Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Novruz bayramında əfv sərəncamı gözlənilir: kimlər həbsdən çıxa bilər? - Açıqlama
Novruz bayramında əfv sərəncamı gözlənilir: kimlər həbsdən çıxa bilər? - Açıqlama

Novruz bayramı ərəfəsində Prezidentin əfv sərəncamı imzalayacağı gözlənilir. Prezident yanında Əfv Məsələləri Komissiyası son üç həftə ərzində beş iclas keçirib, əfv üçün daxil olan ərizə və vəsatətlər müzakirə olunub.

Əfv Komissiyasının üzvlərindən “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Bizimyol.info-ya bildirib ki, bu il keçirilən 5 iclasda 500-ə qədər müraciətə baxılıb. Ərizələrin hər birinə həssas yanaşıldığını, Əfv haqqında Əsasnaməyə uyğunluğunun araşdırıldığını deyən Ə.Nuriyevin sözlərinə görə, müraciət edən şəxsin yaşı, sağlamlıq durumu, ailə vəziyyəti, maddi ziyan varsa, ödənilib-ödənilməməsi, həbsdə olduğu müddətdə davranışı kimi məqamlara diqqət yetirilir: “Hər bir ərizə ilə bağlı qərar veriləndə mütləq dövlətin və cəmiyyətin maraqları da nəzərə alınır. Yəni şəxsin azad edilməsi dövlətin, cəmiyyətin maraqlarına necə təsir göstərə bilər, bu da çox vacib məsələdir”.

Əliməmməd Nuriyev Əliməmməd Nuriyev

Komissiya üzvü deyir ki, əvvəlcə Əfv Komissiyasının katibliyi və Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin əfv məsələləri sektoru daxil olan müraciətlərlə bağlı müvafiq təsisatlardan məlumatlar torpalıyr, bunun əsasında arayış hazırlanır. Həmin arayış komissiya üzvlərinə təqdim olunur: “Hər bir arayış müzakirə olunur, səsvermə ilə qərarlar qəbul edilir”.

Əfv Komissiyasının sədri Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevdir. Komissiyada hüquq-mühafizə orqanlarının rəhbərləri (Daxili İşlər naziri, Ədliyyə naziri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi və s.), deputatlar, vətəndaş cəmiyyətinin nümayəndələri təmsil olunur.

Ə.Nuriyev bildirib ki, əfv üçün müxtəlif kateqoriyadan olan məhkumlar, onların valideynləri, vəkilləri, qeyri-hökumət təşkilatları müraciət edirlər. Eyni zamanda, hansısa məhkumun əfv olunması üçün Ombudsman, cəzaçəkmə müəssisələrinin rəhbərləri də vəsatət verə bilər.

Əfv haqqında Əsasnaməyə görə, böyük ictimai təhlükə tötətməyən cinayətə görə (maksimum 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan maddələr) məhkum edilən şəxs haqqında hökm qüvvəyə minəndən dərhal sonra əfv üçün müraciət edə bilər. Az ağır cinayət törətməkdə təqsirli bilinən (maksimum 7 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulan maddə) şəxslər cəzanın üçdə birini, ağır cə xüsusilə ağır cinayətlərə görə məhkum edilənlər isə cəzanın yarısını çəkəndən sonra əfv üçün müraciət etmək hüququna malikdir. Ömürlük azadlıqdan məhrum edilmiş şəxs isə cəzanın azı 10 ilini çəkəndən sonra müraciət imkanı qazanır.

Əfv Komissiyası müraciət edən şəxslər, işi araşdırılan məhkumlar haqqında məlumatları açıqlamır. Ə.Nuriyev deyir ki, bu məlumatlar konfidensial sayılır. Həm də Komissiya müzakirələrdən sonra tövsiyə xarakterli qərarlar qəbul edir. Əfv etmək – yekun qərar vermək səlahiyyəti isə yalnız prezidentə məxsusdur: “Əfv məsələsi prezidentin müstəsna səlahiyyətində olan məsələdir. Yekun qərarı Prezident verir. Ona görə də nə vaxt sərəncamın verilməsi, kimlərin əfv olunması prezidentin qərarından asılıdır”.

Bununla belə, əvvəllər də Novruz bayramı ərəfəsində dəfələrlə əfv sərəncamlarının imzalandığını yada salan komissiya üzvü bu il də belə bir addım atılacağını istisna etmir. 2019-cu il martın 16-da imzalanan sərəncamla 432 nəfər əfv olunmuşdu.

2020-ci ilin aprelində isə pandemiya ilə əlaqədar əfv sərəncamı imzalanaraq, yaşı 65-dən yuxarı olan 176 məhkum azadlığa buraxılmışdı.

Fevralın 15-də Bakı İnsan Hüquqları Klubu 110 nəfər məhbusun azadlığa buraxılması üçün həm dövlət başçısına, həm də Əfv Komissiyasına müraciət edib. Təşkilatın rəhbəri Rəsul Cəfərov bildirib ki, müraciətdə adları olanlar arasında həm siyasi, həm də qeyri-siyasi cinayət işiləri üzrə məhkum edilənlər var.

Rəsul Cəfərov Rəsul Cəfərov

2015-ci ilin noyabrında Nardaran hadisələrinə, 2018-ci ilin iyulunda Gəncə hadisələrinə görə həbsdə olanlar, şərti olaraq, “Tərtət işi” adlandırılan iş üzrə ağır cəza almış hərbçilər, Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları, 1995-ci ildə “OMON” olaylarına görə ömürlük azadlıqdan məhrum edilmiş üç nəfərin də adı müraciətdə yer alıb.

R.Cəfərovun sözlərinə görə, qeyri-siyasi işləri araşdırarkən istintaq orqanlarının heç əsas olmadan ittihamı ağırlaşdırması, nəticədə şəxsin lazım olduğundan da ağır cəza alması kimi hallar müşahidə edilir: “Məcələn, qəsdən adam öldürməni heç bir əsas olmadan xuliqanlıq niyyətilə qəsdən adam öldürmə maddəsinə tövsif ediblər. Bu maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzalar arasında kəskin fərq var. İstintaq orqanı lüzumsuz yerə vəziyyəti ağırlaşdırır, məhkəmələr də çox vaxt bunu aradan qaldırmır”.

Hüquq müdafiəçisi bildirib ki, “Tərtər işi” üzrə uzunmüddətli həbs cəzasına məhkum edilmiş hərbçilərdən 25 nəfərlə bağlı sənədləri araşdırıblar. Belə nəticəyə gəliblər ki, onlara qarşı irəli sürülmüş dövlətə xəyanət və digər ittihamlar sübuta yetirilməyib: “Ümumiyyətlə, bu işdə həddindən artıq ziddiyyətlər var, ciddi pozuntulara yol verilib. Sənədləri araşdırandan sonra bizdə əminlik formalaşdı ki, o 25 nəfərin ittiham edildiyi cinayətlərdə əli yoxdur. Onlara dövlətə xəyanət və başqa ağır ittihamlar verilib. Bu ittihamlarla da 15-10 ilə qədər azadlıqdan məhrum ediliblər. Ən az cəza alan 7 il həbsə məhkum edilib. 10 ildən az cəza alanların sayı çox azdır. Halbuki, dövlətə xəyanət ittihamının irəli sürülməsi üçün mötəbər sübutlar olmalıdır. Belə sübutlar yoxdur. Ona görə də onların azadlığa buraxılması üçün müraciət etmişik”.

Hüquq müdafiəçisi qeyd etdi ki, həbs olunanlara işgəncə verilməsi də rəsmi şəkildə təsdiqlənib. Azı 9 nəfər işgəncə nəticəsində vəfat edib.

Son xəbərlər
Bütün xəbərlər »