AMEA-nın fəaliyyəti Ramiz Mehdiyev bu qurumun başına prezident keçdikdən sonra daha sıx tənqid olunmağa başlayıb. Vəziyyət o qədər dözülməz hal alıb ki, artıq akademiyada çalışan, qəpik-quruş maaş alaraq möhtac vəziyyətdə yaşayan alimlər dilə gəlməyə başlayıblar. Əvvəllər susulan bir sıra məqamlara indi artıq susmaq istəmirlər.
Bu günlərdə Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı Milli Elmlər Akademiyasından, oradakı elmi inkişafdan, xüsusilə Dilçilik, Ədəbiyyat institutlarının gördüyü işlər barədə xoş sözlər yazıb, fikir bildirib.

Sabir Rüstəmxanlının səsləndirdiyi “zəngin həyat keçmiş adamlar, müxbir üzvlər, elmlər doktorları AMEA-da yaşa dolurlar” fikri AMEA professoru, dilçi alim İdris Abbasovun etirazı ilə qarşılanıb:
“Deputat “Akademiyanın Ədəbiyyat İnstitutunda saxlanan kitabxanaya baxmaq lazımdır ki, nə boyda işlər görülür”– deyə vurğulayıb. Təəssüf ki, fikirləri dövlətçilik və elmin inkişafı baxımından reallığı əks etdirmir. Bu fikirlər dövlətdən maaş alan və əlavə "gəlirlər"dən yararlanan akademiya işçilərinin təqdirini qazanmaq üçün məqbul sayıla bilər”,- deyə alim bildirib.
“Dövlətə və onun rəhbərinə inanan əsl ziyalı-alimlər ziyanı xeyrindən çox olan belə bir qurumun hətta ləğv edilməsindən qətiyyən narahat ola bilməzlər. Alim donuna girmiş işbazlar, milyonlarla vəsaiti yoxa çıxaranlar, saxtakarlar, məddahlar, qrant yeyənlər, dissertant ovlayanlar, dövlət büdcəni alt-üst edənlərin narahat olmaları isə təbiidir.
Təəssüf ki, deputat, partiya sədri, xalq yazıçısı və s. olan bir şəxsin açıqlaması, niyyətindən asılı olmayaraq, akademiyadakı elmi mühitin bərbadlığını malalamağa xidmət edir. Bəlkə də, real vəziyyətdən xəbərsizdir. Buyursun, gəlsin, mən ona sənədlərlə sübut edim bu bərbadlığı. Əminəm ki, deputat akademiyada akademiyalılığın qalmadığının şahidi olduqda məni kölgədə qoyub özü başlayacaq yazıçı ülubu ilə acınacaqlı vəziyyəti təsvir etməyə.

Dövlətçilik və dövlətin elm potensialı dostbazlıqla, qrup və dəstə maraqlarını güdməklə, elmə ayrılan dövlət vəsaitlərini cibə dürtməklə, yalançı məddahlıqla möhkəmlənmir”.
İlhamə Rəsulova