Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağda suverenliyimiz nə vaxt tam bərpa olunacaq… - Açıqlama
Qarabağda suverenliyimiz nə vaxt tam bərpa olunacaq… - Açıqlama

33 il bundan əvvəl -20 fevral günü Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistan SSR-ə birləşmə haqqında qərar qəbul  etdi və taleyimizə hələ də davam edən bir münaqişə yazıldı. Hər il olduğu kimi bu il də ermənilər bu “dirçəliş gününü” qeyd edirlər, lakin bu dəfə təmtəraqlı bayram havasında yox, kədərli musiqisi sədaları altında.

Yürüşdə bir kilometrədək “bayrağı” əllərində küçə boyu daşıyan gəncləri, qondarma rejimin rəhbərlərini, hətta onların yanında sülhməramlıların keşişini də gördük. Təbii ki,  tam qələbəmizin bir addımlığında  Xankəndiyə giriş arzu olaraq qaldı və bu gün  qələbədən sonra belə Azərbaycan tərəfi humanizm,  sülh mesajları verərkən Qarabağda yaşayanların “dirçəliş” mitinqi keçirməsi bizdə əsəb yaratmaya bilməz. Bir çox analitiklər bu yürüşün, mitinqlərin cavabının verilməli olduğunu israr edirlər. Bəziləri isə düşünür ki, bu şou sadəcə bizi qıcıqlandırmaq üçün təşkil olunmuşdu.

Politoloq Eldar Namazov Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, onların bu addımı azərbaycanlıların əsəbləriylə oynamağa  hesablansa da, biz səbrli olmalıyıq, çünki hazırda vəziyyət  bizim xeyrimizədir.

Eldar Namazov Eldar Namazov

“Hazırda istər İrəvanda, istər hazırda sülhməramlıların nəzarəti altında olan Azərbaycan torpaqlarında Azərbaycan cəmiyyətini qıcıqlandırmaq  üçün  müəyyən hərəkətlər edirlər. Səhvlərə yol verməyimizi istəyirlər, çünki onlar bu səhvlərdən  istifadə edirlər. Biz qalib psixologiyamızı, qalib olduğumuzu unutmamalıyıq. Bir misal gətirim. SSRİ  dağılandan sonra  dünyada çoxlu sayda konfliktlər yarandı. O cümlədən Xorvatiyada. Hamı deyirdi ki, öz ərazisində ayrımçılığa qalib gələn yeganə ölkə Xorvatiyadır. Xorvatiyada serblər ərazisi Qarabağın ərazisindən bir qədər böyük olan ərazidə qondarma qurum yaratmış, 300 min nəfərlik əhali yerləşdirmişdilər. Xorvatlar 4 ay ərzində  iki dəfə uğurlu əməliyyat keçirib öz suverenliklərini bərpa etdilər. Moldova, Gürcüstan, Ukrayna bunu edə bilmədi, Xorvatiya etdi. Bunu həmişə Azərbaycana misal olaraq deyirdilər. Nəzərə almaq lazımdır ki, o dövrdə xorvatların arxasında ABŞ, Almaniya, NATO dayanmışdı. Rusiya indiki kimi güclü deyildi, zəif düşmüşdü, heç nəyə reaksiya göstərmirdi.

1995-ci ildə Xorvatiya əməliyyat keçirdi. 4 ay ərzində “Şimşək” və “Buran” əməliyyatlarını keçirib ərazisinin 90 faizini azad etdi ,10 faiz qaldı BMT sülhməramlılarının nəzarətində. Yalnız 3 ildən sonra onlar öz 10 faiz ərazilərində suverenliklərini bərpa etdilər. İndi bütün dünyaya və o cümlədən bizə bunu yaxşı misal, nümunə kimi çəkirlər. Amma başa düşməlidirlər ki, Azərbaycan 44 gün ərzində, bir əməliyyatla ərazilərimizin 90 fazini azad edib . Xorvatlar bunu 4 aya, 2 əməliyyatla etdilər. Onlar 10 faizlik ərazini 3 il ərzində diplomatik danışıqlar yolu ilə həll etdilər. Ona görə biz bir qədər səbrli olmalıyıq. Addım-addım biz o dəyişiklikləri görürük və  baş verənlər yalnız bizim xeyrimizədir. Biz hər şeyi mərhələli şəkildə həll edəcəyik və ola bilsin ki, bu 3 ilə yox, daha tez  müddətə başa gəlsin. Qarabağda suverenliyimizin tam bərpası  məsələsi qısa müddətdə həllini tapacaq”,- deyə politoloq bildirib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »