Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş Prokurorluq və DİA arasında əməkdaşlıq memorandumu imzalanıb
Baş Prokurorluq və DİA arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Respublikası Prokurorluğunun prioritet fəaliyyət istiqamətlərindən olan prokurorluq orqanlarında peşə hazırlığının və tədrisin təşkili işinin daha da təkmilləşdirilməsi, ölkənin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirlərin davamı olaraq, 3 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti Baş Prokurorluğun Elm-Tədris Mərkəzində olub.

Tədbir çərçivəsində akademik Urxan Ələkbərovla Baş prokurorun müavini Elmar Camalovun arasında görüş keçirilmiş, görüşdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov və Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə iştirak ediblər.

Daha sonra qonaqlar Baş Prokurorluğun yeni istifadəyə verilmiş inzibati binalar kompleksi, o cümlədən Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, mühazirə, praktiki məşğələlər və iclas zalları, kitabxana, kriminalistika və istintaq otaqları ilə tanış olublar.

Bundan əlavə, Elmar Camalov və akademik Urxan Ələkbərov Elm-Tədris Mərkəzinin kollektivi qarşısında çıxış ediblər.

Elmar Camalov çıxışında Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə mübariz Xalqımızın Vətən müharibəsində qazandığı Zəfər, şəhid ailələri və qazilərimizə göstərilən dövlət qayğısı, işğaldan azad edilən ərazilərimizdə həyata keçiriləcək geniş quruculuq-bərpa işləri və layihələr, post-müharibə dövrünün regionumuz üçün açdığı yeni imkanlar, prokurorluq orqanlarında həyata keçirilən müasir məzmunlu islahatlar, tədris və peşə hazırlığının təkmilləşdirilməsi sahəsində görülən işlər, həmçinin hər iki qurum arasında əməkdaşlıq əlaqələrinin verəcəyi töhfələr barədə məlumat verib.

Akademik Urxan Ələkbərov Elm-Tədris Mərkəzinin kollektivinə hazırki dövrdə aktuallığı ilə seçilən “Qlobal çağırışların idarə edilməsində yeni texnologiyalar: Azərbaycan Respublikasının uğurlu təcrübəsi” mövzusunda təqdimat edib.

Görüşün nəticələrinə uyğun olaraq, Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Memorandum birgə elmi konfransların, dəyirmi masaların və görüşlərin keçirilməsi, elmi məqalələrin, tədris-metodiki vəsaitlərin və mətbu nəşrlərin hazırlanması, hüquq tətbiqi fəaliyyətdə daha çox rast gəlinən problemlərin həlli məqsədilə birgə elmi-praktiki araşdırmaların aparılması və sair məsələlər üzrə geniş və səmərəli əməkdaşlığı əhatə edir.

Son xəbərlər
Bütün xəbərlər »