Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”

Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan deyib ki, müharibə dövründə Azərbaycanın strateji obyektlərini, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəmərini “İsgəndər” raketlərilə vurmaq istəyib. Amma onun bu barədə təkliflərinə Baş nazir Nikol Paşinyan icazə verməyib.

Bizimyol.info xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinin Direktorlar Şurasının sədri Aram Qabrelyanov “Telegram” kanalında yazıb. Qabrelyanovun sözlərinə görə, Qasparyan özü söhbət zamanı ona bu haqda danışıb.

Aram Qabrelyanov Aram Qabrelyanov

“Bir halda ki, “İsgəndər”dən söhbət düşdü, sizə bir məsələni deyim. Təxminən bir ay əvvəl Moskvada Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanla çətin, uzun bir söhbətimiz oldu. Danışılanların hamısı haqda sizə məlumat verə bilmərəm. Amma Nikol Paşinyan bu misilsiz silahla bağlı mövzunu qaldırdığına görə Onikin bu haqda söylədiklərini demək olar ki, sözbəsöz sizə çatdıracağam. Nəticəni özünüz çıxararsınız”, - Qabrelyanov belə yazıb.

Qasparyan jurnalistlə söhbətində bildirib ki, Azərbaycanla müharibənin üçüncü günü Baş Qərargah rəisi olaraq, “İsgəndər” raketlərindən istifadəyə qərar verib. Əsas iki strateji hədəfi vurmaq istəyib ki, bunlardan biri də Bakı-Tbilisi-Ceyhan neft kəməri olub. Amma Nikol Paşinyan ona icazə verməyib.

Qasparyanın sözlərinə görə, Rusiya isə etiraz eləməyib: “Baxmayaraq ki, ruslar etiraz etmədi, dedilər ki, sizin müharibədi, öz işinizdi, amma Paşinyan qəti şəkildə qarşı çıxdı, icazə vermədi. Şuşanın əlimizdən çıxmasından üç gün əvvəl yenə Paşinyandan icazə istədim ki, Şuşa ətrafındakı dağın ətəklərində olan çoxlu sayda canlı qüvvəni iki “İsgəndər”lə vuraq. Lakin Paşinyan yenə də icazə vermədi. Dedi ki, biz bir anda bir neçə min əsgəri vurub öldürsək dünya ictimaiyyəti bizi lənətləyər. Mənə bir dəfə “İsgəndər”dən istifadə etməyə icazə verildi, o da Şuşa şəhərində. Ondan istifadə edib, şəhərə bir neçə tank gətirməyi bacardıq. İki gün sonra mənə əmr gəldi ki, Şuşadan geri çəkilim”.

Bir müddət əvvəl Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan müsahibəsində bildirmişdi ki, müharibənin 3-4-cü günü artıq erməni tərəfi “İsgəndər” raketlərindən istifadə etməli idi.

Bir gün əvvəl ona cavab verən Paşinyan isə “İsgəndər”lərin çoxunun yararsız olduğunu bildirib: “Belə fikirlər mənə də deyilib. Bunu iddia edən cavabını da bilir, ona görə belə suallar verməməlidir. Ondansa bunu desinlər ki, niyə atılan “İsgəndər”lər partlamadı? Yaxud da 10 faizi partladı...”

Fevralın 25-də Ermənistanda silahlı qüvvələrin Paşinyanın istefası tələbilə bəyanatını, paytaxt İrəvanda səhər tezdən etiraz aksiyalarının keçirilməsini Baş nazirin bir gün əvvəl “İsgəndər” raketləri haqda dediklərilə əlaqələndirənlər də var. İddia olunur ki, Moskva Rusiya silahlarının yararsızlığı haqda açıqlamanı meydan oxumaq kimi qiymətləndirib və buna görə Paşinyanı cəzalandırmaq qərarına gəlib.

Silahlı qüvvələrin bəyanatından sonra Paşinyan Qasparyanın Baş Qərargah rəisi vəzifəsindən çıxarılması haqda sərəncam imzalayıb.

Son xəbərlər
Bütün xəbərlər »