Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"

“Sarayları şadlıq evindən kiçik olan xanlar və müasir dövrün sultanları”

Dünyanın ən zəngin insanları barədə danışanda  daha milyonçu yox, milyarder ifadələrini işlədirik. Onların varidatı ilə bağlı məlumatları oxuyanda adi insanların xəyal gücü belə çətinə düşür. Qəribədir ki, Azərbaycanda rəsmi qeydiyyata alınmış milyarder və milyonçular yoxdur. Bu barədə düşünəndə ötən əsrlərin zənginləri ilə müasir milyarderləri müqayisə etməyə bilmirəm. Necə deyərlər, varlının parası kasıbın çənəsini yorar. Amma, bu da var ki, əgər xalq, dövlət olaraq varıqsa, deməli, bir qrupun əlində  cəmlənmiş o milyonlarda hamımızın payı var. Bu gün iqtisadçı Eldəniz Əmirovla çox maraqlı bir mövzudan danışacağıq. Milyonu necə qazanmaq barədə.

Eldəniz Əmirov Eldəniz Əmirov

- Eldəniz bəy, Azərbaycanın XIX əsrin sonlarında məşhur milyonçuları keçmiş kasıblar idilər.  Milyonçu və ya milyarder olmaq  üçün əmək bəs edirmi, yoxsa  şanslı doğulmaq, fürsətgir olmaq da önəmlidir?

- Neft milyonçuları haqda danışarkən onların “varlanma” və “davranma” mövzularına ayrı ayrılıqda toxunmaq istəyirəm. Bir yazı oxumuşdum, müəllif  Bakı milyonçularından yazarkən onların öz zəhmətilə varlandığını yazırdı. Bilirsiz, bu absurd fikirdir. İnsanın sahib olduğu torpaq ərazisindən neft çıxır və insan varlanır. Burada hansı zəhmət var?! Təbii ki, hər işin arxasında əmək durur. Torpaqdan çıxan nefti pula çevirənə qədər ciddi proseslərdən keçir. Heç nə asan başa gəlmir. Amma bu əsas vermir ki, kimsə desin ki, filan milyonçu zəhməti hesabına varlandı.

- Məşhur neft milyonçularımız Tağıyev və Muxtarovun varlanma və davranmasından danışsaq, o asan qazanc mənbəyinin haqqını verə bildilərmi sizcə?

-H.Tağıyev yetim qaldığı üçün on yaşından bənna köməkçisi işləyib. Bacarığı hesabına tikinti təşkilatçısına qədər qalxıb. Düzdür, adam fenomen insan olub. Kapitalını artırdıqca təkcə neft sənayesində qalmadan toxuculuq, balıqçılıq, enerji və digər sənaye sahələrinə yatırımlar etmişdi. Ümumilkdə onun davranışlarını xarakterisə etdikdə görürük ki, o, Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran ilk şəxslərdən olub. Amma bütün bunları ona verən nə olub? Torpağında fontan vurən neft quyusu.

Murtuza Muxtarov da Balaxanı-Zabrat kəndləri ətrafında salınan qazma kontorunda fəhləliyə başlayıb. Sonra neft ustası olub. Adam gecə-gündüz çalışıb. Hətta bəzi dəzgahları özü ixtira edib. Özünə “Muxtarov podratı” adlı kontor yaradıb genişləndirib. İşini isə Amerikaya qədər genişlındirib. Amma bütün hallarda onu milyonçu edən ixtirası və neft ustalığı olmadı. Onu milyonçu edən neft fontanları oldu.

Yəqin ki, oxucularınız mənim bu fikirlərimə görə məni qınayacaq. Qınayanların da böyük əksəriyyəti bilirsiz, kimlər olacaq? Kimlər ki, “bu gün Azərbaycanın neft pulları hara gedir?” deyə tez-tez sual səsləndirənlər, sərvətlərin düzgün bölüşdürülməməsini iddia edənlər olacaq. Amma gəlin, bir az dərindən təhlil edək. Nə fərqi var, məhsul həmin məhsul, xalq həmin xalq. Sərvət həmişə xalqa mənsub olmalıdır. Bu gün hər barrelin hesabını soruşuruqsa, əsrin əvvəlində nə baş verirdi ki, neft yalnız milyonçuların olmalı idi. Səbəb sadə idi. İctimai-siyasi quruluş, cəmiyyətin geriliyi, iqtisadi münasibətlərin başqa formatda olması idi. Buna görə əsla heç bir milyonçunu qınamaq kimi bir düşüncədə deyiləm. Dövrün tələblərinə uyğun formalaşmiş düzən idi. Bəlkə də Tağıyevin yerinə indiki “qəhrəmanlar” olsaydı, heç onun etdiyi xeyriyyəçiliyin 5%-ni etməzdi. Bütün kapitalını hər sentinə qədər toxunulmaz saxlardı.

İndi gəlin  təsəvvür edək ki, “Günəşli” yatağı Əhməd adında birinindir. “Dostluq” yatagındakı Azərbaycanın payı isə Məmməd adında başqa birinin. Eləcə də “Bahar”, “Əşrəf” və digər yataqların hər biri fərdi milyonçularındır. Heç bilirsiz, nə baş verər?

- Təsəvvürümə bu məqamda küçələrdə “Qalenvagen”lə yarışan zəngin balaları gəldi. Bir də öz neft quyuları hesabına dənizlərdə adalar salan ərəb şeyxləri. Azərbaycanda sadə insanın neft olmadan milyonçu olmaq şansı yoxdu yəni?

- Neft milyonçuları sadəcə, bəxtləri gətirdiyi üçün, Abşeron ərazisindəki torpaqlarında neft fontan vurduğu üçün milyonçu oldular. Qubada, Lənkəranda, Qaxda onlardan yüz dəfə artıq çalışan elə insanlarımız oldu ki, gecə-gündüz çalışdılar, elə kasıb da ölüb getdilər. Bəxt!

- Bəs beyin gücüylə, çalışqanlıqla hara qədər yüksəlmək olar?

- Bəzi qabaqcıl ölkələri çıxmaq şərtilə planetin digər yerlərində çalışmaq hesabına milyonçu olmaq praktik olaraq mümkün deyil. Varlanmaq olur, amma müəyyən həddə qədər. Ondan yuxarısı mümkün deyil. Hər 100 milyonçudan 95-nin arxasında gözəgörünməz əl var.

- Bəs iş həyatında , karyera pilləsində necə?

- İnsanların kariyerası da belədir. Savadına və bacarığına güvənən insanlar zəhmətləri hesabına müəyyən qədər irəliləyirlər. Daha sonra qarşılarına maneə çıxırdəmir qapı çıxır. Təsəvvür edin pilləkənlə qalxırsız və müəyyən səviyyədən sonra qarşınıza dəmir qapı çıxır və bu qapının tutacağı yoxdur. Onu heç cür özün tərəfdən aça bilməzsən. Mütləq şəkildə kimsə bu qapını o biri tərəfdən açmalı və sizi o biri tərəfə dəvət edərək keçirməlidir. Yoxsa sizin kariyera yüksəlişiniz elə həmin dəmir qapı qarşısında bitəcək. Var-dövlət sahibi olmaq da belədir. İnsan çalışmaqla, vuruşmaqla müəyyən qədər sərvət toplaya bilər. Amma milyonçu olmaq üçün fərdi fəaliyyət kifayət etmir. Ya ötən əsrin milyonçularında olduğu kimi şəxsi neft quyuları hesabına milyonçu olursuz, ya da zəngin və geniş iqtisadi sistem olan mühitdə (ABŞ, Qərbi Avropa və s.) yaşadığınız üçün bacarıqlarınız sayəsində milyonçu titulunu əldə edirsiz.

- Xan sarayına  səyahət edəndə düzü Xanın sarayı gözümə şadlıq saraylarından kiçik dəydi. Ötən əsrin milyonçuları daha zəngin idi, yoxsa indiki milyarderlər.

- Mən cağdaş dövr üçün “milyonçu” ifadəsini “milyarder” anlam haqqında da işlədirəm. O dövrdə olan milyonçularla indi olan milyonçuları müqayisə etmək məsələsinə gəldikdə isə bunları nominal olaraq müqayisə etmək düz deyil. Belə bir müqayisəni elmi əsaslandırılmış şəkildə aparmaq üçün gərək biz həmin illər üzrə ölkədə olan makroiqtisadi göstəriciləri əks etdirən statistikaya malik olaq. Məsələn, 1909 və 2019 cu illərin makroiqtisadi göstəriciləri. Eyni zamanda həmin illərin milyonçularının kapitalının həcmi haqqında məlumatlarımız olmalıdır. Lakin 1909-cu ildə makroiqtisadi göstəricilər haqda, 2019-cu ildə isə milyonçuların kapitalı haqqında məlumatımız yoxdur (gülür). Buna görə də elmi əsaslara söykənən müqayisə çətindir.

- O zaman sadə yanaşma ilə “hər birinin öz kapitalı hesabına öz dövründə nələr eedə bilərdi” sualını qoyaq.

- Bu zaman  aydın olur ki, Azərbaycanın hər rayonunda onlarla, Bakıda isə yüzlərlə Tağıyev var. Rəsmi olaraq isə nəinki milyarderimiz, heç milyonçumuz da yoxdur. Tağıyevin, ya da Nağıyevin tikdirdiyi binalara baxıb, “milyonçu bunu tikdirdi” deyirik. Amma indi bu statusda olan “milyonçular” 3-5 mərtəbli bina nədir, şəhərciklər salırlar. Ucu-bucağı olmayan komplekslər inşa etdirirlər. Bağ evində gözətçi və qulluqçular olan hissə isə “Səadət sarayı” boydadır.

- Amma indikilərin xeyriyyəçiliyi barədə eşitmirik.

- Xeyriçəlik məsələsinə gəldikdə isə sadə bir misal deyəcəm. Bunun nəticəsində o dövrün və bu dövrün milyonçuları arasında fərqi aydın görəcəyik. Əvvəla qeyd edim ki, bizim xalq olaraq milli təfəkürümüzdə nifrət çox az, minnətdarlıq hissi isə çox böyük yer tutur. Buna görə də zaman-zaman bizə pislik edən düşmənlərə də yetəri qədər nifrət etməyi bacarmadığımız halda, əl tutan hər kəsə onun verdiyi faydadan daha üst səviyyədə təşəkkür etməyi xoşlayırıq. Yəni mental olaraq biz bu düşüncəyə sahibik. Baxın, kimdən soruşsaq ki, Bakıya Şollar suyunu kim çəkib, deyəcəklər H.Tağıyev. Amma Tağıyev susuz qalan Bakının su təminatı üçün Bakı Şəhər İdarəsinə dəfələrlə müraciətdən sonra iş görülmədiyi üçün 25 min rubl pul vermişdi ki, Şollar layihəsinin icrasına başlansın. Amma bu vəsait çox cüzi idi. Buna görə iş uzanırdı. Yalnız II Nikolayın 1909-cu ildə Bakı şəhərinə 27 milyon rubl həcmində istiqraz buraxılmasına icazə verməsindən sonra Şollar su kəməri tikintisinə başlanıldı. Demək ki, əslində Tagıyev pul ifadəsində çox cüzi bir hissəni – milyonlar qarşısında 25 min yardım etmişdi. Amma onun zəhməti pulla bitməmişdi. O illərlə bu layihənin icrası üçün çaba göstərmiş, maraqlı tərəfləri hərəkətə gətirmək üçün həvəsləndirci işlər görmüş, çar Rusiyası ilə danışıqlarda can qoymuşdu. Nəticədə də 25 min rubl da cibindən verib Şollar su kəmərinin tamamlanmasına nail olmuşdu.

İndi gəlin Oğuz-Qəbələ-Bakı su kəmərini yadımıza salaq. Heç təsəvvür edə bilirsizmi ki, kimsə öz cibindən “AzərSu”ya bir manat pul ödəsin ki, sən Allah al bu pulu, gerisini də özünüz düzəldib, Bakıya su çək. Şəxsən mən təsəvvür etmirəm. Hələ əksinə, bir milyard manata yaxın büdcəsi olan bu kəmər layihəsində Allah bilir, kimlər nə qədər qazanc əldə etdi. Fərq budur.

Söhbətləşdi: İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »