Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sevilin intiharı  cinayət də ola bilər, cəmiyyətə verilən mesaj da
Sevilin intiharı  cinayət də ola bilər, cəmiyyətə verilən mesaj da

2 gündür intihar edən 20 yaşlı Sevil Atakişiyevanın ölümü müzakirəyə çevrilib və tərəflər də iki cəbhəyə bölünüblər. Sevili qınayanlar, ailəsini qınayanlar... Əslində məsələdə müəmmalı məqamlar da yox deyil , dərindən araşdırılsa, bəlkə intihar deyil, cinayət izləri də aşkarlana bilər.

Ortada sual doğuran məqamlar var. Son mesajların Sevil tərəfindən yazıldığına əminlik varmı,  qız intihar etdikdən sonra onun mesajlarını sosial şəbəkəyə kim ötürür? Tutaq ki, ata pis oldu, bəs ana? Nənə? Bir ailədə hamı Sevilə düşmən kimi davranıb? Bəlkə kimsə qızın intiharını ailəsinə yönəltməyə çalışaraq, nələrinsə üstünü örtməyə, iz itirməyə çalışır. Yəqin ki, araşdırmadan sonra hər şey aydınlaşacaq, Tovuzdakı Nərmin cinayəti kimi müəmmalı qalmayacaq. Elinanın intiharı kimi  fərqli don geyindirilməyəcək.

İnsan səhvləri ilə kamilləşir, təcrübə toplayır. Səhv həyat bahasına başa gəlməməlidir, ölüm cəzasına səbəb olmamalıdır. Səhv ümumiyyətlə, nədir və hansı faktorlardan asılıdır, kimə görə səhv, kimə görə düz?.. Bu bir qədər araşdırılmalı mücərrəd mövzudur. Bir çox hallarda həm qadınların, həm də kişilərin psixoloji zorakılığa məruz qalması üçün konkret nəsə bir səhv eləmələrinə ehtiyac yoxdur. Xüsusilə də qadınsınızsa, bu ehtimal daha çoxdur. Səhv üstündən keçilməyəcək qədər önəmlidirsə, bunun üçün pedaqogika var, ayrılma var, boşanma var, polis var, xüsusi müəssisələr var. Şəxsi cəza tədbirləri və tənbeh həddini aşarsa, cəmiyyətdə qan gövdəni götürər. Çünki natamamlıq kompleksi yaşayan hər bir insan öz eqosunu başqalarını əzməklə yemləyir, şad edir. “El aləm nə deyər” şüarına Azərbaycan insanı bir də 70 yaşında fikir verməməyə başlayır, o da hər bəxtəvərə qismət olmur. Ya o yaşa çatmır, ya da hələ də o qandallardan qurtula bilmir. Qurtulana da ya bambılı, ya "yaşlandıqca ağlını itirib, özünü yaşına uyğun aparmır" deyirlər.

"Övlad tərbiyəsi necə aparılmalıdır" sualına hər valideynin öz cavabı var. Övlad valideynin əsəridir. Təlim tərbiyə prosesində təbii ki, ətraf mühit çox ciddi amildir. Bütün valideynlər də məhz övladını bel bağlanması mümkün olmayan ətraf mühitdən qorumaq istəyir. Ancaq  hərə öz metodları ilə.

Övlada sərbəstlik vermək olar, amma "övlad nə istəyir, etməlidir" fikri hakim ola bilməz. Dünyanın heç bir normal ölkəsində belə şey yoxdur. Ölkədə yeniyetmə və gəncləri yanlış - özbaşınalığa yönəldən, Azərbaycan ənənələrinə, yaşam tərzinə xas olmayan davranış və "sərbəstliyə" çağırışlar edən, yad psixolji təsirlərə məruz qoyan postmodernist, missioner dairələrə bağlı adamlar, təbliğatçılar bu xalqın yeniyetmə və gənclərinin düşmənidir. Sevili ölüm həddinə kim çatdırıb?

Ailə qızını oxutdurub, istədiyi adamla nişanlayıb. Kifayət qədər azadlıq verib. 20 yaşında uşaq üçün daha nə edilir ki? Bu məsələdə açar rəfiqəsi və nişanlısı ola bilər. Daha bir məqam Sevilin ötən ilin iyununda “Bədbəxt qadınlar klubu”na yazdığı mesaj olub.

Özünün etiraf etdiyi kimi  o feministlərə qoşulub, alkoqollu içkilərdən asılılıq yaranıb və depressiyadan əziyyət çəkirmiş. Əslində bu kimi insanlardan ibarət bir qrupun yaranması  özü də bir xətadır. Sabah belə qruplara üzv olan bir qrup gəncin kütləvi intiharını görsəniz, təəəcüblənməyin. Unutmaq olmaz ki, yetişkin insanın adi hal kimi qəbul etdiyi bir çox məqamları gənclik fəlakət, çıxılmaz dalan kimi görə bilər.

Son aylarda  gənclər arasında intihar sayının artması müşahidə olundu. Əslində gəncliyin özü gözəllik, çoxlu imkanlar və şanslar deməkdir. Seçim imkanları var. İnsan ağac deyil, o bir yerdə bitib qalmayıb. Xoşbəxt ola bilmədiyi yeri tərk edə bilər. Ölümü seçdiyi kimi çıxıb getməyi də seçə bilər. Yaşlı insanlarda belə seçim variantları qat-qat azdır. Kömək istəmək, soruşmaq olar , amma düzgün adamlardan. Amma əsla çıxış yolu alkoqol, narkotiklər və ölüm deyil. Ölüm onsuz da olacaq. Bizim yaşamaq kimi məsuliyyətimiz var.

Sosial şəbəkələr  yaxşı tərəfə apardığı kimi, sonu görünməyən uçurumlara da sürükləyə bilər. Baxır ondan kim hansı məqsədlərlə istifadə edir. İndiki halda intiharlar onu deməyə əsas verir ki, cəmiyyət olaraq düzgün olmayan daşlarımız var, onları yerinə otuzdurmaq lazımdır.

Və son olaraq. Hamı qınayır, ağıl verir. Lütfən, daşı o adam atsın ki, heç bir günahı yoxdur, məsumdur.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »