Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İntihar etmiş müəllimənin ailəsindən rəsmi qurumlara ittiham: "Vaxtında tədbir görmədilər"
İntihar etmiş müəllimənin ailəsindən rəsmi qurumlara ittiham: "Vaxtında tədbir görmədilər"

Xəzər rayonunda yerləşən 121 saylı orta məktəbin ibtidai sinif müəllimi olmuş 27 yaşlı Naidə İsayevanın intiharına səbəb olan olanların cəzalandırılmaması onun ailəsini narahat edir. Söhbət onun adına müxtəlif sosial şəbəkələrdə saxta profillər açıb, dərs vaxtı çəkilən fotolarını, nəinki özünün, hətta qardaşının, illər öncə anasının istifadə etdiyi telefon nömrələrini yayanlardan gedir.

Bizimyol.info xəbər verir ki, Naidə İsayevanın atası Namiq İsayev bu işin obyektiv araşdırılması üçün dövlət başçısından kömək istəyib. Qarabağ müharibəsi əlili olan Namiq İsayev Prezidentə müraciətində bildirir ki, qızı ölümündən əvvəl hüquq-mühafizə orqanlarına ərizə yazıb, onu şərəf və ləyaqətini ləkələməyə çalışanların tapılıb cəzalandırılmasını istəyib. Lakin onun şikayətlərinin nəticəsi olmayıb və son nəticədə qızı özünü öldürməkdən başqa yol görməyib.

Namiq İsayevin sözlərinə görə, Bakı şəhər Baş Polis İdarəsi, Suraxanı rayon Polis İdarəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də daxil olmaqla, müxtəlif dövlət orqanlarına rəsmi şəkildə müraciətləri olub.

“Lakin heç bir araşdırma aparmadılar və qızım haqsızlığa dözməyərək, intihar etdi. Əgər həmin qurumlar vaxtında araşdırma aparsaydılar, təqsirli şəxs vaxtında tapılıb istintaqa cəlb olunardı, qızım da özünə qəsd etməzdi.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov tərəfindən imzalanmış cavab məktubu qızımın intiharından sonra bizə gəldi.

Qızım müvafiq dövlət orqanları tərəfindən araşdır aparılmamasından, işinə lazımi qaydada baxılmamasından onu biabır edən şəxsin davamlı təhqiramiz hərəkətlərindən bezərək intihar etdi”, - deyə Namiq İsayev dövlət başçısına məktubunda yazıb.

Naidə İsayeva 16 sentyabr 2020-ci ildə Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi 19B ünvanında yerləşən binanın 16-cı mərtəbəsindən ataraq intihar edib. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda dərhal Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, istintaq gedir.

Ailə narazılıq edir ki, istintaq ötən beş ay ərzində Naidə İsayevanı intihar həddinə çatdıranları müəyyənləşdirməyib.

“Bizim ailəyə çox ağır faciə üz verib. Sözlə ifadə olunmayacaq zərbə almışıq. İstədiyimiz budur ki, bizim yaşadıqlarımızı başqa ailələr yaşamasın. Bacımın həyatını məhv edənlər tapılsın ki, başqalarına qarşı eyni hərəkəti eləməsinlər. Dəfələrlə prokurorluğa və digər dövlət orqanlarına müraciət etmişik. Deyirlər ki, İnstagram və digər sosial şəbəkələrə müraciətlər çox olduğuna görə onlara göndərilən sorğuların cavablandırılması da uzun müddət çəkir. Deyilənə görə, istintaq buna görə uzanır. Düzü, bu bizə bəhanə kimi görünür. Ona görə atam prezidentə müraciət edib, bu işin sürətli və obyektiv araşdırılması üçün göstəriş verməyini xahiş etmişik. Eyni zamanda, hüquq-mühafizə orqanlarının rəhbərlərinə də məktublar göndərmişik”, - deyə qardaşı Nazim İsayev bildirib.

Prokurorluqdan bildirilib ki, Naidə İsayevanın intiharı ilə əlaqədar bütün zəruri istintaq hərəkətləri aparılır.

Naidə İsayevanın ölümündən təxminən bir ay əvvəl Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ünvanladığı ərizəyə onun ölümündən sonra gələn cavabda yazılıb ki, sosial şəbəkələrdə onun adına saxta hesablar açıb, fotolarını paylaşanlarla bağlı məlumatın əldə edilməsi texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılmasını tələb edir. Bu işlər isə prezident fərmanına uyğun olaraq, əməliyyat-axtarış subyektləri tərəfindən həyata keçirilir.

19 iyun 2001-ci il tarixli sözügedən fərmana əsasən, Azərbaycanda telefon danışıqlarına qulaqasmanı, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılmasını Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir. Başqa sözlə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin belə səlahiyyəti yoxdur.

Rabitə Nazirliyinin intihar etmiş müəllimə Naidə İsayevaya cavabı Rabitə Nazirliyinin Naidə İsayevaya cavabı

Bakı şəhər Baş Polis İdarəsindən Naidə İsayevaya verilən cavabda isə bildirilib ki, “İnstagram”, “Tik-Tok” sosial şəbəkələrindən, “Loto” oyun proqramından məlumatların götürülməsi texniki imkanlar xaricindədir. Ona görə də fotolarının kim tərəfindən yayıldığını müəyyənləşdirmək mümkün olmayıb.

Naidə İsayeva təhsilini başa vurandan sonra əvvəl 92 saylı məktəbdə müəllim olub. 2018-ci ildən isə 121 saylı orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətini davam etdirib.

Son xəbərlər
Bütün xəbərlər »