Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hərbiçilərin maaşının azaldılması ağır nəticələrə səbəb olacaq
Hərbiçilərin maaşının azaldılması ağır nəticələrə səbəb olacaq

Cəbhə bölgəsindəki hərbçilərin maaşları dekabr ayından bu yana bir qat verilib. Bundan əlavə 13-14-cü maaşlar da 50 faiz kəsinti ilə verilib.

Maaş problemi təkcə hərbçilərdə yox, tibbi yardımın işçilərində də var. Dindirəndə də deyirlər, maliyyə problemləri var. Belə çıxır ki, bağda ərik var idi, salam-əleyk var idi?

Məmurlar milyonları, milyardları basıb yeməsələr, əsgərin, zabitin maaşı iki qat yox, lap dörq qat da hesablana bilər. Amma kimlərsə sanki bilərəkdən işləklikdən çıxarıb narazı insanlar kütləsi yaradır. Bu gün ordunu və aylarla evinə ayaq basa bilməyən tibb işçilərini narazı salırlar.

Redaksiyamıza şikayət daxil olub. N saylı hərbi hissədə xidmət edən gizir Elvar Bayramov bildirib ki, 3 aydır maaşı az verilir, banka olan borcları da birbaşa kartından köçürüldüyü üçün özünün dolanmaq üçün əlinə pul keçmir. Belə ki, aylıq 600 manat kreditini 1200 manatlıq ikiqat əmək haqqına güvənərək ödəyən gizir bu gün 600 manat maaş alıb və bank bu maaşın hamısını kreditə çıxıb. Gizir özü dağlarda, dizə qədər qarın içərisində xidmət edir, arxada qoyub gəldiyi xanımı 3 uşaqla qalıb mat-məətəl. Elvar kimi hərbiçilərimizin sayı da bir deyil, iki deyil...

Əmək haqları niyə kəsilir, hansı əsaslarla kəsilir, bunu Bizimyol.info-ya verdiyi açıqlamada ehtiyatda olan zabit Tərlan Eyvazov izah edir.

Tərlan Eyvazov Tərlan Eyvazov

“Maliyyə Nazirliyinin Müdafiə Nazirliyinin Maliyyə İdarəsinə verdiyi direktv əsasnda ön cəbhədəki hərbiçilərimizin maaşları azaldılıb. İşin məğzi nədir? Səbəbini qanuna əsasən izah edim.

Bütün dünyada hər bor ölkənin ordusu döyüş vəziyyətindədirsə, ön cəbhədəki zabitlərin maaşı arxa cəbhədəkilərdən daha çox olur. Bu qayda hər ölkənin öz qanunvericiliyinə uyğun olaraq aparılır. Şəxsən mən Əfqanıstanda döyüşmüşəm. Orda bizim 10 minə yaxın əsgər, zabit və müşavirimiz xidmətdə olub.

Sovet ordusunda Əfqanıstanda xidmət edən hərbiçilərin əsgərindən tutmuş generalına qədər əmək haqqı 3 qat hesablanırdı. Əfqanıstanda isə əsgərlərin ərzaq ala bilməsi üçün cib xərcliyi olaraq çek verilirdi, o çek Əfqanıstanla manatın manata hesablanmalıydı.

1998-ci ilə qədər Azərbaycan ordusunun hərbiçilərinin maaşı cəbhə bölgələrində 3 qat hesablanıb. Sadəcə, daha sonra neft müqavilələri nəticəsində sosial rifah yüksəlib, maaşların artması nəticəsində Milli Məclis qərar qəbul etdi ki, hərbiçilərə ikiqat maaş bəs edər. 1997-ci ildə maaş 50 dollara yaxın idi. Hətta ərzaq üçün verilən pul maaşdan çox idi.

44 günlük əməliyyatlar zamanı qismən səfərbərlik elan edildi və ordunun sayı artdı. Sərhəd xəttimiz İranla 132 kilometr, Ermənistanla 1000 kilometrə yaxın uzandı. İndi döyüş zonası yalnız Qarabağda Xankəndi, Xocavənd, Xocalı ətrafındakı hərbiçilərimizin ərazisi sayılır. Yalnız düşmənlə təmasda qalanlar ikiqat maaş alacaq, amma palatkalarda qalan, dağlarda çətin şəraitdə qalanlara birqat maaş veriləcək. Axı hətta istehsalatda belə gecə növbəsində işləyənlərin işi ağır olduğu üçün onlara gündüz növbəsindəkilərdən daha çox maaş verilir. Samir Şərifov bildirib ki, bir ay bir qat maaş verilsin, sonra araşdırma aparılsın, kimə düşür, kimə düşmür - ayırd edilsin. Bu necə ola bilər?

Maaşların azaldılması əlbəttə ruh düşkünlüyü yaradır. Ordu qalib olsa da, travması da var. Döyüş yoldaşlarını itirənlər mənəvi travma alıblar. Onların adaptasiyası üçün zaman lazım idi. Bu gün dünya bizim ordumuzun apardığı əməliyyatları təhlil edir. Biz o ordunun nümayəndələrini narazı sala bilmərik. Rəsmi qərar olmadan bu edildi, insanlar arasında narazılıq yaranandan sonra izah olundu ki, qərar, sərəncam olmasa da, qanun var, qanuna əsasən də maaşlar azaldılıb. Döyüş vəziyyəti yoxdur deyə qanuna əsasən bir qat hesablamışıq. Amma Kəlbəcərdə güllə atılmırsa, o demək deyil ki, əziyyət yoxdur, o qarın və dağın şəraitsizliyində maaşı azalda bilməzsən.

Cəbhə bölgəsində xidmət edən zabit, gizir, MAXE-lərin demək olar, böyük əksəriyyəti maaşın çoxluğuna görə o çətin şəraitdə xidmətə üz tuturdular. Yüksək maaş həm də motivasiya idi. Həmin hərbçilər düzənlərini, yaşayışlarını o maaşa uyğun qurmuşdu. İpotekaya ev götürən kim, bankdan kredit götürüb ev tikən kim, maşın alan kim. Kreditlər də maaşlardan çıxılırdı. Maaş karta köçürdü, bank dərhal pulunu götürürdü. Yerdə qalan pulla da, həmin hərbçilər yaşayışlarını təmin edirdilər.

Qərar vermək asandır, önəmli olan nəticələrini hesablamaqdır. Ümid edirəm ki, maaş məsələsində geri addım atılar”.

Daha bir məsələ də döyüşə könüllü gedənlərin sənədlərini qaydaya sala bilməmələridir.Problemlə bağlı araşdırma aparılır, məlum olur ki, könüllülər həqiqətən olub, hərbi hissəyə, korpusa zəng edirlər, sənədlərin göndərilməsini istəyirlər, ancaq sənədlər göndərilmir. Hərbi hissə komandiri çox zaman könüllü döyüşə qatılanlara deyir ki, “torpağınız üçün döyüşmüsünüz”, verilən dəstəyə görə təşəkkür etmək yerinə, minnət də qoyur. Maraqlıdır, o könüllülər öz başına hərbi hissənin ərazisinə daxil ola bilərdilər? Lap elə bu gün kim "könüllüyəm" deyib komandirdən icazəsiz hərbi hissəyə girə bilər? Məsələn, Ağdamdakı könüllülərin problemləri hələ də olduğu kimi qalır. Problemdən 1-ci Ordu Korpusunun da, Müdafiə Nazirliyinin də xəbəri var.

Nazirlik problemlərlə bağlı komissiya yaradıb. Lakin komissiya könüllü döyüşçülərə təklif edib ki, haqlarını qorumaq üçün məhkəməyə müraciət etsinlər. Əgər bu insanlar haqlarını məhkəmədə həll edəcəkdilərsə, o komissiya niyə yaradılıb? Həm də hansı məhkəməyə? O Komissiyanın bir sözünü iki etməyə cəsarəti çatan məhkəmə varmı bu ölkədə?..

Bu xalqın o ailəsi yoxdur ki, onun içərisindən bir hərbiçi olmasın. Hərbidə xidmət iş tapmayanlar üçün iş imkanıydı, evə girən qazanc idi. Maaşların kəsilməsi bütün xalqın qolunun qanadının kəsilib budanması kimi bir şeydir. Bu kəsilən ikiqat maaşlar əhalidə qat-qat dərdlər yaradacaq, bilən varmı? Bu qədər dərdin-sərin arasına birini də əlavə etməyin.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »