Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəsmi qurumlar "donub", əhali gücləndirilmiş “dua rejiminə” keçib
Rəsmi qurumlar "donub", əhali gücləndirilmiş “dua rejiminə” keçib

Dünəndən dəyişmiş hava şəraiti bir çox əlaqədar qurumları məcbur edib ki, gücləndirilmiş iş rejimində işləsinlər.

Çox yox, cəmi 5-6 dərəcə şaxta var. Amma əlaqədar qurumların yarıtmaz işi məcbur elədi ki, əhali “gücləndirilmiş dua rejiminə keçsin”, buzlaşmış yollarda yeriyib bel- buxununu qırmasın, belə böhranlı günlərdə soyuqlayıb özündən və ətrafındakılardan şübhəyə düşməsin. Uzun illərdir hər hansı təbiət şıltaqlığının qarşısına eyni hazırsızlıqla çıxırıq. Bakının merləri dəyişsə də, problemləri dəyişmir. Bircə dəfə qar yağınca bütün qara işlər, problemlər üzə çıxır. Deməli, merlər kimi, iş metodları da dəyişməlidir.

Hazırda Bakı şəhəri üzrə "20 Yanvar” körpüsü, Şamaxınka dairəsi, Ziya Bünyadov prospekti, Tbilisi Prospekti, Günəşli və Yasamal rayonu ərazisində buzlaşma var. Polis əməkdaşları xidmət aparan yollarda nizamlayıcı qismindədir. Nə işdirsə, yol təmizləyən avtomobillərdən çox polislər işləyir dünən və bu gün.

AAYDA sözçüsü Anar Nəcəfli dünən yaranmış problemlərlə bağlı bildirdi ki, qurum fasiləsiz iş rejimində çalışsa da, çovqun qarı yenidən yollara səpib, buna görə də müəyyən problemlər yaranıb. Amma əsasən sürücülərin avtomobillərini qışa hazırlıqsız vəziyyətdə saxlaması səbəbilə sürüşmələr olub, bu da həm sürücülərin özlərinə, həm də ətrafdakılara problemlər yaradıb. Əhali günahlandırıldı…

“Problem ona görə yarandı ki, qar müntəzəm olaraq yağdı, çovğun qarı yenidən yola səpirdi. Gün ərzində 5-6 dərəcə şaxta müşahidə olunub. Bu çərçivədə işlərimiz davam edib. Dünənki vəziyyətin yaranmasında sürücülərin də rolu var idi. Çünki avtomobilləri qışa hazır olamayanlar, qış şinləri taxdırmadan yola çıxanlar daha çox problem yaratdılar və başqalarına da yaşatdılar. Bizim sürücülər düşünürlər ki, bizdə qar yağmır qış şinləri olmadan da sürmək olar. Amma müsbət 5 dərəcədən aşağı temperaturda avtomobillər qış rejimində işlədilməlidir. Yollara hər nə qədər duz-qum səpilsə də, belə maşınlar sürüşür.Münasibət 50-50-yə olmalıdır. Onlar da düşünməlidirlər. Dünyanın heç bir ölkəsində asfalt görünənə qədər yol təmizlənmir. Sadəcə yol təmizlənir ki, avtomobillər hərəkət edə bilsinlər. Bakıda insanlar bunu düşünmür. Dağlıq ərazilərdə yaşayanlar daha hazırlıqlı olurlar. Dağlarda qış artıq noyabrda dekabrda başlayır.Bu ərazilərdə yaşayan sürücülər də hazırlanırlar. Bakıda problemi məhz həmin sürücülər yaradırlar.Yoldan sürüşüb çıxan avtomobillərə baxdıq, hamısının təkəri kapron təkərlər idi Axı başqalrının da həyatını riskə atırlar. Bu gün sabah ümid edirəm belə problem yaranmaz.

Qarın təmizlənməsi ilə bağlı şəhər mərkəzi bizim xidmət sahəmizə aid deyil.Bu ərazilərə yerli icra struktrturları cavabdehdirlər.Təmizlənən qar yol kənarına tökülüb”,- deyə o bildirib.

Nəzərə çatdıraq ki, elə bu yol kənarına tökülmüş qar 39 nəfərin travma alması ilə nəticələnib.

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov isə bildirib ki, dünən və bu gün yollarda hər gün Bakıda küçələrə çıxan avtomobillərin heç 5-10 faizi olmayıb. Sadəcə, biz Bakı sakinləri qışa hazırlıqlı deyilik deyə problemlərlə üzləşirik.

Ərşad Hüseynov Ərşad Hüseynov

“Ədalət naminə dünən küçələrdə avtomobil çox az idi. Heç həmişə tıxac yaradan avtomobillərin 5 faizi yola çıxmamışdı.Ona görə taksi çatışmazlığı da yarandı. Biz bilmirik kimlər hansı məqsədlə yola çıxır. Amma zərurət olmadan kimsə elə havada yola çıxıb özünü ziyana salmaq istəməzdi. Belə çıxır ki, təbiəin günahı var ki, tez- tez yağıb bizə qış şəraitində yaşamağı öyrətmir. Dağlıq rayonlarda insanlar noyabrdan aprelə qədər qar olacağını bildiyi üçün istilik, su və nəqliyyatını buna uyğun hazırlayır”.

Dünən redaksiyamıza gələn çoxlu sayda zənglərin əsas hədəfi marşrut xətlərinin işləməməsi və taksi xidmətləri idi. Saatlarla avtobus dayanacaqlarında avtobus gözləyən sərnişinlər oldu. Dünən konkret olaraq 194, 262 saylı avtobusları 40 dəqiqə, hətta 2 sat gözləyənlər olub. Niyə bu qədər fasilə yarandı?

BNA sözçüsü Mais Ağayevin dediyinə görə, yollarda buzlaşma səbəbi ilə hərəkət edə bilməyən sürücülər avtobusların hərəkətinə maneə yaradıb. Amma qəsdən məsuliyyətsizlik göstərən daşıyıcılarla işə xitam veriləcək. Zərurət yaranarsa, xidmət göstərməkdə problem yaradan xətlərə BakuBusun avtobusları buraxılacaq.Taksi qiymətlərinə isə dövlət cavabdeh deyil. Ötən il taksilərə vahid qiymət qoyulsun deyəndə maneələr yaradıldı, əhali də narazılıq etdi”,- deyə BNA-dan bildirildi. Yenə əhali günahkar çıxarıldı.

Bəs dünən taksilər hara yoxa çıxmışdılar? Sifarişli taksi xidmətlərinə zəng edənlər niyə saatlarla yol gözləməli oldu. Taksi xidmətləri niyə iflic oldu?

Bizimyol.info-ya açıqlama verən taksi xidmətlərindən birinin sahibi Sahib Kərimov qeyd edib ki, işə götürülən sürücülərlə müqavilədə kəskin hava şəraitində mütləq işləmək öhdəliyi yoxdur. Əgər sürücü xəttə daxil olursa, sifarişi qəbul edirsə, onun öhdəliyi yaranır. Belə bir öhdəlik yalnız şirkətlərin balansında olan və əməkhaqqı ilə işləyən taksilər üçün qoyulub. Dünənki gün faktiki olaraq sürücülərin işləməsini stimullaşdırmaq və onların risklərini gözə almaq üçün qiymətlərdə artım edildi və sürücülər 2, 3 qat artıq qiymətə xidmət göstərdilər.

Maraqlıdır ki, günün düz vaxtı taksiylə yaxına sifariş verəndə sürücünün ilk sözü “mən o boyda probkalardan, filan döngədən geri qaydıb gəlməliyəm” sözləri olur. Deməli, sən taksi ilə gedirsən, amma sürücünün geri dönüş pulunu verməli olursan.

Bu hələ 9 ildə bir görünən qarın yaratdıqlarıdır. Özü də söhbət mənfi 20, 25, 40 dərəcədən getmir. Cəmi 5-6 dərəcədən gedir.

Dünən problemlərlə əlaqədar zəng etdiyimiz əksər qurumların rəsmiləri yaranmış problemlərdə təbiəti və əhalini günahlandırdı. Operativ Qərargah da xəstəliyin yayılmasında və davam etməsində əhalini günahlandırırdı, dünən qarda AAYDA sürücüləri günahlandırdı, “Azərsu” vətəndaşları ittiham edərək dedi ki, bizim işimiz su çəkməkdir, suyun donmasına nəzarət etmək deyil. Maraqlıdır ki bu iki işi niyə eyni müəssisə həyata keçirmir ki, lazım olanda insanlar məsul şəxs axtarışına çıxmasınlar?

“Azəriqaz” deyir qazı çox yandırıb limiti aşırsınız, pulunu vermirsizsə, buna biz yox, siz günahkarsınız.

Qısası, hamısının babalı əhalinin boynuna. Bahalıq, qiymət artımı, işsizlik, soyuq, qəzalar… Hamısı bizim boynumuzda. Boynumuz qırılmasa, yaxşıdır bu qədər yükün altında. Molla Nəsrədiin demiş bəs oğrunun heçmi günahı yox idi?

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »