Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yarımçıq qar sevinci: Ağ yolların qara dərdləri
Yarımçıq qar sevinci: Ağ yolların qara dərdləri

Hər ilin payızında AzTv mütləq şəkildə Bakının qışa yüksək səviyyədə hazırlığı barədə süjetlər verir. Həmin süjetlərdə də xaricdən alınmış bahalı təzə qartəmizilyən avtomobillər, traktorlar nümayiş etdirilir, hazırlıq işlərinin tamamlandığı, qışa tam hazır olduğumuz deyilir.

Amma təəssüf ki, biz o avtomobilləri heç zaman görə bilmirik. Halbuki belə müntəzəm qar yağarkən o avtomobillər də müntəzəm işləməlidir. Necə ki, polis, ordu dayanmadan iş başındadır, onlar da eyni qayda ilə, xüsusilə də belə günlərdə gücləndirilmiş iş rejiminə keçməlidirlər. Çünki yoltəmizləyən avtomobillərin ildə uzaqbaşı bir həftə gərgin işi olur.O gün də bu gündü. Amma gərginliyi yaşayan daha çox vətəndaşıdır, nəinki əlaqədar qurumlar.

Elə ki göydən bir balaca yağış düşdü şəhər yollarını su basır. “Azərsu” hər zamankı kimi deyir ki, kanalizasiya xətləri yağış sularının axıdılması üçün nəzərdə tutulmayıb. Topu atır başqa qapıya. Hələ ki, seldən sudan danışmayacam. Ona ən az 2-3 gün vaxtımız var - qar əriyənə qədər. İndi dərdimiz hələlik xətlər donduğu üçün suyun olmamasıdır, yağan qarın gətirdiyi əlavə problemlərdir. Buzlanan, tıxaclanan yollar, kəsilən elektrik enerjisi, qazın verilməsində yaranan məhdudiyyətlərdir. Qar sevinci Bakıda özünü belə göstərir - iflic olan yollar, donan xətlərə görə susuz, eyni zamanda istiliksiz, işıqsız qalan evlər. Efirə çıxanda "hər şey güllük-gülüstanlıqdır" deyən məmurlar, bəs hanı o reklam elədiyiniz cənnət?

Hazırlıq səviyyəsi budursa, Allah eləməmiş hazır olmadığımız zəlzələ, sunami, daşqın , yanğın olsa, nə edəcəyik? Yanğın dedim də, bir neçə il öncə Nobel prospektində plastik üzlüklərlə örtülmüş binadakı o qorxunc yanğın yadıma düşdü. Bəla gəlirəm demişdi, kimsə fərqində olmamışdı. Olan da sadə camaata olur, ölən də sadə camaat olur.

Bir-iki gün mediada hay-küy yaranır, tez-tələsik kimisə günah keçisi edib işdən atırlar, tuturlar, yenə köhnə dəyirman başlayır öz işinə. Qış fəslində havanın sərt keçməsi kommunal problemlər deməkdir. Bu da vaxtında hazırlıq tələb edir. Bizmkilər sanki problemin yaranma ehtimalına deyil, yaranmama ehtimalına güvənirlər və qışa hazırlaşmırlar. Bakıda qışda mənfi 5 dərəcə temperatur nadir hallarda görünür , o belə vəziyyəti bərbad edir. Biz Sibirdə, Şimalda yerləşsəydik, nə olardı? Yəqin ki, kirpilər kimi qış yuxusuna getməkdən başqa çarə tapa bilməzdik.

Bu gün əsas problem qardan təmzilənməyən yollarda sürüşən avtomobillərlə bağlı olub. Halbuki Naxçıvandan göndərilən görüntülər könül açır. Demək işi düzgün təşkil etməklə qarlı havalarda da nəqliyyatın hərəkətini problemsiz təşkil etmək olar. Üstəlik, gecikən nəqliyyat vasitələri də yollarda , dayanacaqlarda əziyyət çəkən vətəndaşlar deməkdir. Qarın yağması davam edir, güclü külək və şaxta var. Bir ərazi təmizlənib bitənə kimi yenidən qarla örtülür. Avtomobil Yolları Dövlət Agentliyi bildirib ki, agentlik şəhərə giriş-çıxış yollarına və əsas 5 prospektə - Heydər Əliyev, Ziya Bünyadov, Nobel, Babək və Moskva prospektlərinə nəzarət edir.

Amma Bakı yalnız mərkəzi prospektlərdən ibarət deyil. Bakı 11 inzibati rayona bölünür: Binəqədi, Xəzər, Xətai, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Yasamal. Bu rayonların bəzisi doğma, yerdə qalanları ögey övlad kimidirlər.

Bu gün Yeni Yasamal (M.Xiyabani və Ə.Əhmədov küçələri), Günəşli, Hövsan, Şüvəlan, Binə, Badamdar, Xırdalan, Müşviqabad;, Mehdiabad, Digah, Masazır dairəsi, Kürdəxanı yol, Məmmədli və Yanardağ yolu, Biləcəri, Xutor adlanan ərazidən Azadlıq prospekti istiqaməti, Baksol yolu, Zığ yolu, Salyan şossesi, Bibiheybət yolu, Bakı dairəvi yolunda nəqliyyatın hərəkətində problemlər qeydə alınıb. Bu durumda vətəndaş nə düşünür?

Düşünür ki, rəsmi qurumlar işləyə bilmir, qalmışıq Allahın ümidinə. Yaponlar deyirlər ki, biz problem yaranmadan onun həllinə başlayırıq ki, problem ümumiyyətlə, olmasın. Azərbaycanlı məmurlar deyir ki, problem varsa, demək iş var. Özlərini işgüzar göstərmək istəyən bir ovuc adam xalqa tonlarla problem yaratmaqla məşğuldur. Çarəsi var. Sadəcə, hərə öz işini görməlidir, həm də vicdanla.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »