri keçirtməklə cənab Ali Baş Komandan bir neçə istiqamətlərə, dövlətlərə mesaj göndərir. İlk olaraq bununla Ermənistandakı revanşist qüvvəllərə bildirir ki, ordumuz döyüş qabiliyyətini artırır və ağıllı olsunlar. Əks halda dəmir yumruğumuzu əzəli torpaqlarımızda hiss edəcəklər. İkinci mesaj isə Ermənistanın arxasında duran və onları silahlandırmağa cəhd edən dövlətlərədir.
Bir müddət əvvəl xüsusi təyinatlar Qarsda türk əsgərləri ilə bərabər təlimdə ümumi komandanlıq və koordinasiya mərkəzlərini həyata keçirtdilər. Bu təlimləri də Qarsda olan təlimlərin davamı kimi qeyd etmək olar. Əminəm ki, türk koordinasiya qüvvələri və instruktorları da bu təlimlərdə öz məsləhətlərini verəcəklər”.
Ekspert onu da vurğulayıb ki, təəsüflər olsun ki, hələ də orduda çoxlu sayda neqativ hallar var.
“Məsələn, qeyri-peşəkarlar vəzifələrə gətirilib. Savadlı, döyüş təcrübəsinə malik 10-a yaxın general və yüksək rütbəli zabitlər müxtəlif bəhanələrlə ordudan uzaqlaşdırılıb. Keyfiyətsiz, lazımsız sursatlar alınıb. Müharibə zamanı Ali Baş Komandan bu barədə Müdafiə Nazirliyinin kollegiyasında bildirmiş və qeyd etmişdi ki, müharibədən sonra təhlillər aparılacaq və sərt tədbirlər görüləcək.
Çox güman ki, bu yaxın aylarda korrupsiyaya qurşanmış, milləti ordudan narazı salan general, zabitlərin vəzifədən azad olunmacağını, müharibə dövründə isti kabinetlərdə yatan, vəzifə borcunu yerinə yetirməyən, kimlərinsə köməkliyi ilə rütbə, vəzifə alanlar şəxslərin fəaliyyətinin yoxlanılacağını, büdcədən oğulanan vəsaitlərin geri qaytarılacağını görəcəyik.
Cənab prezidentin rəhbərliyi ilə Azərbaycanın qanunları bütün bölgələrdə işləyəcək. Sadəcə olaraq cənab Ali Baş Komandana dəstək olmalı, güvənməli və barəbər bu təmizləmə işlərində ona kömək etməliyik”,-deyə bildirib.
Leyla Mirzə