Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Naxçıvan dəhlizi Türkiyəni regional iqtisadi gücə çevirəcək
Naxçıvan dəhlizi Türkiyəni regional iqtisadi gücə çevirəcək

Azərbaycanla Ermənistan arasında yaşanan Dağlıq Qarabağ savaşından sonra Naxçıvanla Azərbaycan arasında Zəngəzur dəhlizinin də açılması qərara alındı. Bu dəhlizdən keçən quru və dəmir yollarının açılacağını eşidən yerli və xarici iş adamları artıq diqqəti  Qars və İğdıra çeviriblər. Türkiyə KİV-ləri belə yazır.

10 noyabrda imzalanan üçtərəfli bəyanatla Azərbaycan Laçın dəhlizini Mehri dəhlizi ilə balanslaşdırmaq istəyir. Bu dəhliz Naxçıvanla Qarabağın birbaşa quru bağlantısını  yaratmaqla yanaşı, həm də  “Turan qapısı” adlandırılır və region ölkələri üçün böyük əhəmiyyət kəsb edir.

1999-cu ildə ABŞ dövlət katibinin keçmiş müşaviri  Pol Qoblun  planı ilə (Mehri dəhlizi) gündəmə gələn bu dəhliz Azərbaycanı  həm  Naxçıvanla , həm də Türkiyə ilə birləşdirir.

“Qobl planı” kimi tanınan bu sənəd Azərbaycana Mehri ərazisindən Naxçıvana, Dağlıq Qarabağa isə Laçın rayonu ərazisi ilə Ermənistana dəhliz verilməsini nəzərdə tuturdu. Maraqlıdır ki,  Qobl ötən il verdiyi müsahibədə təklif etdiyi planın reallaşa biləcəyindən ümidvar olmadığını dilə gətirmişdi. Hələ ötən əsrin 90-cı illərində Ermənistan bölgənin gələcəkdə hansı strateji əhəmiyyətə malik olacağını görərək İğdırdan torpaq sahələri almağa çalışmış, lakin bu cəhdlər nəticəsiz qalmışdı.

Bu dəhliz enerji və ticarət yollarını kökündən dəyişəcək, Azərbaycana bir xeyli dividend qazandıracaq. Bəs region ölkələri üçün dəhlizin əhəmiyyəti nədən ibarətdir?

Başlayaq Türkiyədən. Türkiyə Orta Asiyadan Çinə uzanan yeni logistik kanala sahib olacaq, 3 milyardlıq əhaliyə sahib olan iri bazarın qapıları açılacaq və  bu yol üzərindəki digər ölkələrlə əməkdaşlıq imkanı genişlənəcək.

Türkmənistan öz qazını bu yol vasitəsilə Avropya çatdıra biləcək. Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı mövcud kəmərlərdən istifadə edə bilər. Türkmənistandan Türkiyəyə çəkilişi  maliyyə çətinliklərinə görə ləğv edilən boru kəməri layihəsi reallaşdırıla  bilər, Azərbaycandan Türkiyəyə daha ucuz çəkilə bilər.

Bu yolun çəklişi müəyyən mənada İrana sərf etmir. Qonşu ölkənin hər düşən fürsətdə öz acığını göstərməsi də bununla izah oluna bilər.

Belə ki, Türkiyə İranla 1996-cı ildə imzalanan qaz satış müqaviləsinə görə min kubmetr üçün 490 dollar ödəyirdi. Əgər qaz Azərbaycandan tədarük edilərsə, bu məbləğ 335 dollara düşəcək.  Dəhlizin açılması ilə Azərbaycanın Naxçıvana qaz göndərmək üçün İrana ödədiyi 15 faiz komissiya haqqı ortadan qalxacaq. Naxçıvana İran vasitəsilə ötürdüyümüz qaz indi Zəngəzur dəhlizi ilə  havayı hərəkət edəcək. İran və Ermənistan arasındakı boru kəmərinin əhəmiyyəti itəcək. Qısası bu günə qədər bizim üçün oynadığı logistik mərkəz, qapı rolu əlindən çıxacaq.

Amma İranın da qazancı olacaq. Rusiya İran üzərindən Hindistana qədər uzun bir ticarət yolunun iştirakçısına çevriləcək. Başqa sözlə, region dövlətləri də, eləcə də Ermənistan dəhlizin açılmasından fayda görəcək.

Azərbaycandan çəkiləcək dəmir yolunun bir qolu Naxçıvana, bir qolu Ermənistana gedəcək. Bununla Ermənistan dünyanın bir çox yerinə çıxış əldə edəcək. Həmçinin, Bakı-Qars-Tiflis yoluna çıxış qazanacaq.

Zəngəzur dəhlizi Azərbaycan iqtisadiyyatı üçün geniş imkanlar pəncərəsi açır. Naxçıvanın sosial, iqtisadi inkişafı, sənayeləşməsi, sosial və humanitar inkişafı ilə bağlı məsələlər hər zaman Azərbaycanın diqqət mərkəzində idi. İndi effektiv quru nəqliyyat xəttinin yaradılması Naxçıvanın inkişafı baxımından böyük nailiyyət demək olacaq. O cümlədən azad edilmiş ərazilərin sənaye potensialının inkişaf etdirilməsində bu dəhliz mühüm rol oynayacaq.  Zəngəzur dəhliziylə Türk dünyası ölkələri Araz boyunca üstünlük qazanmış olacaqlar.

Bəs tikinti nə zaman başlayacaq? Yenə fitnə ilə rastlaşacağıqmı? Laçın koridoru ilə Mehri dəhlizi eyni vaxtda tikiləcək. Əgər yubanma olarsa, Laçının tikintisi gecikdiriləcək. Bu, Azərbaycanın səlahiyyətində olan məsələdir və Azərbaycan tərəfi belə bəyan edib.

Bu gün Ermənistanda  baş verən mitinqlər onu deməyə  əsas verir ki, qonşu ölkə Rusiyanın cəngindən qurtulub iqtyisadi inkişaf  yolu tutmaq əzmindədir. İnkişafın yolu isə qarşıdurmadan yox, sülhdən, ağıllı qərarlardan keçir. Qalib ölkə olaraq Azərbaycan bu imkanı hamıya təqdim edir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »