Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu

Müxalifətçi Aleksey Navalnının həbsi Qərbin Rusiyaya təzyiqlərini artırıb. Onun dərhal azad olunması tələb edilir. ABŞ hətta Navalnıya görə Rusiyaya sanksiya tətbiq etməyə hazırlaşır.

Bizimyol.info xəbər verir ki, “Amnesty International” Navalnını daha vicdan məhbusu kimi tanımaq istəmir. Rus müxalifətçinin statusu geri alınır. Beynəlxalq təşkilat qərarı Navalnının nifrət nitqinə yol verməsiylə əlaqələndirir.

“Amnesty International”ın Avropa və Orta Asiya ofisinin direktor müavini Denis Krivoşeyev Azadlıq Radiosuna xəbəri təsdiqləyib. O, sorğuya cavabında Navalnının keçmişdə söylədiklərinin qərar verməyə əsas yaratdığını bildirib. Krivoşeyev bir çox ifadələrinin nifrətin təbliği kimi qiymətləndirildiyini deyib: “Bu da “Amnesty International”ın vicdan məhbusu kriteriyasına uyğun gəlmir”.

Navalnı yanvarın 17-də vicdan məhbus elan edilmişdi. Siyasi fəal həmin gün Almaniyadan Rusiyaya 4 aylıq aradan sonra qayıtmışdı. Onu aeroportda həbs etmişdilər. “Amnesty International” Navalnının həbsindən dərhal sonra qərarını açıqlamışdı. Çünki müxalifətçinin vətənə qayıdan kimi həbs olunacağı gözlənilən idi.

“Amnesty International”ın Rusiya və Avrasiya üzrə media meneceri Aleksandr Artemyev “Mediazona” portalına açıqlamasında Navalnının köhnə videolarında və sosial media statuslarında ziddiyyətli ifadələrə rast gəldiklərini söyləyib. Söhbət daha çox 2000-ci illərin ortalarında səsləndirilən fikirlərdən gedir. Artemyevin fikrincə, həmin ifadələrin yenidən yayılmasında məqsəd Navalnının işinin legitimliyini azaltmaq, onun saxlanmasına ictimai qəzəbi zəiflətməkdir.

Krivoşeyev Azadlıq Radiosunun sorğusuna cavabında bildirib ki, “Amnesty International”ın Navalnının dərhal azadlığa buraxılması, Rusiya hakimiyyətinin siyasi təqibinə son qoyulması uğrunda mövqeyi dəyişməz qalır. Direktor müavini müxalifətçinin tamamilə günahsız olduğunu dilə gətirib: “Amnesty International” Navalınının dərhal azad edilməsi tələbilə Rusiya hakimiyyətinə iki yüz min imza göndərib”.

Navalnıya qarşı 2020-ci ilin avqustunda Omskdan Moskvaya gedərkən sui-qəsd təşkil olunmuşdu. Siyasi fəal zəhərlənərək komaya düşmüşdü. Navalnının həyatını sonradan Berlində xilas etmək mümkün olmuşdu.

Xatırladaq ki, siyasi fəaliyyətinin başlanğıcında çıxışlar edərkən, Navalnı Orta Asiya və Qafqazdan Rusiyaya işləməyə gedənləri təhqir etmişdi. O, adıçəkilən regionlardan Rusiyaya gedənləri “tarakan kimi əzməyin” lazım olduğunu demişdi. O bildirmişdi ki, Rusiyanı həmin ərazilərdən gələn miqrantlardan təmizləmək lazımdır.

Əlavə olaraq qeyd edək ki, 2008-ci ildə Rusiya-Gürcüstan münasibətləri gərginləşəndə Navalnı Tiflisə qanadlı raket atmağı təklif etmişdi.

Son xəbərlər
Bütün xəbərlər »