Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çadra və "mini ətək" arasında seçim, yaxud feministlər nə istəyir...
Çadra və "mini ətək" arasında seçim, yaxud feministlər nə istəyir...

Feminist fəallar Bakının mərkəzində 8 Mart Qadınlar Günündə aksiya keçiriblər. Aksiyanın təşkilatçıları qadınlara qarşı baş verən cinayətlərin ədalətli araşdırılmasını, qadınlara qarşı zorakılığın qarşısının alınması üçün effektiv tədbirlərin görülməsini tələb ediblər.

Lakin səsləndirilən şüarlar, təşkilatçılıq yenə anlaşılmayıb. Hətta qadınların özləri tərəfindən belə. Nəticədə  aksiyaya feministlərdən və polislərdən başqa kimsə qatılmayıb desək, yeri var.

Öncə  İstanbul Konvensiyasında nədən bəhs olunur, o barədə bir neçə kəlmə…

Bu konvensiya Avropa Şurasının 11 may 2011-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilmiş toplantısında qəbul edilib. "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" adlı konvensiyanı Avropa Şurasına üzv olan 47 ölkədən 34-ü ratifikasiya edib, Rusiya və Azərbaycan hələlik konvensiyaya qoşulmayıb. Sənəd təkcə qurbanların pozulmuş hüquqlarının müdafiəsini deyil, eyni zamanda qadınların qurbana çevrilməməsi üçün qabaqlayıcı tədbirləri də nəzərdə tutur. Konvensiya qadın və kişinin cəmiyyətdə rolu ilə bağlı stereotipləşmiş zehniyyəti, mental yanaşmanı aradan qaldırmaq, sosial və mədəni davranışın dəyişməsi üçün təşviqat aparmağın zəruriliyini də qeyd edir. Barəsində çox danışılan İstanbul Konvensiyasında qeyd edilən müddəaların əksəriyyəti Azərbaycan qanunvericiliyində var. Yəni hazırda da Azərbaycan qanunvericiliyində məişət zorakılığına qarşı mübarizə aparılması üçün geniş imkanlar var.  Ölkəmizdə 2006-cı ildə "Gender bərabərliyinin təminatları haqqında" qanun, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul olunub.

İstənilən hadisənin iki tərəfi olur. Aksiyanın müsbət tərəfi o idi ki, bütün cəmiyyət qadın hüquqlarını müzakirə etdi. Necə qiymətləndirildi - bu ayrı məslədir artıq. Bu aksiyanın mənfi tərəfi isə onun təşkilatçılıq forması və şüarları idi.Yəni  seçdikləri şüarlarla haqlı olsalar belə, haqsız duruma düşmələri. Hər hansı bir aksiya bir qrupun deyil, cəmiyyətin maraqlarını əks etdirməlidir, bir nəfərin beyin məhsulu olmamalı, ümumi arzunu təmsil etməldir. Əks halda o təhlükəli bir tendensiyanın lokomotivi şəklini alacaq, təbliğat maşınına çevriləcək, özünə tərəfdarlar yığmaq  üçün  həqiqətə bənzəyən yalanlarla bəzədiləcək. Feministlərin ölkəmizdəki qadınlarla aralarında yaranmış uçurum keçən dəfəki aksiyadan sonra daha da dərinləşdi. Yalnız ona görə ki, əllərində tutduqları biabırçı şüarlar kütlənin təhqir hədəfinə çevrildi. Keçən aksiyadan sonra bir cox ailələr arasında xof, qorxu, aqressiya yaranmış qızlarına verdiyi təbii azadlıqlarını məhdudlaşdırmaqla onları qorumağa yönəlik tədbirlərə əl atmışdılar. Belə olan halda o feminizm hansı şəkildə azadlığa xidmət elədi, hansı  hüquqları qorudu. Sıralarına qoşulanların adı əxlaqsız qadınlar siyahısı kimi qara siyahı sayılarsa,  hansı ailə öz qız övladının  feminist olmasına göz yuma bilər? Biz qadın hüquqlarının bərabərliyini, yeni qorxularla aktuallaşdırıb, məhdudlaşdırmamalıyıq. İş, təhsil, karyera üçün irəli getmək imkanı olanların yolunu düşünülməmiş şüarlarla bağlamamalıyıq.

Söhbət  Avropadan qrant alıb milli mənəvi dəyərlərimizə zərbə vuranlardan gedir. Ailə dəyərlərini dağıdanlar, dini radikalizmi dərinləşdirənlər, dövlətin əsaslarının dağıdılmasına yönələn fəaliyyətlər həyata keçirənlər bir az pul qazanacaq, saf, təmiz, bəzən də tay-tuşlarından fərqlənmək istəyib, “cool” görünmək istəyən  gənclər,  ailədə şiddət  görüb  qaça bilmədikləri limanlara sığınanlar da qoşulur onlara, ara yerdə qurunun oduna yaş da yanır. Bu beyin yuyan, dağıdıcı təsirə malik cərəyanların arxasında  qızıl ortanı tapmış  bir ölkənin  ayarları ilə oynamaq cəhdi var. Bu cəhd nəticəsində biz başdan ayağa qapanmış  çadrasının arxasından hətta gözləri belə görünməyən qadınlarla yanaşı, mini ətəyini daha da qaldırıb  bunu  azadlıq kimi sırımaq istəyənlərin  arasında qalmışıq. Nə yaxşı ki, heç bir kütləvi hal almayıb. Əks halda ya qədim Ərəbistana çevrilərdik, ya da “Qırmızı fənərlər” küçəsinə.

Feministlərin şüarlarında  gerçək qadın problemlərinin özəyinə  toxunulmur. Məsələn, erkən nikahlara, uşaq böyüdərkən yaşanan maddi sıxıntılara, aliment verilməsinin dövlət tərəfindən təminatına.

Azərbaycanda qadına qarşı zorakılığın kütləvi xarakter daşıdığını demək olmaz. Məhz qadın olduğuna görə, həmçinin, ictimai yerdə davranışı və xarici görünüşünə görə zorakılığa məruz qalma hallarına da rast gəlinmir. Qadınlar, adətən, ailə-məişət səviyyəsində, eyni zamanda namus cinayətlərində zərərçəkən olurlar. Qadının ailə üzvü olan kişilərin namusu, bəzi hallarda isə hətta mülkiyyəti olması ilə bağlı zərərli təbliğat aradan qalxmalı, ona və ailənin kişi fərdlərinə də qadının şəxsiyyət, azad insan olması aşılanmalı, həmçinin, "namus cinayəti" adlandırılan cinayəti törədən şəxslərə rəğbət bəslənməməli, haqq qazandırılmalıdır. Mövzu bu...

Siyasi tələbləri intim tələblərin gözünə qatıb polis qarşısına çıxmaq isə bu aksiyaları izləyən insanlarda, xüsusən kişilərdə bir sual oyadır. Bizdən nə istəyirlər? Həqiqətən, azərbaycanlı feministlər, axı siz nə istəyirsiniz?

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »