Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AZAL-ın Rusiyaya bilet qiyməti hamını heyrətə gətirdi
AZAL-ın Rusiyaya bilet qiyməti hamını heyrətə gətirdi

Dünyanın bir çox ölkələri hava əlaqələrini bərpa etməyə başlayıb. Bakıdan hələlik yalnız Rusiyanın paytaxtı Moskvaya və Türkiyənin üç şəhərinə birbaşa reyslər həyata keçirilir. Martda Tiflislə hava əlaqəsinin bərpası da nəzərdə tutulub. Amma qiymətlər heç əlverişli deyil.

Bizimyol.info xəbər verir ki, məşhur “Skyscanner” portalı Rusiyadan müxtəlif ölkələrə uçuşların mart ayı üzrə minimal qiymətlərinin siyahısını açıqlayıb. Azərbaycana reyslərin bahalığı təəccüb doğurur. Təsəvvür edin, Domodedovo hava limanından Bakıya uçan təyyarələrə 324 manatdan ucuz bilet yoxdur. Məsələn, Tokioya bundan cəmi 3 manat baha uçmaq olar. Moskvadan Hindistana gediş-gəliş isə daha ucuz başa gəlir.

Ermənistanla müqayisə də heç ürəkaçan deyil. Rusiyadan ən sərfəli uçuşlar İrəvana təşkil olunur. Moskvadan təxminən 11 avroya Ermənistan paytaxtına yetişmək mümkündür. Yəni bizim qiymətdən təxminən 15 qat ucuz. Başqa sözlə bizim biletin qiymətinə Moskvadan İrəvana 15 dəfə getmək mümkündür. Nə gizlədək, həsəd aparmamaq olmur. Bunu görəndən sonra AZAL-ın (“Azərbaycan Hava Yolları”) qiymətlərinə nəzər yetirirsən, dodaq uçurdur.

Ümumiyyətlə, postsovet məkanında Rusiyadan yalnız Türkmənistana və Tacikistana biletlərin qiymətləri Azərbaycandan bahadır. Qalan ölkələrlə hava əlaqəsi sərfəli görünür. Hər halda, Moskvaya 60 dollardan ucuz uçmaq imkanı əldə edən Qırğızıstan vətəndaşı bundan gileylənməz.

Məsələ sosial şəbəkə platformasının səyahət qruplarından olan “Gəzəyənlər”də geniş müzakirə olunub. AZAL-ın müştəriləri yazıb ki, 324 manata, ümumiyyətlə, birtərəfli bilet almaq mümkün deyil. Bir az araşdıranda həmin şəxslərin haqlı olduğu üzə çıxır. Məsələn, elə “Skyscanner”də bir həftə sonra üçün qiymətlərə baxaq. Tutaq ki, martın 10-da Moskvaya yola düşüb, ayın 17-də geri qayıtmağı düşünürük. Budur, azı 694 dollarımızdan keçməliyik. Bir az ucuz olmaq üçün İstanbul tranzit kimi seçilə bilər. Bunun üçün isə Türkiyədə saatlarla gözləmək lazım gələcək.

AZAL heç apreldə də qiymətləri aşağı salmağı düşünmür. “Azərbaycan Hava Yolları” gələn ay sərnişinləri Moskvaya 550 dollardan ucuz aparıb-gətirməyi planlaşdırmır.

AZAL-ın qiymət siyasəti həmişə tənqid olunur. Şirkət inhisarçılıqda çox ittiham edilib. Ölkədə xarici loukosterlərin – daha aşağı qiymətlərlə reyslər təşkil edən aviaşirkətlərin fəaliyyətinə imkan verilmir. İnsanlar dəyərindən dəfələrlə baha bilet satan AZAL-ın ümidinə qalıb. Buna görədir ki, Gürcüstana üz tutan çox idi. Qonşu ölkə ilə quru sərhədləri açılan kimi yenə ənənəvi mənzərə yaranacaq. Sərnişinlər xeyli ucuz səyahət etmək üçün Gürcüstana yollanacaq. Halbuki ölkədə bu sektorun gerçək inkişafını təşkil etmək olar. Yetər ki, iradə olsun, AZAL-ın məntiqlə və iqtisadi qanunlarla izah edilə bilinməyəcək qiymət siyasətinə son qoyulsun.

Son xəbərlər
Bütün xəbərlər »