Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Paşinyan Rusiyanın yalançı hədəfidir, əsas hədəf yenə bizik..."
"Paşinyan Rusiyanın yalançı hədəfidir, əsas hədəf yenə bizik..."

Rusiya Dövlət Dumasının deputatı, ermənilərin dostu, Azərbaycan Respublikasına nifrət edən Zatulin Konstantin və “Rossiya” telekanalının aparıcısı, “ Artsax” sevdalısı, Azərbaycan və Türkiyə düşməni Solovyov Vladimir Ermənistanın baş naziri Nikol Paşinyanı söyürsə.., az qalırsan sonuncunu müdafiə edəsən. Deyə bilərsiniz ki, Solovyov da, Zatulin də Rusiya imperiyasına xidmət edir, ermənidən də bir alət kimi istifadə edirlər, Paşinyanı da erməni sevgisindən yox, imperiya ambisiyasından söyürlər.

Rusiyanın imperiya təfəkkürlü xeyli siyasətçisi, jurnalisti var, amma onların hamısı Azərbaycanı özünə düşmən bilmir. Bu adları çəkilən yaramazlar isə illərdir anti Azərbaycan siyasəti aparıb, erməni işğalını dəstəkləyənlərdir. Paşinyan “Qarabağ Ermənistandır” deyib bizi necə əsəbləşdirirdisə, “Artsax erməni torpağıdır” deyən Solovyov da bizi o qədər hiddətləndirib. Paşinyanın hər dəfə Qarabağa gəlməsi necə varlığımızı aşağılayırdısa , Zatulinin də “Lazarev klubu”nun üzvləri ilə Xankəndində şərab içib: “Artsax müstəqil olmalıdır” deməsi bizi varlığımızdan yox edirdi. Yeri gəlmişkən Zatulin yenə , müharibədən sonra da “ Artsaxın müstəqilliyindən” danışır, Azərbaycanı aqressor adlandırır. Paşinyan yalnız ona müxalif olan Ermənistan siyasi qüvvələri, Ermənistan ordusu ilə deyil, həm də Zatulinlərlə, Solovyovlarla vuruşur. Zatulin, Solovyov, yoxsa Nikol Paşinyan? Belə bir seçim qarşısında qalanda, yəni iki pislikdən birini seçməli olsaq.., Paşinyan bunlardan mərifətli təsir bağışlayır.

Dünən Solovyovun verilişində Zatulinlə ağız-ağıza verib, Paşinyanı istefaya çağırırdılar... Bu cütlük, üstəlik Marqarita Simonyan kimi Rusiyanın əsas xəbər agentliklərinə rəhbərlik edənin birisi Paşinyanın əleyhinədirlərsə.., deməli, bizə nifrət edən bu tip adamlardan Paşinyan az təhlükəlidir. Bu adamlar, daha doğrusu, onları qızışdıran Rusiya Paşinyanın yerinə eləsini düşünür ki, həm Azərbaycana qarşı daha aqressiv olsun, Qərbə meyilli olmasın, Rusiya nə deyirsə “baş üstə” desin. Bu adamlar indi çalışırlar ki, Rusiya sülhməramlıları bütün xarici vətəndaşların Qarabağa girişini sərbəst, maneəsiz etsin.

Təsadüfi deyildir ki, Ermənistanın diaspora ilə işlər üzrə baş müvəkkili Zare Sinanyan Rusiya tərəfi ilə xarici vətəndaşların Dağlıq Qarabağa buraxılışının yeni rejimini müzakirə etməyə başlayıb. O, artıq Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenko ilə danışıqlar aparır. Zare Sinanyanın dediklərindən məlum olur ki, 2019-cu ildə 50 mindən çox xaricdə yaşayan erməni məhz Xankəndinə istirahətə gəlib. İndi də canfəşanlıqla vurğulayırlar ki, qarşıdan yay gəlir, dünya erməniləri hazırlaşır Dağlıq Qarabağa gəlməyə, amma indiki sərhəd rejimi buna imkan vermir. Yalandır. Dünya erməniləri minalanmış Qarabağa gəzməyə gələsi deyillər, amma lap dünya erməniləri mələşə-mələşə Qarabağa gəlmək istəyirlərsə də, onlar Azərbaycan ərazisinə buraxılmaycaq!

Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələ ilə əlaqədar təcili mövqeyini bildirməli, mövcud buraxılış sisteminin 10 noyabr Bəyanatında qeyd edildiyi kimi saxlanacağını və Azərbaycanın razılığı olmadan heç bir xarici vətəndaşın Azərbaycan ərazisinə girişinə imkan verilməyəcəyini bəyan etməlidir. Əks halda, Azərbaycan Laçın dəhlizi istiqamətindəki sərhədə sülhməramlılarla birgə nəzarət edəcəyini şərt kimi irəli sürməlidir.

Rusiya sülhməramlısı Qarabağdadırsa, bu o demək deyil ki, Rusiya istədiyini Qarabağda edə bilər. Rusiyanın dərdi Ermənistan hakimiyyətidirsə (elə odur) istəyir hərbi çevriliş etsin, istəyir mülki, özü bilər. Amma, bizim maraqlarımızı çeynəyib qarşı tərəfə şərait yaratmaqla yox. Hər gün televiziya proqramları vasitəsilə, politoloqların şərhləri ilə bizim əleyhimizə təbliğat aparanlar Qarabağda bizim maraqlarımızı qorumayacaq. Paşinyan isə yalançı hədəfdir, əsas hədəf yenə bizik.(moderator.az)

Ilham Ismayıl İlham İsmayıl
Son xəbərlər
Bütün xəbərlər »