Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial narazılıq pik həddə: Qiymətlər bahalaşır, cərimələr artıb, əhalinin gəliri isə azalıb
Ərzaq - Market

Son illərdə Azərbaycanda əhali gəlirlərinin azalması fonunda qiymətlərin artımı və cərimələrin artırılması müşahidə edilir.

Ötən ilin dekabrında sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr iki dəfə artırılıb. Bu ilin yanvarın 5-dən Azərbaycanda Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 11 faiz, dizelin 1 litrinin qiyməti isə 33 faiz artırılıb. Fevralın 1-dən isə içməli suyun qiyməti 2 dəfə artırıldı.

Pandemiya vəziyyətinə görə əhali təbəqələrinin gəlirlərinin daha da azalmasının müşahidə olunduğu vaxtda tariflərin artması nəticəsində malların və xidmətlərin qiyməti sürətlə bahalaşdı, sosial rifahın səviyyəsi aşağı düşdü.

Xatırladaq ki, sahibkarlar cərimələrin silinməsi üçün hökumətə müraciət edib. Onların müraciətində qeyd edilib ki, pandemiya dövründə qəbul edilən qaydaların icrası praktiki olmadığından müəssisələrə külli miqdarda cərimələr yazılıb.

Elçin Bayramlı Elçin Bayramlı

Sosioloq Elçin Bayramlı bildirib ki, əhalinin sosial vəziyyəti getdikcə ağırlaşır: “Bir ildir pandemiya ilə bağlı milyonlarla insan işsiz qalıb, gəliri dayanıb və ya azalıb. Üstəlik də, bahalaşma gedir, inflyasiya sürətlənir ki, bu da aztəminatlı və işsiz əhalinin vəziyyətini daha da çətinləşdirir. Belə bir vəziyyətdə insanlara maskanı burnundan aşağı salıb nəfəs almağa görə minimum əməkhaqqı məbləğində ağır cərimələr yazmaq ədalətsizlikdir. Onsuz da sosial narazılıq pik həddə çatıb. Ölkədə yaşayış minimum təqribən 200 manatdır (196 manat). Bu o deməkdir ki, 5 nəfərlik orta statistik ailənin aylıq gəliri minimum 1000 manat olmalıdır. Lakin ailələrin 80 faizindən çoxunda aylıq gəlir 1000 manatdan azdır, bir çoxunda hətta 500-dən az. Bu o deməkdir ki, bu insanlar faktiki olaraq acından ölməlidirlər, çünki adambaşına yaşamaq üçün 200 manatdırsa və sənə 100 manat və daha az düşürsə, bu artıq mövcudluğun qorunub saxlanılmasına da kifayət etmir”.

E.Bayramlı təklif edir ki, hökumət sosial müdafiəni gücləndirməli, maaş və pensiyaların artmasını təmin etməli, bahalaşmanın qarşısını almalı, vergi və rüsumları aşağı salmalı, cərimələri dayandırmalı, yeni iş yerlərinin yaradılmasını təmin etməli və pandemiyaya görə qadağan olunan obyektlərin fəaliyyətini bərpa etməlidir: “Yanacağın və suyun bahalaşması dolayı yolla bütün sahələrə təsir göstərir və bahalaşma davam edəcək. Bu şəraitdə əhalinin vəziyyəti daha da ağırlaşa bilər. Bununla bağlı ciddi tədbirlər görülməlidir. Bu qədər maliyyə yoxdur deməsinlər. Var, özü də artıqlaması ilə. Bunun üçün maliyyə imkanları lazım olduğundan on dəfələrlə çoxdur. Bizim 50 milyarddan artıq strateji ehtiyatlarımız var, bəs onlar nə günlər üçün yığılıb? Həmin vəsaitlərdən istifadə edilməlidir.

Əgər pula qənaət etmək lazımdırsa, yarım milyardlıq 7 ulduzlu idarə binaları tikməyi və bəzək düzək işlərinə milyardlarla pul xərcləməyi dayandırsınlar. Vəsaitlər sosial müdafiəyə və real iqtisadiyyata qoyulmalıdır. Özünüməşğulluq proqramının əhatə dairəsi və maliyyə bazası on dəfələrlə artırılmalıdır. Beləliklə, insanlar özlərinə iş və gəlir təmin edər, məhsul istehsal edər, xidmət göstərər, məşğulluq problemi aradan qalxar, ölkədə iqtisadi aktivlik və pul dövriyyəsi artar, sosial vəziyyət yaxşılaşar. Paralel olaraq, ÜDM və büdcə gəlirləri də artar, idxaldan asılılıq, ölkədən valyuta çıxışı və müvafiq olaraq dövlətin sosial xərcləri azalar və s. Göründüyü kimi, vəziyyəti qəfil və effektli şəkildə yaxşılaşdırmaq üçün çox asan yol var. Hökumət bunu etməlidir. Etməsə çox ciddi problemlər yaranacaq”.

Toğrul Vəliyev Toğrul Vəliyev

İqtisadçı-ekspert Toğrul Vəliyev bildirib ki, əhali gəlirlərinin azaldığı nəzərə alınaraq cərimələrdə güzəştlər edilməlidir: “Cərimələr praktik olmalıdır. Yəni cərimədə əsas məqsəd cəza deyil, əksinə profilaktikadır, qaydalara əməl etmək üçün stimullaşdırmaqdır. Təəssüf ki ölkəmizdə cərimələr cəza mexanizmi kimi istifadə olunur. İnsanların və şirkətlərin cərimələnməsi ilə bağlı müəyyən güzəştlər edilə bilər.

İnsanların gəlirləri azalıb. Ünvanlı sosial yardım alan və ya 190 manat birdəfəlik ödəmə alan şəxs cərimələnibsə, hər bir halda həmin şəxsə kompensasiya verilməlidir. Bunun üçün sosial siyasət dəyişməlidir”.

Ekspert bildirib ki, sahibklara da güzəştlər edilməlidir, vergi siyasəti biznes üçün təşviqedici xarakter daşımalıdır.

Paylaş »
››› Politoloq:  “İran açıqca Türkiyəyə dedi ki, Azərbaycandan çəkil”
››› Prezidentin "məcbur edəcəyik" deməsi Ermənistanı çaşdırıb - Açıqlama
››› “Yazda əməliyyatların başlaması mümkündür..., Rusiya üçün dağıdıcı olacaq” - Ukrayna hökuməti
››› Martın 9-na olan hava proqnozu
››› Sumqayıtda faciə ilə nəticələnən məclis: 16 yaşlı gənc ölüb
››› Feministlər Bakının mərkəzində aksiya keçirməyə cəhd etdi – Video
››› Kişinin kişi olduğu yerdə qadın üçün hər gün bayramdır
Son xəbərlər
Bütün xəbərlər »