Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan iqtisadiyyatının gələcəyində tikinti böyük rol oynayacaq
Azərbaycan iqtisadiyyatının gələcəyində tikinti böyük rol oynayacaq

Bütün dünyada tikinti sektoru iqtisadi inkişafda və xüsusən də iqtisadiyyatın dayanıqlığının güclənməsində xüsusi paya malikdir. Azərbaycan iqtisadiyyatında yaranan hər 100 manatlıq yeni dəyərin 7 manatdan çoxunu məhz tikinti sektoru formalaşdırır. 2019-cu ildə ölkəmizdə Ümumi Daxili Məhsulun 7.3 faizi tikinti sektorunun payına düşüb. Azərbaycanda inşaat işlərinin 87 faizdən çoxunu qeyri-dövlət müəssisələri həyata keçirir.

Qlobal böhranla əlaqədar yaranmış iqtisadi problemlər fonunda tikinti sektoru, inkişaf tempini nisbətən qoruyub saxlayan sahə oldu.

İstər pandemiya, istərsə də post-pandemiya dövründə tikinti sektoru həm məşğulluğun təmin edilməsi, həm də iqtisadi dəyərin formalaşdırılması baxımından prioritet sahələrdən biri olaraq qalacaq. Tikinti sektoru çoxşaxəli alt sahələrdən ibarət fəaliyyət növüdür.Tikinti sektorunun canlanması mebel səneyesi,aksessuar bazarı,inşaat materiallarının satışı,bəzək əşyalarının satışı,bank sektoru və eyni zamanda əmək bazarı kimi bir çox sahələrin də dirçəlməsi deməkdir.

Pandemiya dövründə bu sektor fəaliyyətini məhdudlaşdırmayan sahələrə aid edildi. Post-pandemiya dövründə Azərbaycanda inşaat sektorunun öz aktuallığını qoruyub saxlayaraq iqtisadi aktivliyin daha qısa zamanda bərpa edilməsinə töhvə verəcək. Xüsusən Qarabağda aparılacaq tikinti – abadlaşdırma işlərinin geniş miqyasını nəzərə alsaq tikinti sektorunun hansı sürətlə inkişaf edəcəyini göz önünə gətirmək olar. Bəs Qarabağın yenidən qurulması bizə neçəyə başa gələcək?

Artıq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərişıq, Azərbaycan Su və Meliorasiya Təsərrüfatı və bir sıra digər dövlət qurum və şirkətləri azad olunmuş bölgələrdə fəaliyyətə başlayıb. 1996-cı ildə Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılıb. Qurum o zaman da 2000-ci il üçün Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidənqurması üzrə Dövlət Komissiyası çərçivəsində dəymiş ziyanın həcmin i hesablamışdı.

Dövlət komissiyasının hesablamalarına görə, işğaldan azad olunmuş ərazilərdə dəymiş ziyan 12,72 milyard dollar təşkil edib. Hazırkı ekvivalentlə bu 19,2 milyard dollar və ya 32,7 milyard manata bərabərdir. Müqayisə üçün qeyd edək ki, Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsinin gəlirləri 24,2 milyard manat həcmində, 2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon manat məbləğində proqnozlaşdırılır.

İndiki məqamda ekspertlər bərpa işlərinin 5-7 il sürəcəyini təxmin edirlər. Bütün işlərin eyni zamanda həyata keçirilməsi üçün çoxlu sayda resurs lazımdır. Hazırda isə bu təmizlənmə işləri, ən azı, Cəbrayıl, Füzuli, Ağdam rayonlarının bütün ərazilərini əhatə etməlidir. Komissiyanın 2000-ci ilə dair hesablamalarına görə, minalardan təmizləmə əməliyyatı 182 milyon dollara başa gəlməli idi və 345 kv. kilometr ərazinin minalandığı proqnozlaşdırıldı. Bu isə çox böyük ərazi deməkdir. Məsələn Bakının ətraf qəsəbə və kəndləri nəzərə alınmadan şəhər hissəsinin ərazisinin 150 kv. kilometr olduğunu nəzərə alsaq, hansı həcmdə minalanmış ərazidən söhbət getdiyini təsəvvür etmək olar. İqtisadçıların proqnozlarına görə, azad olunmuş torpaqların bərpası dövlətə 25-40 milyard manata başa gələ bilər.

Tikinti işlərinə Türkiyə, İtaliya, İsrail, Pakistan şirkətlərinin cəlb edilməsinə razılıq verilib. Gələcəkdə bəlkə başqa ölkələr də bu tikinti bumuna daxil olacaq. Böyük quruculuq işlərinin Qarabağda aparılması o deməkdir ki, bu günə qədər iş üçün Bakıya üz tutan əhali indi Qarabağa axın edəcək. Böyük potensial yaranacaq. Əlbət, bu potensialdan düzgün istifadə olunarsa, regionların iqtisadi inkişafı, məşğulluq, qarabağda azərbaycanlı əhalinin yerləşdirilməsi kimi bir çox problemi eyni anda həll etmiş olacağıq.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »