Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Tərtər işinin motivlərindən biri də İlham Əliyevə təzyiq etmək idi"
"Tərtər işinin motivlərindən biri də İlham Əliyevə təzyiq etmək idi"

“2018-ci ilin əvəllərində Ermənistana casusluq saxta ittihamı ilə tutulan 6 hərbçinin işgəncələrdən öldüyünü yazmışdım. Hərbi prokuror Xanlar Vəliyev APA agentliyinə müsahibəsində "satqınların" məhkəməsinin Novruz bayramınadək (2018-ci ilin) başlanacağını demişdi. Başqa sözlərlə, məhkəmə 2 il əvvəl başlamalı idi, amma bu günədək 1 nəfərin də casusluq ittihamı ilə bağlı mühakimə olunduğu məlum deyil”.

Bu fikirləri Bizimyol.info-ya hərbi ekspert Ərəstun Oruclu səsləndirib. O, orduda Nəcməddin Sadıkovun rəhbərliyi altında törədilmiş cinayət işi barədə belə məlumat verib:

Ərəstun Oruclu Ərəstun Oruclu

“Həmin "casus əməliyyarı" dövründə Müdafiə Nazirliyinin 250-dən yuxarı hərbçisi Hərbi Prokurorluq tərəfindən Ermənistanın xeyrinə casusluqda şübhəli bilinərək istintaqa cəlb olunub. İstintaq zamanı onlardan 200 nəfərdən çoxu aldığı ağır fiziki və psixoloji travmalardan sonra faktiki əlillik durumuna çatdırılıb, 14 nəfər isə işgəncələr verməklə qətlə yetirilib. İşgəncələr zamanı əsgərlər öldükdə isə onların cəsədlərini gizlincə gətirib (bir sıra hallarda ailələrinə belə öncədən xəbər vermədən) yaşayış yerlərindəki məzarlıqlarda dəfn ediblər. Amma bu da hələ məsələnin hamısı deyil. Öldürülən hərbçilərin ailələri bir sıra hallarda Müdafiə Nazirliyinin rəsmiləri ilə yanaşı həm də yerli icra hakimiyyəti başçıları və polis rəsmiləri tərəfindən onlar səslərini çıxarsalar, daha pis vəziyyətə düşəcəklərilə təhdid olunublar.Bütün bu cinayətlər 2016-cı ilin aprelində Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlardan qaynaqlanır. Hələ o zaman ordunun real itkiləri və onların səbəbləri ictimai rəydən gizlədildi. İrəli gedən ordu hissələrinə nəinki dəstək olmamışdı, hətta onların koordinatları düşmənə ötürülmüşdü. Təbii ki, düşmənin hərbi müttəfiqi olan Rusiya vasitəsilə və bu "de facto" casusluq Müdafiə Nazirliyinin yüksək rəsmiləri tərəfindən edilmişdi. Məhz elə buna görə də həmin o saxta casusluq ittihamları verilən hərbçilərin hamısı Goranboy qarnizonunun hərbçiləridir. Deməli, satqınlar özünü qorumaq və ordunun ağır itkilərinin əsl səbəbini (özlərinin satqınlığını) gizlətmək üçün günahsız insanlara işgəncələr verməklə onların xəyanəti boynuna götürməsini istəmişdilər. O zaman başqa bir sual ortaya çıxır ki, əgər işgəncələr nəticəsində 14 insan ölübsə və 200-dən çoxu faktiki əlil edilibsə, bu işgəncələrə birbaşa rəhbərlik edənlər niyə həbs olunmurlar? Bunun cavabı isə çox sadədir: məsələ burasındadır ki, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi, başqa sözlərlə baş cəllad, polkovnik Ramil Əkbərov Baş Qərargah rəisi Nəcməddin Sadıkovun bacısı oğludur və təbii ki, bütün bu amansızlığı dayısının tapşırığı olmadan həyata keçirə bilməzdi.

"Tərtər işində" şərlənərək həbs olunmuş 25 nəfərə 10-20 il arası həbs cəzası verilib, amma yerli məhkəmələrin çıxardığı bu hökmlərə nə apellyasiya məhkəmələri, nə də Ali Məhkəmə etiraz etməyib.

2016-cı ilin aprel əməliyyatı zamanı hərbçilərimizin böyük bir hissəsi xəyanətin qurbanı olmuşdu və həmin xəyanət də 2 məsələdə özünü göstərmişdi: irəliləyən ordu hissələrinə arxadan dəstək verilməməsi və döyüş planının Rusiyaya ötürülməsi.

Hələ 1992-93 illərdə bu qurumun bəzi strukturlarından məlumatlar sistemləşdirilərək Rusiyaya ötürülürdü və bu işdə də bu gün Azərbaycan cəmiyyətinə ictimai fəal və s. kimi sırınmış bəzi üzdəniraqların birbaşa iştirakı vardı. Elə o zaman da ön cəbhədə döyüşən əsgərlərimiz və bütövlükdə ordumuz həmin satqınların xəyanətinin qurbanı olurdu. o zamankı siyasi konyunktura satqın şəbəkəsinin zərərsizləşdirilməsini mümkünsüz edirdi. İndi qayıdaq 2017-ci ildə hərbçilərimizə kütləvi divan tutanların digər motivlərinə. Ən sadə məntiq də deyir ki, 2016-cı ilin aprelində keçirilən əməliyyata qarşı xəyanəti yalnız səlahiyyətli şəxslər törədə bilərdi. Həbs olunaraq işgəncələr verilən həbçilərin ən yüksək rütbəliləri belə əməliyyatın bütün plan və detalları haqda məlumatlı ola bilməzdilər və irəli gedən ordu hissələrinə dəstəyi sabotaj etmək də onların səlahiyyəti çərçivəsində olan məsələ deyildi.

Saxta ittihamların da əsas motivi və ağlasığmaz miqyası da məhz diqqəti əsl xainlərdən yayındırmaq idi. Daha doğrusu, motivlərindən biri. Digər və daha ciddi motivlər isə Azərbaycan Ordusunu sındırmaq, onu gözdən salmaq, ölkə əhalisini Azərbaycanın ərazi bütövlüyünün hərbi yolla bərpasının mümkün olmadığına inandırmaq, hərbi əməliyyata yaşıl işıq yandırmış dövlət başçısı İlham Əliyevə təzyiq etmək idi”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »