Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Media islahatları və bizim düşüncələrimiz
Media islahatları və bizim düşüncələrimiz

Mediada islahatların labüdlüyü artıq illərdir, müzakirə olunur. Uzun zaman medianın, əsasən, iqtidaryönlü və müxalifətyönlü deyə iki hissəyə bölünmüş olmasından narahatlıq ifadə edilrdi. Az-çox müstəqil media subyektləri də çox zəif idi deyə ictimai rəyi daha çox qarşıduran media qrupları idarə edirdi. Sonrakı mərhələdə müxalifət siyasi səhnənin kənarına sıxışdırılıb küncə qoyulduğundan müxalifət mediası da eyni taleni yaşadı.

Artıq yarımleqal və illeqal siyasi mübarizə iqtidar düşərgəsinin öz daxilinə keçincə, media da bu yeni konyukturaya uyğun şəkilləndi; ya, ümumiyyətlə, tənqidçi ruhunu itirdi, ya da ən yaxşı halda hakimiyyətdaxili qrupların və indvidlərin qarşılıqlı kompromat savaşına meydan, çox zaman da alət oldu. Yeni yaranan və bir çox "köhnə" media subyektləri məqsədli olaraq kompromat materialları ilə təchiz olundu (və olunur da). İndi artıq bu sıraya ayrı-ayrı tanınmış-tanınmamış blogerlər də əlavə edilib. Yəni normal jurnalist aktual mövzuda araşdırma aparmaq istərkən çoxlu maneələrlə və məhrumiyyətlərlə üzləşirkən bir başqa qrup jurnalistlərə, blogerlərə, vlogerlərə dövlət orqanlarının və böyük biznes strukturlarının içərisindən hazır materiallar, hətta normal jurnalistika üçün əlçatmaz olan fotolar, videogörüntülər, rəsmi sənədlərin surətləri hazır gəlir. Yəni jurnalist əməyi məqsədli yönləndirilir. Bu, əlbəttə ki, bir yandan cəmiyyətə qapalı məlumatların çatdırıla bilməsi baxımından müsbət bir meyl kimi şərh oluna da bilər, ancaq o biri yandan yaradıcılıq azadlığını və yaradıcı rəqabəti də bloklayır; informasiyaların və tənqidin də inhisara alındığı görünür. Beləliklə, medianın bütövlükdə zahiri obrazı da, daxili mahiyyəti də təhrif olunmuş olur.

Əlbəttə ki, medianın müstəqilliyi təkcə onun yaradıcılıq keyfiyyti ilə ölçülmür; əslində medianın iqtisadi müstəqilliyi onun bütün başqa pozitivlərini - yaradıcı vicdanını və peşəkarlıq səviyyəsini, eləcə də, texnoloji innovativ inkişafını şərtləndirir.

Bura media fəaliyyətinin reqlanentasiyasını da əlavə etmək vacibdir; onillərlə media qanunvericiliyinin formalaşması və tətbiqi vektorları da proqressiv deyil, reqressiv olub. Yəni hər şey medianın müstəqilliyinin və jurnalist azadlığının məhdudlaşdırılması prinsiplərinə tabe edilib. Nəticədə, əsasən, birrəngli, birsəsli media kütləsi formalaşıb. Belə bir cansız, nəfəssiz media biznes üçün reklam tərəfdaşı kimi cazibəsini və effektivliyini, əsasən, itirib. Media ilə reklam əməkdaşlığı quran şirkətlər isə, uzun zaman mənsub olduğu məmur-oliqarxı və özünü tənqiddən sığortalamaq, kompromat savaşının episentrinə düşməmək məqsədini əsas tuturdu. Bu üzdən ictimai həyatın bütün başqa sahələri kimi, medianın da islahatlara ehtiyacı var.

Hazırda keçmiş KİVDF-nin bazasında yeni yaradılan Media İnkişaf Agentliyi (MEDİA) yeni dövrün yeni mediasının konturlarını cızmağa çalışır, yeni addımların siqnalını verir. Bunlardan biri "Media haqqında" yeni qanunun hazırlanmasıdır. Əlbəttə ki, bu qanun layihəsi ilə bütövlükdə ictimai müzakirələr və müfəssəl məlumatlar olmadığından, MEDİA-nın icraçı direktorunun verdiyi açıqlamalardan yaranan fraqmentar təsəvvürlər var. Bu açıqlamalardan məlum olan budur ki, medianı daha ciddi hüquqi çərçivələrə gətirmək istəyi var. Bu istəyi doğuran tələbata misal kimi media subyektlərinin və jurnalistlərin hüquqi statusunu daha da netləşdirmək göstərilir. Təxminən belə bir əsas göstərilir ki, indi hər əli qələm tutan özünü jurnaist, media qurumu adlandırır. Bəs əslində jurnalist kimdir və media subyekti nədir? Başqa sözlə, bu sahədə uçotun-qeydiyyatın daha dəqiq aparılması məqsəd kimi ortaya qoyulub. Vahid uçot-qeydiyyat sistemindən söhbət gedir. Özlüyündə müsbət fikirdir. O başqa məsələdir ki, bu yeni uçot-qeydiyyat prosedurları hansı meyarlar və prinsiplər əsasında aparılacaq. Bu haqda Mətbuat Şurasında da (MŞ) uzun zaman müzakirələr olsa da, dövlət iradəsi tələb olunduğundan həyata keçməyib. Eyni zamanda MŞ son zamanlar özünə qanunla inzibati səlahiyyətlər, rıçaqlar əldə etməyə çalışdı ki, bu da əslində jurnalist cəmiyyətində, əsasən, xoş qarşılanmamışdı. İndi həmin inzibati rıçaqların MEDİA-ya verilməsi müzakirə edilir. Və gedişatdan görünür ki, veriləcək də. Ancaq bunun da həddi-sərhəddi, bütövlükdə fəlsəfəsi media azadlığına və peşəkar müstəqilliyinə zərər vurmayacaq tərzdə müəyyənləşməlidir. Şübhəsiz ki, həyat davam və inkişaf etdikcə, media da, onun hüquqi reqlamentasiyası da inkişaf etməli və dəyişməlidir. O cümlədən, jurnalistin peşəkar fiqurasının da aydınlaşması. Ancaq belə durumlarda jurnalistlər adətən narahat olur. Təkcə ona görə yox ki, jurnalist öz peşəsinin tələblərinə görə hər yeni haqqında "köhnədən daha pis olmayacaq ki" deyə şübhəyə düşür və sual verir (zatən onun işi budur). Eyni zamanda biz daim müşahidə etmişik ki, mediada və media qanunvericiliyində hər dəyişmə olanda "daha yaxşı olacaq" eşidib daha pisini almışıq. Ümid edək ki, bu dəfə elə olmayacaq. Türkiyənin, sivil cəmiyyətlərin təcrübəsindən əxz olunanlar var (hər halda belə istəklər ifadə olunur). Bu, müsbət tendensiyadır. Bu elementlərdən biri vahid jurnalist kartlarıdır. Bu sətirlərin müəllifiTürkiyə mediası ilə dəfələrlə və yaxından təmasda olub. Orda ilk dəfə bu məsələ ilə bağlı hələ 1994-cü ildə təcrübə ilə tanış olub. O cümlədən, hökumətə bağlı Mətbuat və Yayım Baş Müdürlüyündə görüşlərdə və müzakirələrdə iştitak edib. Vahid jurnalist kartının üstünlükləri haqda da məlumatlarımız var. Bununla bağlı Azərbaycan Jurnalistlərinin Qurultayında da qərar verilib, ancaq icra olunmamış qalıb. Əslində vahid jurnalist kartı ilə bağlı jurnalistlər arasında formalaşan fikir, əsasən, müsbətdir. Ancaq, təbii ki, onun hansı meyarlarla və necə tətbiq olunacağından da çox şey asılıdır. Bəli, bu kartların, məsələn, Türkiydə jurnalistlərə vermiş olduğu bir sıra imtiyazlar var. Bu, sırf peşə fəaliyyətini dəstəkləyən imtiyazlardır. Ancaq ən əsas avantaj kimi məlumatlara əlçatanlığı asanlaşdıracağı deyilir. Başlıcası da, məhz budur. Ancaq bütövlükdə ölkədə azad informasiya mühiti yaradılmasa, ictimai marağın açıqlannasını tələb etdiyi informasiyaların jurnalistdən gizlədilməsi yenə də stimullaşdırılacaqsa, vahid kart da kömək etməyəcək. Bir məmur və ya dövlət qurumu verməli olduğu məlumatları asanlıqla gizlədə biləcəksə və cəzasız qalacaqsa, nə fərqi var ki, onu hansı jurnalist hansı kartla ondan istəyib?! Biz media islahatları deyəndə ilk növbədə informadiya mühitinin islahatından başlamalıyıq. Biz təkcə jurnalistin kimliyinin və əldə etdiyi xəbəri necə təqdim edəcəyinin üzərinə köklənsək, işlər yenə yarımçıq qalar. Biz eyni zamanda - paralel və ya hətta prioritet olaraq, jurnalistə onun yaymalı olduğu informasiyaların vaxtında və tam həcmdə verilməsinə xüsusi önəm verməliyik. Medianın islahatıarı dövlətin və cəmiyyətin həyatındakı proseslərdən ayrı götürülə bilməz. Media dövlətin, cəmiyyətin inkişafına yön verərkən özü də yeni yaranan reallıqlardan təsirlənir. Müsbət və ya mənfi. İqtisadi, siyasi, sosial hüquq və azadlıqların məhdudlaşdırıldığı bir yerdə azad media necə formalaşa bilər?! Medianın müstəqillik və peşəkarlıq səviyyəsi (ki, bunlar həm də bir-birindən doğur) cəmiyyətdəki azadlıq indeksi ilə şərtlənir. Jurnalistin və media subyektinin hüquqi statusu ona gerçəkdən hüquq vermək üçün düşünülürsə, müsbət nəticə doğuracaq, əvvəlki kimi, hüququn daha da məhdudlaşdırılması kimi düşünüləcəksə, əks effekt olacaq. Bütövlükdə, jurnalistin qanun qarşısında rəsmi statusunun netləşdirilməsinə qarşı deyilik. Ancaq jurnalist öz obrazını, imzasını öz qələmi ilə yaradır; onun cəmiyyət qarşısında status qazanması ən başlıca şərtdir ki, bu da həqiqətə münasibəti ilə bağlıdır. Bir sözlə, mediada islahatlar deyəndə biz bunu yalnız və yalnız hüquqi prosedurlar sistemi kimi anlamalı deyilik, həm də və bəlkə də ilk növbədə ictimai maraqlar baxımından yanaşmalıyıq. Bunları bir-birindən ayırmaq, xüsusilə də, bir-birinə qarşı qoymaq olmaz. Hüquqi prosedurlar, institusional islahatlar vahid media xoru yaratmağa deyil, çoxsəsli media ansablına yönəlsə, nəticə müsbət olacaq. Azad media sadələşdirilmiş situadiyanın deyil, mürəkkəb situasiyanın hadisəsidir, məhsuludur. Ümid edirik, hazırda anonsu edilən media islahatları səmərəli, mürəkkəb situasiyanı yaratmağa yönəlib.

Bahəddin Həziyev Bahəddin Həzi
Son xəbərlər
Bütün xəbərlər »