Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər

Bu gün yayılan məlumata görə, Hesablama Palatası Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında yoxlamalara başlayıb. Bu məlumat məndə ölkədə fəaliyyət göstərən QHT-lərin iş prnsipi barədə müəyyən suallar yaratdı.

Məlum məsələdir, adı olub, fəaliyyəti olmayan, amma yaxşı maliyyə ayrılan çoxlu sayda qeyri-hökumət təşkilatı var. Aralarında bir neçəsi istisna olmaqla heç adlarını bilənlər də yoxdur. Suallarıma Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü ilə birlikdə cavab tapmaq istədim. Bizimyol.info QHT rəhbəri ilə müsahibəni təqdim edir:

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

- Mübariz bəy, QHT-lər ölkəmisin ictimai həyatında hansı rolu oynayırlar?

- QHT-lər, media, xüsusən internet media ölkənin həyatında, onun inkişafında çox mühüm rol oynayırlar. Bir sıra QHT-lər var ki, onlar nəinki ölkə daxilində, hətta xaricdə də aktiv fəaliyyət göstərir, tədbirlər, görüşlər, layihələr, müzakirələr və s. çalışmalar həyata keçirirlər. Eyni zamanda ölkə daxilində də aktiv çalışan, ictimai-siyasi, sosial-iqtisadi, elm-təhsil, mədəni-mənəvi, ekoloji məsələlər və s. istiqamətdə çox ciddi işlərə imza atırlar. Lakin bunlar barmaqla sayılacaq qədərdir. Baxmayaraq ki, ölkədə minlərlə qeydiyyatdan keçmiş QHT-lər var, ictimai fəaliyyət statusuna uyğun gələn, təyinatı üzrə iş görənlər çox azdır. Əksəriyyət ya fəaliyyətsizdir, ya da ki “pul silinməsi” ilə məşğuldur. Ona görə də ictimai rəydə QHT-lərə qarşı bir inamsızlıq, tənqidi yanaşma, etimadsızlıq hökm sürür. Bu rəy internetdə və ictimaiyyətdə o qədər geniş yayılıb ki, artıq hansısa təşkilatın gördüyü işlər də “görülmür”, onu da digərlərinə qataraq bütövlükdə mənfi çalarlarla təqdim edirlər. Başqa bir məqam da bundan ibarətdir ki, iş görən QHT-lər də fəaliyyətlərini lazımi şəkildə təqdim etmədiklərinə, edə bilmədiklərinə görə ümumi sıyahıda “əriyirlər”.

- Onlara ayrılan vəsaitdə ədalətlilik prinsipi varmı?

- Ədalət prinsipi demək olar ki, heç bir qurumda yoxdur. Şəxsən mən 16 ildir fəaliyyət göstərən bir QHT-nin sədri kimi deyirəm ki, heç bir dövlət qurumundan ədalətli yanaşma görməmişəm. Nisbət məsələsilə götürsək, kiçik istisnalar olub. Vəsaitin ayrılması, ayrılan vəsaitin hesabatının təqdim olunmasında kiçik istisna və fərqlər olub. Amma ümumilikdə əksər dövlət qurumları qrantlar ayıran zaman onu özünə yaxın olan QHT-lərə, yaxud yaxın ətrafı tərəfindən yaradılmış təşkilatlara ayırıblar. Bu, havadan söylənən fikirlər deyil. Nümunə göstərə bilərəm. Məsələn Mədəniyyət Nazirliyi. Sabiq nazir Əbülfəs Qarayevin vaxtında QHT-lər üçün elan edilən müsabiqə o qədər qeyri-şəffaf keçirilirdi ki, qalib gəlməyi demirəm, qatılmağın özü belə qeyri-mümkün görünürdü. Burada söhbət yüz minlərdən, ümumi toplasaq, milyonlardan gedirdi. Nazir işdən azad olunanda da müəyyən fikirlər səsləndi və neqativ məqamlar gündəmə gətirildi. İndiki mövcud durumu tam olaraq bilmirəm. Ümumən götürəndə bəzi dövlət qurumlarımızın QHT-lərlə bağlı siyasətinin, qrant müsabiqələrinin keçirilməsində şəffaflığın təmin olunmasının, ictimai şuraların yaradılması işinin aparılmasının qənaətbəxş olduğunu söyləmək mümkün deyil.

- Eşitdiyimə görə kirli pulların yuyulmasında da QHT-lərdən istifadə olunur. Adı olub, özü olmayan QHT-lərin yaranmasının gizli səbəbi də budur.

- Kirli pulların yuyulmasında nə dərəcə iştirak etdiklərini konkret faktlarla söyləmək imkanımız yoxdur. Çünki bəzi qurumlarda bu məsələləri çox ciddi məxfilik altında icra olunur. Burada biz dövlət qurumlarıyla bağlı fikirlərimizi bildiririk. Amma sizə deyim ki, bir sıra beynəlxaql təşkilatlar, onların yerli ofisləri dövlət qurumlarımızdan nəinki geri qalmır, onlar daha böyük neqativ əməllərlə məşğul olurdular. Heç zaman da gördükləri işlərin hesabatlarını vermirlər. Bir neçə il bundan əvvəl Azərbaycan hökuməti onların vasitəsilə maliyyələşmə məsələsini dayandırdıqdan sonra proses QHT-lər üçün başa çatmış oldu. Hazırda dövlət qurumlarımızın bəziləri adı olub, özü olmayan QHT-ləri müsabiqələrdə saxta yollarla qalib çıxartmaqla onların vasitəsilə pulları mənimsəyirlər. Necə deyərlər pulu bir ciblərindən çıxarıb digər ciblərinə qoyurlar. Təəssüf ki, bir sıra QHT-lərimizi də bu oyunlarda iştirak edirlər, alət olmağa razı olurlar. Ona görə də cəmiyyətdə QHT-lərimizə qarşı bir inamsızlıq, etimadsızlıq mühiti hökm sürməkdədir.

- Vətəndaş cəmiyyəti deyiriksə, əsl QHT və İB-lər necə fəaliyyət göstərməlidirlər əslində?

- Adına, profilinə, nizamnamə məqsəd və məramına uyğun fəaliyyət göstərməlidirlər. Fəaliyyətdə, qrantların, layihələrin icrasında şəffaflıq prinsipi gözlənilməlidir. Ümumiyyətlə QHT vətəndaş cəmiyyəti anlamını verir. Bu ada uyğun da fəaliyyət olmalıdır. Porifilinə uyğun məsələlərdə təşkilatlar yalnız layihə icra etməklə deyil, aktiv vətəndaş, ictimai fəal mövqeyi ortaya qoymalıdır. Problemlərin həllində, neqativ halların aradan qalxmasında, ictimai nəzarətin təşkilində fəallıq göstərməlidirlər.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »