Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əmək Nazirliyinin fəaliyyəti ciddi sosial narazılıq yaradır
Əmək Nazirliyinin fəaliyyəti ciddi sosial narazılıq yaradır

Bu gün küçəmizdə yaşayan bir qadınla rastlaşdım. Anadangəlmə iflic olan 19 yaşlı qızını əlil arabasında havaya çıxarmışdı. Söhbət əsnasında uşağa əllillik pensiyasını rüşvətlə , zülmlə aldığını söylədi. Ana bu iflic uşaq da daxil 4 uşağını tək böyüdür. Çox imkansız və dünyadan bixəbər bir insandır. “Haqq” ödəyərək aldığı əlillik sənədinə görə belə şükür edəcək qədər…

Saxta əlillik sənədlərinin alınması ötən əsrin 90-cı illərindəki iqtisadi böhranla başladı. Heç yerdən gəliri olmayan insanlar dövlətdən bir növ yardım almaqla vəziyyətdən çıxmağa çalışırdılar.

İqtisadi böhran insanları saxtakarlığa məcbur etdi. Sonra bu məcburiyyət ənənəvi xarakter aldı. Bu gün də əhalinin social vəziyyəti ağırdır və bu üzdən haqqı çatan da, çatmayan da pensiya almaq istəyir. Amma problem ondadır ki, hazırda müfaviq dövlət qurumunun fəaliyyəti heç vaxt görünmədiyi qədər bərbaddır. Haqqı çatanın da, çatmayanın da əli cibində olmalıdır. Halbuki 90-cı illərdə və 2000-ci illərin əvvəllərində haqqı çatanlara rahatlıqla pensiya təyin olunurdu.

2006-cı ildən bu tendensiya yenidən gücləndi. Hətta vəziyyət o yerə çatdı ki, həqiqi əlillərin sənədlərini “havayı” qəbul etmədilər. Tibbi-sosial ekspert komissiyalarının rəhbərləri başladılar həm mələk, həm də şeytan rolunu oynamağa. Qaçqın və məcburi köçkünlərin statusları ilə bağlı xeyli sayda saxtakarlığıa yol verildi. Birincisi, hər şeyini itimiş vətəndaşlar istənilən yollarla əllərində nəsə imkan yaratmağa çalışdılar, ikincisi, belə vətəndaşların sayının çoxluğu nazirlik və komitələrə maxinasiya imkanı yaratdı.

Səlim Müslümov Səlim Müslümov

Bu kimi halların baş alıb getməsində 2002-ci ildən Dövlət Sosial Müdafiə Fonduna, 2013-cü ildən 2018-ci ilə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbərlik etmiş Səlim Müslümovun böyük rolu oldu. Onun "peşəkarlığı” sayəsində on minlərlə əlilin haqqı yeyildi. Hazırkı nazir Sahil Babayev vəzifəyə gələndə hamı islahat gözləyirdi, amma yeni nazir işə başlayandan sonar Səlim Müslümovun ölənlərinə rəhmət oxutdurdu.

Müslümovun dövründə 5 il ərzində əlillərin sayı 100 min nəfər artaraq 600 mini ötdü. 2013-cü ilə qədər əlillərin sayı 506 min olduğu halda 2017-ci ilin sonunda 613 min təşkil etdi. Qısa müddətdə əlillərin sayı 18 faizə qədər artdı. Nəticədə pensiya alan əlillərin sayında 331 mindən 384 minə qədər artım baş verdi. Müslümov nazir postundan uzaqlaşdırılanda 614 min olan əlil sayı hazırda 634 mindir.

Amma problemə dünya praktikasından yanaşsaq, bu çox kiçik rəqəmdir. Sağlam qidalanma və yüksək səhiyyə xidmətinin olduğu Avropa ölkələrində, məsələn, İsveçdə əhalinin təxminən 15 faizi əlillik pensiyası alır. Azərbaycanda isə bu göstərici 5 faiz ətrafında olsa da, Nazirlik yenə də əlillərin sayını azaltmaq üçün həm qanunvericiliklə manipulyasiya edir, həm də cürbəcür “qara” yollara əl atır. Nəticədə haqqı çatanlar “saxta” adı altında halal pensiya hüququndan məhrum olur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki rəhbər dəyişiklikdən sonra gözdən pərdə asmaq üçün 6500-dən çox saxta əlillik təyinatı aşkarlanıb. Amma bu o demək deyil ki, yeni saxtakarlıqlar dayandırılıb. Sadəcə, əvvəlki rəhbərliyi vururlar, amma özləri sabiqlərin yolunu daha pis formada davam etdirirlər.

Milli Məclisdə “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxışında bildirdi ki, saxta pensiya və müavinətlərin ləğvi nəticəsində 2020-ci il ərzində 250 milyon manat büdcə vəsaitinə qənaət edilib. Amma reallıq budur ki, nazirin “saxta” adlandırdığı əlillik hallarını böyük bir hissəsi heç də saxta deyil. Sadəcə, bilərəkdən elə bir bürokratik system yaradılıb ki, xəstələr xəstəliyini sübut edə bilmir. Şikayətlərə baxan yoxdur, nazirlik öz nəzarətində olan “elektron sistem”I bəhanə gətirərək məsuliyyətdən yayınmağa çalışır.

Yəni qanunsuz, saxta hesab edilərək dayandırılan və geri qaytarılan pensiya və müavinətlərin məbləğlərinin büdcəyə qəanət kimi təqdim edilməsi düzgün deyil. O halda qənaəti artırmaq üçün qurunun oduna yaşı da yandırıb ehtiyacı olanların da əlilliyini ləğv edəcəklər. Çünki biz Azərbaycanda “vur” deyəndə öldürən məmur zehniyyətini yaxşı tanıyırıq. Nazirin fəxrlə dediyi o rəqəmlər insanların sosial durumunu ağırlaşdıran ciddi bir tendensiyadır.

Nazirlik tərəfindən artıq ödəmələrin geri qaytarılmasının məhkəmə qərarı ilə deyil, birbaşa pensiyalara, müavinətlərə, əmək haqlarına yönəldilməsi düzgün hesab oluna bilməz. Burada da qeyri-şəffaflıq var. Haqsız yerə əlilliyi ləğv edilən vətəndaşların hüquqlarını qorumaq imkanı məhkəməylə öz həllini tapmalıdır.

Xatırladaq ki, birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir.

Ölkədə haqqını, hüququnu bilməyən minlərlə insan, eyni zamanda başqalarının haqqına girməyi, yumurtadan yun qırxmağı da bacaran bir o sayda insan var. Ədalət naminə qanunlar yaradıldı. Amma bizlər o qanunları tarazlayıcı yox, maneə kimi görməyə başladıq. Sistemi pozduq. Sistem düzgün işləməyənə qədər bizdən o həsrətini çəkdiyimiz Almaniya, Norveç, İsveç olmayacaq.

Əvvəllər qanunlar pozulurdu, indi Əmək Nazirliyi qanunları elə hala gətirtdirib ki, insanların haqları elə qanunun özü ilə pozulur. Ayağı olmayan adamdan o qədər sənəd və prosedur tələb olunur ki, ağlını da itirmək həddinə çatır.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »