Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”

“Ermənilər öz tarixi vərdişlərindən əl çəkməyərək onları qızışdıran, alət kimi istifadə edən qlobal güclərin dəstəyi ilə yeni silahlı terror təşkilatı yaradıb.

“Voma” adlı terror təşkilatı hazırda fəaliyyətdədir və PKK-dan, “Asala”nın törəmələrindən ciddi dəstək alır”. Bu sözləri Türkiyədə fəaliyyət göstərən ASİMED (Əsassız Soyqırım İddialarına qarşı Mübarizə Dərnəyi) adlı təşkilatın rəhbəri, dosent Savaş Eğilmez deyib.

“Bu terror təşkilatının adı “VoxjMnaluArvest”, yəni “sağ qalmaq uğrunda mübarizə” mənasını verən ermənicə sözlərin baş hərflərindən götürülüb, “Voma” adlanır. Ona erməni əsilli Rusiya vətəndaşı, 1965-ci ildə anadan olmuş kəşfiyyatçı Vova Vartanov başçılıq edir”,- deyə qeyd edib.

Eğilmez bildirib ki, Azərbaycan hüquq-mühafizə orqanları həmin terror təşkilatının Qarabağ savaşında xüsusən Xankəndi ətrafında ciddi fəaliyyət göstərdiyini təsbit edib. “Voma” üzvləri azərbaycanlı əsgərlərə və mülki şəxslərə hücumlar həyata keçirib.

“Bu terror təşkilatı yaşları 18-dən 55-ə qədər olan insanları muzdla öz sıralarında toplayır, Avropadan təşkilata qatılmaq istəyənlərin təyyarə biletləri də daxil olmaqla bütün xərcləri ödənilir. Bunları Ermənistanda toplayırlar və çox ciddi təlim keçirlər. Təlimə dağlıq şəraitdə sağ qalmağı bacarmaq, odlu silahlardan, bıçaqlardan istifadə, diversiya hücumlarının təşkili daxildir. Onlara təlim keçənlər istefada olan hərbçilərdir”,- deyə Eğilmez bildirib.

Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bu prosesləri qızışdıranlar xaricdə olan ermənilər və onların Ermənistanda, Qarabağdakı tör-töküntüləridir.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Mən bu cür fəaliyyətləri çox kəskin şəkildə qınayıram. Bu addımları atan radikallara, “Daşnaqsutyun” təmsilçilərinə, kilsənin dəstəklədiyi marjinal qruplara bildirmək istəyirəm ki, bu Ermənistan xalqını növbəti fəlakətə sürükləyən addımdır. Biz 44 günlük savaşda bu kimi terror fəaliyyətlərinin erməni ordusu ilə yanaşı hansı vəziyyətə düşdüyünü, darmadağın olduğunu, məhv edildiyini gördük. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu dəmir yumruqla Ermənistanın özündən razı ordu mifini, 90-cı illərdə “qəhrəman”lıqlar törətmiş təşkilatların nümayəndələrini elə başından elə vurdu ki, bu onlara böyük zərbə oldu. Bu cür təşkilatlar yaratmaqlarından görünür ki, bu onlara dərs olmadı. Hətta ikinci Qarabağ müharibəsində xaricdən gələn terrorçular var idi ki, onların döyüş təcrübəsini, sərkərdəlik qabiliyyətini erməni mediası geniş təbliğ edirdi. Nəticə isə çox faciəvi oldu. Müzəffər ordumuz onları elə günə qoyub ki, indi əksəriyyətinin cəsədləri belə tapılmır.

Mən hesab edirəm ki, sadə erməni xalqı Azərbaycanın gücünü, qüdrətini görüb, anlayırlar ki, növbəti qarşıdurma, konflikt onlar üçün çox faciəvi ola bilər. Bu prosesləri qızışdıranlar xaricdə olan ermənilər və onların Ermənistanda və Qarabağdakı tör-töküntüləridir. Xaricdəki ermənilər öz şəxsi maraqlarından çıxış edirlər. Xarici dövlətlərin müəyyən qruplarından, xüsusi xidmət orqanlarından aldıqları maliyyə və başqa dəstəklərlə bu cür terror təşkilatları yaradırlar və erməni xalqını olmazın fəlakətə düçar edirlər. Həmin o dövlətlərə, onların əlaltısı olan daşnaklara, kilsənin uzantılarına müraciət edirəm ki, bu cür fəaliyyətlərdən əl çəksinlər. Bu cür fəaliyyətlərin nəticəsi və sonu yoxdur. PKK və ASALA kimi terrorçu qrumların təcrübəsindən, imkanlarından yararlanmaq niyyətləri də boşunadır”.

Siyasi şərhçi onu da vurğulayıb ki, ermənilərin bu cür təxribatları, növbəti revanş cəhdləri onlar üçün ərazi itkisi ilə nəticələnə bilər.

“Bölgədə tam bir reallıq var. Bu Türkiyənin dəstəyi ilə Azərbaycanın yaratdığı reallıqdır. Bu reallıq ondan ibarətdir ki, Ermənistan dinc, yanaşı yaşayaraq, sakit bir şəkildə BMT tərəfindən tanınan sərhədləri daxilində öz işi ilə məşğul olmalıdır. Kiçik bir addım onların məhvi ilə nəticələnəcək. Onlar tərəfdən hansısa bir addım atılarsa, bu Qərbi Zəngəzurun Azərbaycan tərəfindən azad edilməsi ilə də nəticələnə bilər. Baxmayaraq ki, Qərbi Zəngəzur Ermənistan ərazisi kimi tanınır, amma qədim Azərbaycan torpağıdır. Ona görə də, onlara ağıllı olmağı məsləhət görürəm”,- deyə bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »