Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan yenə Rusiyaya "ilişdi"
Paşinyan yenə Rusiyaya "ilişdi"

Ermənistanın Baş naziri Nikol Paşinyan bugünkü mitinqdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı “xəyanətkar” adlandırıb.

O bildirib ki, Baş Qərargahın bir neçə gün əvvəlki bəyanatı Qasparyanın istefaya göndərilməsini qaçılmaz etdi. Söhbət Qasparyan da daxil, Baş Qərargahın bir neçə vəzifəlisinin imzaladığı, Paşinyanın istefasını tələb edən bəyanatdan gedir.

Bizimyol.info xəbər verir ki, Paşinyan Baş Qərargah rəisinin keçmiş prezident Serj Sərkisyanın diqtəsilə siyasətə qoşularaq hərəkət etdiyini bildirib: “Bu sənədi kimin imzaladığı vacib deyil. Belə bir sənədi masanın üzərinə qoymaq və imza toplamaq qərarını Qasparyan məhz Serj Sərkisyanın təkidilə verib. Əgər mənim təyin etdiyim Baş Qərargah rəisi rədd edilənlərin əmrlərini yerinə yetirirsə, bu, ən böyük xəyanətdir”, - deyə Paşinyan bildirib.

Qeyd edək ki, Serj Sarkisyan açıq şəkildə Rusiyanın adamıdır. Bunu heç özü də gizlətmir. Paşinyan ordu qiyamına göstərişin Sarkisyan tərəfindən verildiyini deməklə həm də Rusiyanı ittiham edib.

Onik Qasparyanın qızı Hasmik Qasparyan Baş nazirin onun atasının ünvanına səsləndirdiyi “xəyanətkar” ittihamına cavab verib. O, cavabını Facebook hesabından yayımlayıb.

“Fərarilik edən günlərin birində sizin hakiminiz olsa, təəccüblənməyin... Fərarilər dəstəsinin Vətəni müdafiə edənlər haqqında danışması, onları “xəyanətkar” adlandırması gülüncdür. Yeri gəlmişkən, bu cür insanların səs tonu, cəbhə bölgəsindən qaçması ilə birbaşa mütənasibdir. Mən uzun-uzadı güldüm...”, - Hasmik Qasparyan atası haqqında deyilənlərə belə reaksiya verib.

Ermənistanda vəziyyət fevralın 25-dən gərginləşib. Həmin gün Silahlı Qüvvələrin Baş Qərargahı siyasi rəhbərliyin ölkəni təhlükəli həddə çatdırdığını vurğulayaraq, Paşinyanın istefasını tələb etmişdi. Bu isə Paşinyanın Baş Qərargah rəisinin müavini Tiqran Xaçatryanı istefaya göndərməsindən sonra baş vermişdi.

Paşinyan bəyanatı “hərbi çevriliş cəhdi” adlandıraraq, tərəfdarlarını təcili meydana toplaşmağa çağırdı.

Paşinyan bəyanatdan sonra Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsinə dair sənəd imzalayıb. Lakin Ermənistan prezidenti Armen Sərkisyan sənədi təsdiqləməyib. Fevralın 27-də Prezident Aparatı bəyan edib ki, Qasparyanın vəzifəsindən azad edilməsinə dair Paşinyanın imzaladığı sənəd geri qaytarılıb.

Daha sonra Paşinyan bildirdi ki, prezidentin bu cür yanaşması vəziyyətdən çıxış yolu deyil, əksinə, durumu gərginləşdirir. Onun sözlərinə görə, sənəd yenidən Prezident Aparatına göndərilib və bu dəfə imzalanacağına ümid edir.

Son xəbərlər
Bütün xəbərlər »