Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyə ordusunun Azərbaycan üçün model olması, dövlətimizin nüfuzuna güc qatacaq”- Deputat
"Türkiyə ordusunun Azərbaycan üçün model olması, dövlətimizin nüfuzuna güc qatacaq”- Deputat

“Türkiyə ilə Azərbaycan arasında olan münasibətlər hazırda özünün ən yüksək inkişaf dövrünü yaşayır. İstənilən sahədə, istər siyasət olsun, istər hərbi əməkdaşlıq, istərsə də iqtisadi əlaqələr nümunəvi xarakter daşıyır. Hər iki dövlətin ali rəhbərlikləri bütün dünyaya strateji münasibətlərin parlaq nəticələrini nümayiş etdirirlər”.

Bizimyol.info xəbər verir ki, bu sözləri Ankara ilə Bakı arasında dərinləşən hərbi əməkdaşlıq və Türkiyənin Qarabağın bərpasında iştirakını şərh edərkən Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Elnur Allahverdiyev Elnur Allahverdiyev

Deputatın sözlərinə görə, qardaş dövlətin regionumuzda aktivləşəcəyi və Cənubi Qafqazda baş verən proseslərdə söz sahibi olacağı gözlənilən idi. “Hələ Vətən müharibəsi başlamamışdan əvvəl görünürdü ki, bölgəmizdə Türkiyənin maraqları ilə hesablaşmağın vaxtı çatıb. 4 günlük müharibə ərazində qardaş dövlətin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin tarixi qələbəmizdə əhəmiyyətli çəkisi var. Biz hərbi əməliyyatların getdiyi günlərdə də bəzi dövlətlər tərəfindən Azərbaycana təzyiq cəhdlərini görürdük. Onların neytrallaşdırılmasında Türkiyə amilinin də böyük rolu oldu” – deyə deputat bildirib.

E.Allahverdiyev hesab edir ki, Prezident İlham Əliyevin xarici media nümayəndələri üçün mətbuat konfransında Azərbaycanda ordu quruculuğunun Türkiyə modeli ilə həyata keçirildiyini bidirməsi mühüm hadisədir. Artıq Silahlı Qüvvələrimizin silahlandırılması istiqamətində Türkiyə ilə müqavilələr imzalanıb. Ordunun istifadəsində olan silah arsenalında qardaş dövlətin istehsalı olan qabaqcıl nümunələrin çeşidi artmaqdadır: “Son illərdə dünya türk silahının müasirliyi və effektivliyinin şahidi oldu. Həm texniki təchizat, həm də hazırlığı baxımdan dünyanın ən böyük və qüdrətli Silahlı Qüvvələrindən olan Türkiyə ordusunun Azərbaycan hərbiyyəsi üçün bir model olması, dövlətimizin regiondakı nüfuzuna güc qatacaq”.

Deputat əmindir ki, hərbi əməkdaşlıqla paralel iqtisadi ilişkilərin dərinləşməsi də Türkiyənin regionda aparıcı oyunçu, Azərbaycanın isə əsas söz sahibi olan bölgə təmsilçisi kimi mövqelərinin möhkəmlənməsi ilə nəticələnəcək.

“Dövlət başçısı elan etdi ki, Qarabağın bərpasına dair ilk müqavilələr Türkiyə şirkətləri ilə imzalanıb. Məncə bu, tək siyasi və ya iqtisadi proses deyil, həm də mənəvi mahiyyət daşıyan hadisədir. Biz Qarabağımızı qardaşımızla qurub bərpa edəcəyik. Türkiyə müharibə zamanı bizim yanımızda oldu, bərpa işlərində də bizimlə olacaq. Türkiyə amili bölgəmizdə dayanıqlı statusa yiyələnir” – deyə E.Allahverdiyev vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »