Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qiymətlər qalxacaq - Ekspertdən bahalaşma xəbərdarlığı
Qiymətlər qalxacaq  - Ekspertdən bahalaşma xəbərdarlığı

Bakının ərzaq dükanlarında aparılan müşahidələr və satıcılarla söhbətdə qiymətlərdə artımın olduğu deyilir.

Dövlət Statistika Komitəsi, son açıqladığı rəqəmlərində bahalaşmanın olduğunu təsdiqləyib.

Komitədən bildirilib ki, 2021-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar ayına nisbətən 3,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 1,3 faiz artıb.

Cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, yumru düyünün, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, təzə balığın, südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, pendirin, yumurtanın, kərə, zeytun, günəbaxan və qarğıdalı yağlarının, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, kələmin, xiyarın, bibərin, badımcanın, balqabağın, çuğundurun, yerkökünün, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, meyvə şirəsinin, pivənin qiymətlərində müşahidə olunub.

Ərzaq məhsulları üzrə qiymətlərin artması Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətlərinin artırılması ilə əlaqəli olduğu bildirilir.

Tarif Şurası yanacağın qiyməti ilə bağlı qərarında qeyd etmişdi ki, dizelin yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsir nəzərə alınaraq, hökumətin ayırdığı subsidiyaların məbləğinə yenidən baxılacaq. Bu qərardan iki ay keçməsinə baxmayaraq, fermerlərə hər hansı yardım verilməyib.

Ekspertlər hesab edirlər ki hökumət vaxtında yardım edə bilməsə, fermerlər işləri başa çatdıra bilməyəcək. İşinə davam edənlər isə çəkdikləri xərci çıxarmaq üçün məcbur məhsulu baha qiymətə satmalı olacaq.

Hazırda hökumət fermerlərə mator və dizel yanacağına görə hər hektara təxminən 50 manat subsidiya verir.

Xalid Kərimli Xalid Kərimli

İqtisadçı-ekspert Xalid Kərimli Bizimyol.info-ya bildirib ki, Azərbaycanda ərzaq qiymətlərinin artmasının həm yerli, həm də xarici səbəbləri var.

“Ümumiyyətlə, son dövrlər qlobal bazarlarda da ərzaq qiymətlərinin kəskin artımı müşahidə olunur. Son 8 ayda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) buraxdığı ərzaq qiymətləri indeksi daynmadan artır. Yanvar ayından isə bu artım daha sürətlənib. Bu ilin yanvar ayında 2020-ci ilin dekabr ayı ilə müqayisədə ərzaq qiymətlərinin indeksi 4,3% artıb, bu ilin yanvar ayı ilə ötən ilin yanvar ayı müqayisədə qiymət artımı 13,3%-dir. Bu həm tərəvəz qiymətlərində, buğda, taxıl qiymətlərində, eyni zamanda yağ, süd məhsulları, şəkər mənşəli qidalarda, demək olar ki, həm ət məhsullarında, hamısında ortalama qiymət artımı var”,-deyə X.Kərimli bildirib.

Ekspert qeyd edib ki, 2014-cü ildən sonrakı dövrdə ərzaq məhsullarında qiymətlərin indeksi hazırda ən yüksək səviyyəsindədir: “Bunun da əsas səbəbi pandemiya dövründə dəyər zəncirində qırılmaların olmasıdır. Dünyada ərzaq istehsal edən fermerlər, zavodlar və fabriklər öz işlərini təşkil edə bilməyiblər. Və yaxud tam gücü ilə işləyə bilmədikləri üçün məhsulun maya dəyərində yüksəlmə baş verib.

Qiymət artımında regional səbəblər də var. Məsələn, Çin öz ölkəsində ət idxalını məhdudlaşdırdı. Bu qərar ötən ilin dekabr ayında ətin bahalaşmasına gətirib çıxardı”.

İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, Azərbaycanda ərzaq qiymətlərinin artmasının həm yerli, həm də xarici səbəbləri var: “Ölkəmizdə istehlak olunmuş məhsulların əhəmiyyətli hissəsi idxal olunur. Yanvardan sonra yanacağın və kommunal xidmətdə qiymət artıması istehsalçıların və satıcıların əlavə xərclərinin yaranmasına səbəb olub. Məsələn, dizelin qiymət artımı ərzaq məhsullarında 30 faiz qiymət artımı deməkdir”.

Son xəbərlər
Bütün xəbərlər »