Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda prezidentə qarşı impiçment: “Qan da tökülə bilər”
Ermənistanda prezidentə qarşı impiçment: “Qan da tökülə bilər”

Ermənistan parlamentindəki hakim “Mənim Addımım” fraksiyası tərəfindən Prezident Armen Sərkisyanın mümkün impiçment prosesi gündəmə gətirilməyə başlanıb.

Hakim fraksiyanın deputatı Vaaqn Ovakimyan sosial şəbəkədə yazıb ki, buna səbəb Prezident Armen Sərkisyanın Baş nazir Nikol Paşinyanın Baş Qərargahın rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə sərəncam layihəsini imzalamaqdan imtina etməsidir.

Bunu ardınca İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan bildirib ki, əgər Ermənistan parlamentinin hakim fraksiyasının deputatları Konstitusiya Məhkəməsinin razılığını almasalar və üçdə iki səs toplamasalar, prezidentin impiçmenti prosedurunu reallaşdıra bilməyəcəklər.

“İmpiçment üçün Mənim Addımım Blokuna 88 səs (hazırda blokda 83 səs var) lazımdır. Bir sıra müstəqil deputatlar da var ki (Mənim Addımım Blokunu tərk edənlər), onların da mövqeyi bəlli deyil. İmpiçment prezident institutuna birbaşa təhdiddir. Bu proses hakim qüvvə üçün siyasi sui-qəsd olacaq”, – deyə o bildirib.

Erməni müxalifəti Sərkisyanın impiçmentinə izn verəcək?

Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü baş verən son hadisələrlə bağlı Bizimyol.info-ya verdiyi şərhdə bildirib ki, hazırda Ermənistanda vəziyyətin stabilləşməsi üçün olan ümidlər də azalmaqdadır, çünki qarşı-qarşıya duran tərəflərin heç biri güzəştə getmək istəmir. Onun sözlərinə görə, prezidentin də artıq bu məsələdə tərəf tutduğu hiss olunur.

Mübariz Göyüşlü Mübariz Göyüşlü

“Ermənistan prezidenti nə qədər tərəfsiz olduğunu göstərmək istəsə də, qanun çərçivəsində davranışlara səsləsə də, lakin onun baş qərargahı dəstəklədiyi görülməkdədir. O, öz səlahiyyətlərindən istifadə edərək, Paşinyanın göndərdiyi sənədi imzalamamaqla artıq tərəfsiz olmadığını göstərmiş oldu. Bu gün Ermənistan prezidenti 2008-ci ilin mart hadisələrində həlak olanların xatirəsini ziyarət edərkən tərəfləri qanun çərçivəsində mübarizəyə səslədi. Lakin bütüb bunlar yalnız sözdür, fikirdir. Hiss olunur ki, Ermənistan prezidenti Paşinyanın getməsinə tərəfdar olan qüvvələrlə iş birliyindədir. Təbii ki, bu məqamı Paşinyan da hiss etməmiş deyil. Paşinyan baş qərargahın birinci dəfə verdiyi bəyanata da etiraz olaraq keçirdiyi aksiyada da elan etmişdi ki, ya hazırki Ermənistan prezidenti Sarkisyan onun göndərdiyi sənədi imzalamalıdır, ya da digər tərəfin yanında olduğu bəlli olacaq.

Mən durumun daha da gərginləşəcəyini gözləyirəm. İmpiçment məsələsi də mümkün variantlardan biri kimi görsənir. Artıq Ermənistanda iki tirəlik yaranıb. Məsələn, bu gün həm Paşinyan, həm də müxalifət mitinq elan edib. Qurumların bir hissəsi Paşinyanın, bir hissəsi isə müxalifətin tərəfində çıxış edir. Düşünürəm ki, Ermənistan hakimiyyəti bu proseslərdə prezidentin Paşinyana qarşı müsbət olmayan rolunu nəzərə alaraq, onun impiçment məsələsini gündəmə gətirə bilər. Paşinyan hər cür vəclə prezidentə, baş qərargah rəisinə və həmin sənədə imza atmış generallara təzyiq etməyə çalışacaq. Artıq bu və ya digər formada təzyiqlərin olacağı gözlənilir. Hər iki tərəf başa düşür ki, bu mübarizədə uduzan tərəf məhv ediləcək. Yəni, uduzan tərəf sadəcə vəzifədən getməyəcək, həm də həbs edilərək ağır cəza tədbiri tədbiq olunacaq.

Təxminən 13 il bundan öncə Ermənistanda hakimiyyət uğrunda qanlı qırğın baş vermişdi. Həmin hadisələrdə yüzlərlə şəxs döyüldü, əzildi. Hətta təxminən bir neçə nəfər öldürüldü”.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistan müxalifətini dəstəkləyən Sarkisyan, Köçəryan və onlara qarşı çıxan Paşinyan üçün qan tökülməsi, zor tədbiq edilməsi adi siyasət normasıdır.

“Normal siyasi mühit yoxdur. Bu gedişatla qan da tökülə bilər. Artıq Paşinyan və müxalifət tərəfdarları arasında müəyyən qarşıdurmalar hiss olunur. İlk qarşıdurmalar bir neçə gün öncə mitinqdə baş verdi. Bu gün isə hakimiyyət təmsilçisi olan deputata yumruqla vurublar və bu barədə cinayət işi başlayıb. Bu mənada durumun kəskinləşəcəyi, impiçment və s. metodlardan istifadə edəcəkləri görünür. Nəticə isə həm xarici dəstəkdən, həm də xalqı, dövlət qurumlarını kim daha çox öz ətrafına səfərbər edə biləcək bu məsələlərdən asılıdır. Qısa müddətdə biz vəziyyətin daha da aydınlaşacağının şahidi olacağıq. Əgər impiçment baş tutarsa, bu Paşinyanın qarşı tərəfə vuracağı ən böyük zərbə olacaq”,- deyə bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »