Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu ay yeni bahalaşma dalğası gözlənilir
Bu ay yeni bahalaşma dalğası gözlənilir

Azərbaycanda bilmirəm hansı əsrdən qalmasa, bir məsəl var. Qaynana bicdir - kündədini sayır, gəlin bicdir - kündədən kəsir.

Azərbaycan hökuməti ilə sahibkar dönüblər bu qaynana- gəlinə. Hökumət kündəsini sayan kimi, sahibkar da başlayır kündədən kəsməyə. Çörəyin qiymətini qaldıra bilmirsə, çəkisini azaldır. Amma indilik çəkini azalmaqla yanaşı, qiymətdə də müəyyən artımlara gedilib.

50 qəpiklik təndir çörəkləri bir çox marketlərdə 60 qəpikdən satılır. Digər ərzaq məhsullarında da bahalaşma yanvarın 5-də elan edilmiş yanacaq bahalaşması ilə onsuz da başlamışdı. Novruz bayramının yaxınlaşması ilə yəqin yeni sürprizlərə də hazırlaşmalıyıq.

Qiymət artımı, adətən, bazarda təklifin azalması və ya tələbatın artması ilə ola bilər. Bizdə hal-hazırda bu 2 göstərici ilə bağlı heç bir problem yoxdur. Nə tələbat çoxalıb, nə də təklif azalıb. Məhsulların qiymətində artım baş verib. Bahalaşmanı ilk növbədə dizel yanacağının və suyun qiymətinin qalxması ilə əlaqələndirmək olar. Buna da baza inflyasiyası deyilir.

Qiymət artımı ilə bağlı obyektiv səbəblərin olduğu da deyilir. Əsas ticarət tərəfdaşımız olan Rusiyada son bir ayda qiymətlərin 8-10 faiz civarında bahalaşması daxili bazarımıza ciddi təsir göstərir. Rusiyadakı qiymət artımının Azərbaycana təsirini azaltmaq üçün ilk növbədə, daxili istehsal artırılmalı və ya alternativ mənbələrdən idxal təmin edilməlidir.

Rəşad Həsənov Rəşad Həsənov

İqtisadçı Rəşad Həsənov hesab edir ki, ərzaqda əsas qiymət artımını martda müşahidə edəcəyik.”Mart ayında ənənəvi olaraq kənd təsərrüfatı məhsullarında bahalaşma olur. Bayramla bağlı tələbatın yüksəlməsi səbəbindən artım müşahidə olunacaq. Amma sonra qiymətlər yenidən sabitləşəcək”.

Bəli, bayramlarda adətən, belə olurdu. Amma Azərbaycanda bazar iqtisadiyyatının özünəxas yeriş xüsusiyyəti var. Kim harada kefi necə istəyir qiymət təyin edir, qonşusu ona baxıb bir addım da irəli gedir və bahalaşmanın geri dönüşü olmur. Ən kiçik dalğalanma, ən kiçik böhran artımla nəticələnir. Məsələn, ötən həftə Azərbaycanda soyuq hava şəraiti çörəyin qiymətinə də təsirsiz ötüşmədi. 1,30 manata satılan “doyumluq təndir lavaş”ının qiyməti artıb oldu 1,54 manat. İçərisində 10 ədəd olan “dönər lavaş”ının qiyməti isə 1,20-dən 1,44-ə yüksəlib.

Qiymət artımı baton çörəklərində də müşahidə edilib. Belə ki, 400 qram olan doğranmış baton çörəyi 55 qəpikdən 70 qəpiyə yüksəldi. Çörək satıcısılarından biri Bizimyol.info-ya bildirib ki, əslində unun qiyməti bahalaşsa da, çörəyin qiymətinin artmasına hökumət icazə vermirdi, qar yağması sahibkarların əlinə bəhanə vermiş oldu.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bildirir ki, çörəyin pərakəndə satışı bazarında monitorinqlər zamanı çörəyin qiymətində heç bir artım qeydə alınmayıb.

Dövlət qurumları o qədər qaynar xətlər yaradıb, sonra o xətlərə cavab verməyib. O qədər yalançı statistikalr təqdim edib ki, Azərbaycan insanı indi eşitdiyinə yox, gördüyünə inanır. Bir də hiss etdiyinə…

Yaşadıqlarımız bizim hamımıza gələcəyə dair bədbin proqnozlar verməyi öyrətdi. Ən pisi də budur ki, bu proqnozların hamısı çin çıxır. Bərk durun, cənablar, bizi hələ yeni sınaqlar gözləyir.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »