Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail səfiri: “İşğaldan azad edilmiş ərazilərdəki dağıntılar çox üzücüdür"
Corc Dik

İsrailin Azərbaycandakı səfiri Corc Dikin “Report” agentliyinə müsahibəsi:

- Qarabağda müharibə bitdikdən sonra Azərbaycan tarixində və tərəfdaşları ilə münasibətlərdə keyfiyyətcə yeni mərhələ başlayıb. Sizcə, Azərbaycan-İsrail münasibətləri bundan sonra necə inkişaf edəcək? Geridə qalan dövrdə dostluq münasibətlərinin bütün sınaqlardan keçdiyini deyə bilərikmi?

- Ölkələrimiz arasındakı münasibətlər möhkəm ağaca bənzəyir: Azərbaycan və yəhudi xalqları arasındakı tarixi münasibətlər çoxəsrlik tarixə malikdir və möhkəm qardaşlıq və qarşılıqlı hörmətlə xarakterizə olunur. Bunlar ağacımızın kökləridir – onlar güclü və dərindir.

Ağacın gövdəsi energetika və təhlükəsizlik sahələri də daxil olmaqla, bir sıra sferalarda ölkələrimiz arasındakı strateji tərəfdaşlıqdır. İki ölkənin rəhbərliyi arasında münasibətlər əladır. Prezident Əliyevin vaxtilə dediyi kimi, gördükləriniz aysberqin yalnız görünən hissəsidir.

Bu gün ağacımız budaqlanır və getdikcə yüksəyə qalxır. Bunlar yalnız ölkələr arasında deyil, həm də xalqlar arasındakı əlaqələrdir. Bunu turizm, biznes, dinlərarası fəaliyyətlər və gələcəyin problemlərinin həlli üçün əməkdaşlıqda görürük: su təhlükəsizliyi, bərpa olunan enerji mənbələri, innovasiyalar və yüksək texnologiyalar və daha çox şey. Birlikdə bir zamanlar inanılmaz olanı əldə edə bilərik.

Bizi ayırmağa çalışan hər kəs bu ağacın bölünmək üçün çox güclü olduğunu qısa zamanda anlayacaq.

- Azərbaycan və İsrail müdafiə sənayesi və təhlükəsizlik sahəsində sıx əməkdaşlıq qurub. İkitərəfli münasibətlərimizin bu qolu gələcəkdə necə inkişaf edəcək?

- Ənənəvi olaraq təhlükəsizlik məsələlərini şərh etmirik. Amma Azərbaycanla dostluğumuzun başqa bir ölkəyə qarşı yönəlmədiyini vurğulamaq vacibdir.

İsrail-Azərbaycan dostluq münasibətləri narahatlıq yox, sevinc üçün səbəb olmalıdır. Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olan və yəhudi dövləti ilə strateji əməkdaşlıq və isti dostluq münasibətləri quran ölkədir. Məgər görmək istədiyimiz bu cür barışıq və birgəyaşayış deyilmi?

Keçən il İsrail yeni barış dövrünə qədəm qoyub. Biz dörd ərəb ölkəsi – BƏƏ, Bəhreyn, Mərakeş və Sudan ilə diplomatik dinc münasibətlər qurduq. Azərbaycan isə müsəlman əhalinin çoxluq təşkil etdiyi ilk ölkələrindən biridir ki, İsrail ilə əlaqələr qurub. Ümidvarıq ki, hər kəsin - azərbaycanlıların, ermənilərin, gürcülərin və digərlərinin layiqli və firavan həyat sürməsi üçün Cənubi Qafqazda da sülh və əməkdaşlıq ruhu hökm sürəcək.

- Azərbaycan erməni işğalından azad edilmiş ərazilərin genişmiqyaslı bərpasına başlandığını elan edib. Bu baxımdan dövlət başçısı bir sıra ölkələri və bu ölkələrdən olan şirkətləri bu prosesdə iştirak etməyə dəvət edib. İsrail bu baxımdan hansı töhvəni verə bilər? Hansı sahələrdə ərazilərin bərpasında Azərbaycana kömək etməyə hazırsınız? Bununla bağlı İsrail və ya Azərbaycan tərəfdən təkliflər varmı?

- Müharibədən sonra azad edilmiş ərazilərdə oldum. Bu ərazilərdəki dağıntılar və boşluq mənzərəsi çox üzücüdür. Ancaq prezident Şimon Peresin bir dəfə dediyi kimi “Heç bir şey olmayan yerdə hər şey mümkündür”. Bu ərazilərin bərpası böyük çağırış, eyni zamanda böyük fürsətdir. Təsəvvür edin ki, digər ənənəvi şəhərin əvəzinə, azərbaycanlıların əvvəllər mövcud olmayan yeni bazarlara yeni məhsullar ixracatçısı olmasına kömək edəcək yaxşı mənzil, yaşıl enerji və infrastrukturdan istifadə edə biləcəyi innovativ məkan yarada bilərsiniz.

Bax İsrailin tərəfdaş ola biləcəyi yer budur. Azərbaycanda iş baxımından geniş təcrübəmiz var, insanlarımız da bir-birini başa düşür. Minatəmizləmə, kənd təsərrüfatı, su təsərrüfatı, yüksək texnologiyalar, bərpa olunan enerji sahəsindəki təcrübəmizi Azərbaycan ilə bölüşə bilərik, buraya praktik olmaq və effektiv işləmək bacarığımızı da əlavə edirik. Unutmayın ki, yeni tipli yaşayış yerləri - kibbutz, moşav və s. yaratmaqda böyük təcrübəyə sahibik.

İndi Azərbaycan hökumətinə bir neçə təqdimat etmişik, bu və ya digər ideyaları müzakirə edirik. İsrail şirkətlərinin bu ərazilərdə fəaliyyət göstərəcəyinə ümid edirik.

- Son söhbətimiz zamanı sizinlə ölkələrimizin iqtisadiyyatının üzləşdiyi koronavirus pandemiyasının riskləri və problemləri barədə danışmışdıq. Azərbaycan ilə İsrail arasında 2020-ci il üzrə əmtəə dövriyyəsinə dair məlumat varmı?

- Pandemiyanın qlobal iqtisadiyyata böyük zərbə vurduğu və beynəlxalq ticarətə təsir etdiyi heç kimə sirr deyil. Məsələn, 2019-cu ildə İsraildən Azərbaycana 50 mindən çox tur həyata keçirilib ki, bu da aviaşirkətlərin, mehmanxana biznesinin və yerli turizm bazarlarının inkişafına töhfə verib. 2020-ci ildə isə turlar, uçuşlar olmayıb, hotellər fəaliyyətini dayandırıb.

Odur ki, 2020-ci ilin iqtisadiyyat üçün çətin il olduğu aydın görünür. Ancaq indi bərpa mərhələsindəyik. 16 yaşdan yuxarı israillilərin 90%-dan çoxu azı bir dəfə peyvənd olunub, bu, bu gün üçün dünyada vaksinasiya baxımından lider göstəricidir. Ümid edirik ki, aprel ayına qədər peyvəndləmə prosesini tamamlayacağıq və dünyada pandemiya böhranından çıxan ilk ölkə olacağıq. Bu, iqtisadiyyatımızı yenidən açmağımıza imkan verərdi.

Nazir Mikayıl Cabbarovun rəhbərlik etdiyi hökumətlərarası komissiya çərçivəsində birlikdə çalışaraq aramızdakı ticarət həcmini bərpa edə və inşallah onu daha da artıra biləcəyimizi düşünürəm.

Paylaş »
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› “Ermənistana hücum Rusiyaya hücum deməkdir” - Paşinyan
››› Daha bir gənc həkim koronavirusdan vəfat edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »