Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın yerinə Türkiyə: Son saziş Azərbaycana nə vəd edir…
Rusiyanın yerinə Türkiyə: Son saziş Azərbaycana nə vəd edir…

Bir neçə gün öncə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin, ticarətin həcminin artmasını nəzərdə tutan saziş imzalanıb.

Təbii ki, əlaqələrin genişlənməsi çox yaxşıdır, amma imzalanan sazişlər bəzi suallar yaradıb. Xüsusilə ticarət dövriyyəsinin birdən-birə 3 dəfə artırılması məsələsi maraq doğrurub. Biz 3 ilə Türkiyəyə nə satacağıq, yalnız idxal hesabına bu dövriyyə artacaqsa, idxaldan asılılığımız da artmırmı?

Bizimyol.info-nun suallarına cavabı iqtisadçı, Milli Məclisin deputatı Vüqar Bayramov verir.

- Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin birdən-birə bu qədər genişləndirilməsi niyə əvvəllər mümkün olmayıb. Hansı maneələr var idi?

Vüqar Bayramov Vüqar Bayramov

- Biz qeyri-neft sektoruna Türkiyə sərmayəsini cəlb etməyə çalışmalıyıq. Türkiyənin bu günə qədər Azərbaycanda əsas sərmayəsi TANAP boru kəməri layihəsi çərçivəsində idi. Son 3 ilə qədər Türkiyənin qeyri-neft sahəsinə investisiya qoyulmasına mənfi təsir edən amillər var idi. Son 3 ildə ölkəmizdə biznes mühiti daha əlverişli olub və bundan sonra da yaxşılaşmasına ehtiyac var. Bu istiqamətdə fəaliyyət genişləndirilməlidir. Milli prioritetimizdə də növbəti 10 ildə kölgə iqtisadiyyatının, qeyri-rəsmi məşğulluğun azaldılması nəzərdə tutulub, bütün bunlar investisiyanın cəlb edilməsinə mane olan səbəblərdir. Buna görə investisiya mühitinin yaxşılşadırılması vacibdir. Biz yaxın zamanlarda bunu müşahidə edəcəyik. Türkiyə daxil olmaqla başqa ölkələrdən də qeyri-neft sektoruna investisiyalar cəlb olunacaq.

2015-ci ilədək olan iqtisadi mühiti qiymətləndirsək, idxal-ixrac məsələlərində əlaqələrimizin inkişafına mane olan amillər var idi. İslahatların dərinləşməsi ilə iqtisadi əlaqələrimizi də genişləndirmiş olacağıq.Ticarət dövriyyəmiz son iki ildə 77 faiz artıb. İnvestisiya mühitimiz liberallaşdıqca iqtisadi əlaqələrimiz və ticari dövriyyəmiz artır. Xarici ticarətdə liberallaşmanın davam etməsi, islahatların dərinləşməsi çox vacibdir. Liberallaşma əsas istiqamətlərimizdən biri olacaq.

-İmzalanan sənədlərə əsasən, ticarət dövrüyyəsi birdən-birə 5 milyard dollardan 15 milyard dollara qaldırılır. İndiki halda 3 dəfə artım realdırmı?

- Bu 2023-cü il üçün nəzərdə tutulur. 2023-cü il Türkiyə üçün də vacib ildir. Ciddi hədəflər qarşıya qoyacaqlar. Artım üçün potensial var. Düzdür, çətindir, amma potensial var. Türkiyə böyük bazardır, böyük iyirmiliyə üzv olan ölkədir. Bu bazara ixrac imkanımız genişdir. Turizm sektorunda əməkdaşlıq imkanlarımız genişdir.

- Bəzi məhsullara görə, rüsumların götürülməsi və azalması idxalımızı artıracaq? Beləliklə idxaldan asılı vəziyyyətə düşməyəcəyik ki?

-15 əsas mal qrupu üzrə ölkələr rüsum və kvotaları sıfırlayacaqlar. Türkiyə və Azərbaycan bir-birlərinin bazarlarına sıfır rüsumla daxil olacaqlar. Bir tərəfdən biz qeyri-neft sektorundakı məhsulları türk bazarlarına ixrac edəcəyik. Bizim qeyri-neft sektoru üzrə ixracatımızda əsas pay Rusiya və Türkiyənin üzərinə düşür.Türkiyədən idxalın artmasına gəlincə. Türk sənaye məhsulları keyfiyyət baxımından Azərbaycan bazarında inam qazanıb. İstehlak bazarında idxalın payını sıxışdırmamalıyıq. Rüsumların sıfırlanması o deməkdir ki, istehlak bazarının idxal sektorunda Türkiyənin payı digər ölkələrə nisbətən artmış olacaq.

- Halallıq akreditasiyasının imzalanması hansı zərurətdən irəli gəldi?

- Həm Türkiyə, həm Körfəz ölkələri bazarlarına, ümumilikdə İslam ölkələrinin bazarına daxil olmaq üçün hallalıq sertifikatı tələbi var. Xüsusilə ət məhsullarında halallıq sertifikatı tələb olunur. Bizim üçün Rusiya, MDB ölkələrinin bazarlarına alternativ bazarlar vacib idi. Bu alternativ isə Avropa Birliyi ölkələri, Körfəz ölkələri və Türkiyə idi. Avropa ölkələrinin bazarlarına daxil olmaq üçün zaman lazımdır. Standartlar və tələblər çoxdur. Körfəz ölkələrinə daha tez və asan daxil olmaq mümkündür.

- Necə düşünürsünüz, Türkiyə ilə iqtisadi əlaqələrin genişləndirilməsi üçün daha hansı addımlar atılmalıdır?

- Bir sıra sektorlarda, xüsusilə turizm sektorunda birgə paketlər tətbiq edilməlidir. Türkiyə və Azərbaycan bütün beynəlxalq məsələlərdə birgə hərəkət edir. Bu mənada iqtisadiyyatın turizm sektorunda da birgə və mərkəzləşdirilmiş iş görmək, Türkiyəyə gələn turistlərin Azərbaycana da səfər etməsinə səbəb olacaq paketlərin hazırlanmasına imkan yaratmaq lazımdır. Turizm Azərbaycan üçün neftdən sonra ən çox valyuta gətirən sektordur və qlobal böhrandan öncə turizmdən gələn gəlir təxminən 2,7 milyard dollar yaxın idi.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »