Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO-nun güc baxımından ikinci ordusu olan Türkiyə Ordusunun kiçik modeli Azərbaycanda yaradılır
İlham Əliyev

Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun güc baxımından ikinci ordusu olan Türkiyə Ordusunun kiçik modelinə uyğunlaşdırılması prosesinə başlanılıb. İlk addım olaraq Quru Qoşunları Komandalığı yaradılır.

Bunu Bizimyol.info-ya açıqlamasında hərbi ekspertlər bildiriblər.

Xatırladaq ki, Prezident İlham Əliyev Orduda yeniliklərin olacağı barədə bu il fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında bildirdi.

Azərbaycan Prezidenti martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında bildirib ki, daha müasir ordu yaradılacaq:

“Əlbəttə ki, hərbi sahədə müharibə bizim şanlı səhifəmizdir. Amma, eyni zamanda, təcrübədir. Ali Baş Komandan, bütün işlərə rəhbərlik edən şəxs kimi mən bilirəm ki, bizim zəif yerlərimiz də hardadır. Biz hətta müharibə dövründə o zəif yerləri düzəltdik. Müharibə dövründə önəmli qərarlar qəbul edilmişdir. Bundan sonra əlbəttə ki, bu təcrübə bizim üçün əsas olacaq və olmalıdır. Göstərişlər verildi ki, daha müasir ordu yaradaq. Çünki indi hərbi ekspertlər, beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıbdır. Biz elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra XXII əsrin müharibəsinə də hazır olaq. Çünki güc hər şeyi həll edir. Əfsuslar olsun ki, bu, belədir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər”,-deyə Prezident bildirib.

Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə ordu modelinə uyğunlaşdırılması üçün ilk növbədə Quru Qoşunları komandanlığının yaradılmasına ehtiyac var: “Türkiyə Silahlı Qüvvələrinin hər bir ordu korpusunda özünə aid ciddi sayda xüsusi təyinatlıları və ya onların adlandırdığı kimi, kamando briqadaları mövcuddur. Bunların Azərbaycanda da yaradılması gözləniləndir.

Radio və radiotexniki kəşfiyyat istiqamətində də hərbi hissələrin formalaşdırılmasında fərqli strukturdan istifadə ediləcək. Ortalama olaraq bütün idarəetmə və struktur sistemini Türkiyə modelinə, dolaysı ilə NATO sisteminə uyğunlaşdırılacaq ki, bu hər iki ölkənin silahlı qüvvələrinin koordinasiyalı və sinxron şəkildə idarə edilməsinə imkan verəcək”.

Ə.Verdiyev qeyd edib ki, Orduda olan çatışmazlıqların aradan qaldırılması prosesləri isə fasiləsiz davam edən normal fəaliyyətlərdir: “Bilirik ki, müharibə ordunun yerinə yetirdiyi ən çətin və mürəkkəb vəzifələrdəndir. Burada çatışmazlıqların ortaya çıxması da gözlənilən idi. Bu problemlərin də aradan qaldırılması həmin struktur dəyişiklikləri ilə paralel olaraq həyata keçiriləcək. Proseslərə artıq start verilib”.

Emin Həsənli Emin Həsənli

Hərbi ekspert Emin Həsənli bildirib ki, Ordu yenilənir, müasirləşir, günün tələblərinə uyğun qurulur: “Hər bir müstəqil dövlətin birinci atributu onun silahlı qüvvələridir. Ordusu güclü olan dövlətin müstəqilliyi əbədidir və daimidir.

Ordunun həm maddi-texniki bazası, həm də kadr potensialının güclü olması, eyni zamanda müasir silah-sursatların alınması, hərbi hissələrin tikilməsi, kazarmaların müasir şəraitdə olmağı və hərbi hospitalların tikinti və təmir işləri yüksək səviyyədə olmağı, hərbçilərin sağlamlığından tutmuş qidalanmasına və silah-sursatla təmin olunmasına qədər məsələlər Ali Baş Komandanın diqqətindədir.

Hərbçilərin mənzillə təmin olunması, əmək haqqının yüksək olması məsələsi də diqqətdədir.

Eyni zamanda orduda daimi islahatlar aparılır. Ordu yenilənir, müasirləşir, günün tələblərinə uyğun qurulur.

XXI əsrin müharibəsi olan 44 günlük müharibədən bütün dövlətlərin ekspertləri deyirlər ki onlar bu müharibədən özləri üçün nəticələr götürdülər. Onlar hərbi təlimlərdə Azərbaycan ordusunun taktikalarından istifadə edəcəklərini bəyan edirlər. Ordularının strategiyasını quranda bu yenilikləri nəzərə alacaqlarını dedilər”.

E.Həsənli qeyd edib ki, Azərbaycanın Quru Qoşunları komandalığını yaratmaq üçün potensialı var: “Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı ordumuz haqqında ən çox məlumatlı, informasiyalı şəxsiyyətdir. Ordumuzda boşluqların aradan qaldırılması üçün hər zaman tədbirlər görülür. Prezident Ordumuzun güclü olması üçün nə lazımdırsa, edib və edir. Prezidentin mətbuat konfransında və YAP-ın qurultayında da Ordu ilə bağlı bir çox addımların atılacağı bildirildi. Biz yaxınlarda bu addımları görəcəyik. Azərbaycan Ordusunun Hava Qüvvələri, Dəniz Qoşunları var. Quru Qoşunları da yarana bilər. Azərbaycanın potensialı var ki, Quru Qoşunlarını yaratsın.

Ordu quruculuğu prosesi davam edəcək. Hərbi qulluqçuların statusu məsələsində qanunvericilik təşəbbüsü göstərilməlidir. Maddələrdə dəyişiklik edilməlidir. Ümumilikdə, qanunun dəyişməsinə ehtiyac var.

Quru Qoşunlarının yaradılması gündəmdədir. Biz bu hadisənin yaxınlarda şahidi ola bilərik.

Kadr islahatları davamlı olaraq həyata keçirilir. Çatışmazlıqlar aradan qaldırılacaq. Ali Baş Komandan Orduda islahatları davam etdirəcək. Onun qəbul etdiyi qərarlar Azərbaycanın milli maraqlarına uyğundur”.

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »