Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Deputat icra başçısının qabağında mil durur"
"Deputat icra başçısının qabağında mil durur"

Azərbaycanda dövlət əmlakının mənimsənilməsinə qarşı mübarizə tədbirləri çərçivəsində  məmurların “vurulması” faktları çoxalıb. Amma bu faktlar heç də digər məmurlar üçün nümunə rolunu oynamır. Ümumilikdə,  cəmiyyətimizdə sağlamlaşmanın şahidi  olmuruq.

Sabiqlərin həbsi başlayıb və görünür, davam edəcək. Amma bunun xalqa bir faydası olacaqmı? Büdcədən oğurlanan milyonlar, sadə xalqın boğazından kəsilərək çalınıb-çapılıb xarici banklara yatırılan milyardlar xalqa qaytarılacaqmı? Qaytarılacaqsa, hansı şəkildə?

Bizimyol.info-nun bu suallarını “Ümid” partiyasının sədri İqbal Ağazadə  cavablandırır. Partiya lideri hesab edir ki, sistem dəyişmirsə, kadrların dəyişməsi ilə hər hansı irəliləyişə nail olmaq mümkünsüzdür.

İqbal Ağazadə Ümid Partiyasının sədri İqbal Ağazadə

“Cinayət varsa, cəza da olmalıdır, əks halda xaos yaranır. Biz cəmiyyət olaraq bundan əziyyət çəkirik. İllərdir hökumətə təklif edirik ki, sistemi dəyişsin, nəzarət mexanizmini gücləndirsin. Bunun üçün öncə nə edilməliydi?

Təklif etdik ki, müvafiq komissiyaya müxalifətdən və QHT nümayəndələrindən ibarət qrup əlavə olunsun, onlar  cəmiyyət qarşısında aylıq hesabat versinlər, bilinsin hansı şikayətlər olub, bu şikayətlər necə araşdırılıb və necə tədbirlər alınıb. Bu gün o komissiyada təmsil olunan şəxslər heç bir hesabat vermirlər, çox halda da özlərinin adları mənimsəmə faktlarında hallanır.

Bu gün hansısa məmur mənimsəməyə görə həbs olunursa, ilk növbədə onun əməlləri nəticəsində dövlətə dəyən ziyanın miqdarı hesablanmalıdır. Onun taladığı milyonların büdcəyə geri  verilməsi  üçün atılan addımlar şəffaf olmalıdır. Bu günə qədər bir çoxlarıtutulub. Hətta aralarında  artıq azadlığa çıxanlar da var. Sual olunur: Bu adamların büdcəyə vurduğu ziyan geri ödənildimi? Nə qədər ziyan vurdular? Məmur büdcəyə 100 milyon ziyan vurub,  500 000 min geri ödəyərək, bir, iki il məhkumluqdan sonra azadlığa  çıxdısa, bu, mübarizə deyil. Bu o deməkdir ki, böyük əmələ görə ayrı-ayrı adamlar  cəzalandırıldı. Oğurlanan vəsait geri qaytarılmadı, bir oğrudan başqasına verildi. Əl dəyişdi. Bunun ölkəyə, ölkənin insanlarına nə faydası oldu? Heç nə. Xalq daha da əlindən oğurlanmış, övladının  boğazından kəsilmiş vəsait hesabına yaradılan cah-cəlalı görüb qıcıqlanır, əsəb keçirir. İriçaplı məmurların əksəriyyətinin əmlakı öz adlarına deyil. Buna qarşı heç bir addım atılmır. Məmur və oliqarx sistemi bir-birindən ayrılmaldır.

Məmur vəzifəyə gələrkən gəlir deklorasiyası təqdim etməlidir, illik gəlirini təqdim etməlidir. Konkret əmlakı  göstərilməlidir. Bundan əlavə, dövlət əmlakının  özəlləşdirilməsi ilə bağlı şəffaflıq təmin olunmalıdır. Şirkətlərin sahibləri və gəlirləri haqqında mətbuata məlumat verilməməsi haqqında absurd qanun qəbul edilib. Şirkət mafiya deyil ki... Qanuni yolla pul qazanırsa, sahibi kimdir, mənbəyi nədir, bu barədə məlumat verilməlidir. İctimai nəzarət gücləndirilməlidir və bura  müxalifət də daxil edilməlidir. Ən başlıcası da, xalqın vəsaitini oğurlayırlarsa, vəsaitin geri dönüşü mümkün deyilsə, maliyyə amnistisiyası tətbiq olunmalıdır. Məmur əmlakını, gəlirini yenə gizləyərsə, başqalarının adında saxlanılması aşkarlanarsa, dərhal əmlakı müsadirə olunmaqla cinayətə cəlb edilməldir.

Amma bunlar edilmir. İndi  oğurlanan  vəsait yüz milyardlarla ölçülür. Bu dəstək büdcəyə verilsə, Qarabağı asanlıqla abadaşlaşdırmaq olar. İşdən çıxan orta statistik məmurun oğurladığı vəsait milyonlarla ölçülür.  “Azərxalça”da baş verənləri yada salın, yetər. Bu gün tutulan məmurarın büdcəyə əhəməyyəti yoxdur. “O tutulacaq, rüşvətin kökü kəsiləcək” demək yalan olar. O gedəcək başqası gələcək. 2005-dən bəri tuturlar. Nəsə dəyişib? Rüşvətxorluq dayanıb? Yox. Çünki mübarizə metodları düz deyil. Xalqdan oğurlanan xalqa qaytarılmalıdır. Əl dəyişməməlidir. Xalqın büdcəsinə qaytarılmayıbsa, tutulmaların xalqa faydası yoxdur.Bu sadəcə, kimlərinsə mənafeyinə xidmət edəcək.

Qələbədən bir neçə gün sonra  Cəlilabadın icra başçısı Qarabağ əlilindən və qazidən aldığı rüşvətə görə tutuldu. Halbuki yeni təyin olunmuşdu. Bu gün bir icra başçısının rəsmi maaşı hər hansı şirkət işçisinin maaşından azdır. Yaşamaq  üçün rüşvət yolunu seçməlidir. Məmur-oliqarx sistemi bir birindən köklü surətdə ayrılmalıdır.

Hökumət düşünməlidir ki, bu büdcə  vəsaiti talan olunub ölkədən necə çıxarılıb? Ölkədə normal iqtisadi mühit yoxdur deyə yatırımı xaricə edirlər. Həm öz gələcəklərinə inanmırlar, həm də dövlətin gələcəyinə inanmırlar”,- deyə partiya sədri qeyd edib.

İqbal Ağazadə aparılan mübarizənin səmimiyyətinə inanmadığını qeyd edib: “Səmimi mübarizə aparmaq  istəyirlərsə, cəmiyyət nəzarət sisteminə aktiv cəlb edilməlidir. Jurnalistlər, blogerlər çəkirlər, göstərirlər. Prokurorluq dərhal ilkin ibtidai araşdırma aparmalı,  cinayət tərkibi varsa, iş açılmalıdır. Niyə edilmir? Xalq daha necə yardım etməlidir? Bu missiya müxalifətin üstündədirsə, mən hakimiyyətin dəyişməsinin tərəfdarıyam. Yox, hakimiyyət deyirsə ki, mən bu işi bacaracam, onda birgə mübarizə  üçün metod seçilməlidir. Görünən budur ki, hələlik aparılan mübarizə effektiv deyil. Söylənilən faktlar araşdırılmır. Cəmiyyət proseslərə cəlb olunmur. Mənə qalsa, hakimiyyət sistemi dəyişə bilmir,yalnız kadrları dəyişir. Ona görə biz  hakimiyyətin dəyişməsini istəyirik. Amma öz iddiamızdan geri durub cəmiyyətin gələcək qazancı üçün təkliflərimizi də veririk".

İqbal Ağazadə həmçinin daha demokratik bir cəmiyyət naminə yeni parlament  seçilməsinin vacibliyini vurğulayaraq indiki deputatların qorxularından həmişə susacaqlarını bəyan edib: “Məmurun-oliqarxın maraqlarını qoruyan parlamentdən çox xalqın marağını qoruyan parlament seçilməlidir. Parlamentdə oturan adamlar elə bilirsiniz, ağılsız adamlardır? Yox. Onlar hər şeyi görürlər. Sadəcə, onlar bilirlər ki, onların gördükləri qüsurları onları təyin edənlər təşkil edir. Hamıya şamil etmirəm, amma əksər deputatları xalq seçməyib. Xalqa arxalansa, səsi çıxar. Demokratik seçkiyə çıxarılsalar, özlərinin səsilərindən başqa kimsə onlara səs verməz.

Xətai rayonundan   gələn şikayətə cavab olaraq deputat Araz Əlizadə bir dəfə demişdi ki, məni siz seçmisiz ki, mən sizə kömək edim? Bunu Araz Əlizadə Gəncə prospektinin sakinlərinə demişdi. Ən azından səmimi etirafdır.

Palramentdə ciddi islahat aparılmalıdır. Parlamentə qəbul edilmiş qanunda nə deyilir. Etik qaydalara əməl etməyən deputatın mandatını təyin edilmiş 3-4 deputat əlindən ala bilər. Xalqın seçdiyini təyin edilmişlər əlindən alır? Axı bu düzgün deyil. Bəs onda xalq  niyə səs verirdi? Belə olanda deputat qorxusundan susacaq. Hökumətin əyər-əskiyini  deyən kimi provakasiya yaradıb  üstünə hücuma keçəcəklər. Parlamentarizm ənənələrimizi dəyişməliyik. İcra orqanlarının parlament üzərində nəzarəti var. Əksinə olmalıdır. İcra strukturu bilməlidir ki, ondan hesabat istəyən orqan parlamentdir, amma icra struktuurnun nümayəndəsi gələndə deputat ikiqat əyilir. Rayondan seçilən deputat icra başçısının qabağında mil durur. Çünki onu icra başçısı seçib, xalq yox. Səsləri başçı dəyişdirib. Azərbaycanın tək nicatı demokratikləşmədir. Nə cəza, nə cərimənin miqdarının artırılması bizi xilas edə bilməz”,- deyə İqbal Ağazadə vurğulayıb.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »