Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: "Hansını tərpədirsən, altından yüz milyonlar, milyardlar çıxır"
Əli Məsimli - Deputat
Əli Məsimli: “Azərbaycanda 10 milyon deyil, bəlkə də 2-3 dəfə artıq sayda insana yüksək həyat səviyyəsi yaratmaq mümkündür”

“Qanunun üzərində olan təbəqəni qanunun altına salmaq lazımdır” - Millət vəkili

Müharibə bitdi, artıq Qarabağın dirçəldilməsi məsələsi ön plana çıxır. Bunun üçün lazım olan vəsaitlər, dövlətin maliyyə imkanları, büdcəsi və s. bu kimi mətləblərdən söz düşərkən isə istər-istəməz gündəmə büdcədən indiyə qədər oğurlanmış milyardlar, məmur oliqarxiyası, “kölgə iqtisadiyyatı” və bu qəbildən olan digər mövzular gəlir.

Faktiki olaraq, ölkədə vəzifə imkanları sayəsində fantastik varidata sahib olanların mütləq əksəriyyəti müharibə dövründə nə dövlətə, nə də səngərdə döyüşən əsgərə dəstək verdi. Əvəzində, Ziya Məmmədov kimilər “dolanmağın çətin olduğunu” deyərək, şikayətlənməkdən belə utanmadılar...

“Azpolitika.info” müharibədən sonrakı iqtisadiyyatımızın imkanları, məmur oliqarxiyası, monopoliyalar və digər bu tip məsələlərlə bağlı Milli Məclisin deputatı, iqtisadçı Əli Məsimli ilə söhbətləşib:

- Əli müəllim, sabiq nazir Səlim Müslümovun həbsindən sonra ölkədə korrupsiyaya qarşı mübarizə mövzusu yenidən gündəmə gəldi, əhali korrupsionerlərin cəzalandırılmasını alqışladı. O da məlumdur ki, Azərbaycan iqtisadiyyatına korrupsiya, məmur oliqarxiyası və inhisarçılıq kimi bəlalar hələ də öz təsrini saxlamaqdadır. Bəs, Siz ölkə iqtisadiyyatındakı hazırkı durumu və perspektivləri necə dəyərləndirirsiniz?

- Qeyd edim ki, Azərbaycan artıq öz inkişafının yeni mərhələsini, istiqamətini seçib. Bu mərhələnin detalları çoxdur, amma onlardan ən vacib olan ikisini qeyd etmək yerinə düşərdi.

Biz neft amilinin dominant rol oynadığı modeldən insan amilinin önə çıxdığı innovasiyalı inkişaf modelinə keçirik. Yəni əsas prioritet insan üzərində qurulur. Nəzərə alınmalıdır ki, bizim əvvəlki illərdə olduğu kimi böyük neft gəlirlərimiz olmayacaq. Dünyada daha çox gəlir gətirən sahə neft, qaz, qızıl deyil, insan beyni və təfəkkürüdür. Məsələyə bu kontekstdən yanaşdıqda məlum olur ki, əgər əvvəllər Neft Fonduna ildə təxminən 20 milyard dollara qədər vəsait daxil olurdusa, son illər bu məbləğ maksimum 5 milyard dollar civarındadır. Deməli, ortada qalan məbləğin yerini doldurmaq üçün ən etibarlı yanaşma insan amilinin önə çəkilməsi, onun sahibkarlıq, elmi intellektual, işgüzarlıq qabliyyətlərini, habelə xalqımızın mentalitetindən irəli gələn digər məziyyətlərini hərəkətə gətirməkdir.

Bunu məsələn, Yaponiyanın timsalında göstərmək olar. Əgər, Yaponiya II Dünya Müharibəsindən sonra “Marşal” planında ona təklif edilən Avropa modelini götürsəydi, onda həmin modelin nüvəsinə texnokrat yanaşmalar daxil olacaq və Yaponiya da ən yaxşı halda İspaniyanın nəticəsini əldə edəcəkdi. Amma Yaponiya bu modelin nüvəsinə yapon yanaşmasını qoydu. Yəni məsələyə yapon ailə başçısı, işçisi, alimi, mühəndisi, sahibkarı kimi yanaşıldı. Nəticədə az vəsaitlə böyük nəticələr əldə olundu. Və bu nəticə dünyada böyük möcüzə kimi qəbul olundu. Ancaq əslində, iqtisadiyyatda möcüzə olmur, sadəcə, 10-20 ilə hesablanan işləri 2-3 dəfə az müddətdə yerinə yetirmək mümkündür. Bu baxımdam əlbəttə ki, Azərbaycanın da böyük potensialı var və bu potensialı hərəkətə gətirib, 10-20 ilə görülməli olan işləri 5-7 ilə başa gətirmək olar. Bu müddətdə biz işğal edilən ərazilər daxil olmaqla təkcə ölkəmizdə və regionda deyil, yaratdığımız yeni situasiya ilə bütün dünyada nümunəyə çevrilə bilərik.

İkincisi, Azərbaycan müharibədən sonra bütün dünyanın diqqət mərkəzindədir. Bundan istifadə edərək, potensialımızın üzərinə potensial gətirməli, indiyə qədər əldə olunan nəticələri daha da inkişaf etdirməklə mənfi məqamları aradan qaldırmalıyıq. Bəli, neqativlər çoxdur, amma müsbət məqamlar da az deyil.

Biz, bu neqativlərin hamısını sadalamadan deyə bilərik ki, burada həlledici rolu bilavasitə monopoliya, korrupsiya və məmur özbaşınalığı oynayır. Bütün problemlər də əsasən bu amillərdən doğan naqisliklərdir. Nəticə də ondan ibarətdir ki, ölkənin əhalisi ilə onun sərvətləri tərs mütənasibdir. Ancaq əslində, burada 10 milyon deyil, bəlkə də 2-3 dəfə artıq sayda insan üçün yüksək həyat səviyyəsi yaratmaq mümkündür. Amma korrupsiyanı azaltmadan, monopoliyanı, məmur oliqarxiyasını aradan qaldırmadan yüksək həyat səviyyəsinə nail olmaq mümkün deyil. Ona görə ki, korrupsiya və monopoliya vasitəsilə milli sərvətlərin böyük hissəsinin kiçik bir qrupun əlində cəmləşməsinin fəsadları dünya tarixinə çoxdan məlumdur.

Korrupsiyanın baş alıb getdiyi, monopoliyanın tüğyan etdiyi vaxtda uzun müddət dövlət strukturlarında əyləşən nazirlər, dövlət şirkətlərinin rəhbərləri və digərləri baxıb görürlər ki, onların fəaliyyətinə işlək nəzarət mexanizmi yoxdur. Onlar da bu reallıqlardan öz mənafeləri üçün istifadə edirlər. Bax, bu zaman korrupsiya sistem xarakteri almağa başlayır. Sözsüz ki, mən bütün məmurları nəzərdə tutaraq bu fikirləri demirəm, belə situasiyalarda dövlətin maraqlarını önə çəkən kifayət qədər insan var. Amma təəssüf ki, bu kimi boşluqlardan istifadə edərək, dövlət prioritetlərini bir kənara qoymaqla öz şəxsi məqsədlərini düşünənlər də olmamış deyil.

Siz də görürsünüz ki, həbslər, işdən çıxarılmalar olur. Hansını tərpədirsən altından bir neçə yüz milyon, bəzi hallarda isə milyardlar çıxır. Bu özü də göstərir ki, əgər idarəetmə sisteminin fəlsəfəsi dəyişməsə, islahatlar aparılmasa, yalnız bəzi həbslərlə korrupsiyanı müəyyən qədər azaltmaq olar, amma onu cəmiyyətə təhlükə yaradan səviyyədən aşağı salmaq müşgülə çevrilər. Hər halda, reallıq onu deyir ki, korrupsiyaya, monopoliyaya, məmur özbaşınalığına qarşı mübarizə yaşadığımız dövrün tələbinə, prioritetinə çevrilib. Hesab edirəm ki, bu istiqamətdə tədbirlər genişlənəcək. Vəzifədən alınması və həbs edilməsi vacib olanlarla bağlı addımlar atılacaq. Amma bu, problemin həllinin bir istiqamətidir. Onun köklü şəkildə həlli üçün isə cəmiyyət həyatının bütün sahələrində demokratik, sistemli, nəticəli islahatlar keçirmək və bu prosesi sürətləndirmək lazımdır.

- Sizcə, Azərbaycanda ümumilikdə korrupsionerlərin, məmur oliqarxiyasının və monopolistlərin fəaliyyətindən dövlətə dəyən ziyanı hesablamaq mümkündürmü?

- Əslində, bununla bağlı müxtəlif metodlar var. Həmin metodlar əsasında birbaşa olmasa da, dolayı yollarla zərəri hesablamaq mümkündür. Mən konkret rəqəm deməyəcəm, lakin hansısa sahəyə ayrılan vəsaitdən nə qədərinin icraçıya gedib çatmasını, ondan ayrılan konkret “payları” və mənimsəmələrin nisbətlərini götürəndə təqribi hesablamalar həyata keçirmək olar...

- Yəni söhbət milyardlardan gedə bilərmi?

- Təbii. Bu, aşağısı 100 milyonlar, amma bir sıra hallarda milyardlarla vəsait deməkdir. Bu maliyyəni Qarabağın bərpasına, aztəminatlı əhalinin sosial müdafiəsinə yönəltmək daha yaxşıdır. Azərbaycanın böyük potensialı var. Bir çox hallarda qeyd olunur ki, minimum təqaüdün alıcılıq qabiliyyətinə görə, MDB-də birinci yerdəyik. Deməli, MDB-də təqaüdlərin səviyyəsi bərbad haldadır. Yəni bizim orada birinci yerdə olmağımız yaxşı hal olsa da, fəxr ediləsi bir şey deyil. Məncə, müqayisə aparmaqdansa, “vətəndaşın aldığı pensiya və ya əmək haqqı onun minumum dolanışığı üçün yetərlidirmi” mövqeyindən çıxış etməliyik. Artan əmək haqqı və pensiya heç olmasa onun dərman pulunu və sosial təminatını qarşılamağa imkan verirmi? Digər tərəfdən, pensiya və əmək haqlarının qaldırılması vətəndaşların güzəranına təsir edirmi, yoxsa monopolistlər artımın səhəri günü qiyməti qaldırmaqla bu pulu ustalıqla insanların cibindən çıxarırlar?

Təsəvvür edin ki, yanacağın qiyməti 10 qəpik qalxıb, amma ərzaq da daxil olmaqla, əhalinin daha çox istifadə etdiyi mallarda qiymət artımı az qala manatlarladır. Deməli bu, artıq yanacağın bahalaşmasına adekvat qiymət artımı deyil və bundan müəyyən qruplar sui-istifadə edirlər. Bəzən deyirlər ki, qiymət artımı sahibkarların işidir. Amma bu situasiyada qiymət artımında sahibkarlar yox, dövlət şirkətləri günahkardır.

İndi rəsmi statistika göstərir ki, yanvar ayında qiymətlərin artması əvvəlki ayla müqayisədə 1,4 faiz təşkil edib. Eyni zamanda, Dövlət Statistika Komitəsinin özünün verdiyi arayşda qeyd edilir ki, bir sıra məhsulların qiyməti xeyli dərəcədə daha çox artıb. İstənilən adam mağazaya gedib eyni məhsulun bir ay əvvəlkilə indiki qiymətini müqayisə edə bilər və bu zaman məlum olar ki, burada söhbət heç də 1,4 faiz artımdan getmir. Elə məhsullar var ki, 20 faiz bahalaşıb. Niyə? Bu, faktiki olaraq vəziyyətdən sui-istifadədir.

- Bəzən korrupsionerlərin və oliqarxların dövlət üçün təhlükəli olmaları haqda fikirlərə rast gəlinir. Buna münasibətiniz necədir?

- Korrupsiya dövlətin dayaqlarını sarsıdan, yeyən qurda bənzəyir. Korrupsiya və monopoliyanın tüğyan etdiyi ölkələrin potensialından dövlət, xalq, cəmiyyət üçün tam yetərincə istifadə edilmir, bir qrup insan varlanır və bu, sözsüz ki, ciddi təhlükələr yaradır.

- Müşahidələr göstərir ki, Azərbaycanda oliqarx məmurların, korrupsionerlərin sıradan çıxarılması, zərərsizləşdirilməsi prosesi bir neçə il əvvəldən başlayıb. Sizcə, bu prosesi sona qədər aparmaq mümkün olacaqmı?

- Əslində, korrupsiya bütün dünyada var, sadəcə söhbət onun həcmi və dairəsindən, bunun cəmiyyətə vurduğu ziyanın dərəcəsindən gedir. Bunlar da tamamilə fərqli şeylərdir. Korrupsiyanın aşağı və yuxarı olduğu ölkələrə onun vurduğu ziyan eyni ola bilməz. Odur ki, korrupsiyanı bütün dünyada minuma endirmək məqsədi qoyulur.

Məsələn, inkişaf etmiş ölkələrin rəqəmlərinə baxanda aydın olur ki, “kölgə iqtisadiyyatı” 10-15 faiz arasındadır. Amma biz bəzən elə rəqəm veririk ki, guya bizim göstəricimiz oturuşmuş, 50-60 il korrupsiyaya qarşı mübarizə aparan ölkənin göstəricisindən yaxşıdır. Məncə, bununla özümüzü aldatmamalıyıq.

- Sizcə, Azərbaycanda “kölgə iqtisadiyyatı”nın həcmi neçə faizdir?

- Bizim rəsmi rəqəmlərimizdə “kölgə iqtisadiyyatı” səhv etmirəmsə 6-8 faiz ətrafında göstərilir. Bu da həqiqətlə əlaqəsi olmayan rəqəmdir. Məsələn, rəsmi rəqəmlərdən fərqli olaraq, Dünya Bankı bu göstəricini 60 faizin ətrafında götürürdü. Biz də “ASAN” Xidmət və digər strukturlar yaranana qədər bu rəqəmi 40 faiz ətrafında görürdük. Düşünürəm ki, indi bunu 30-33 faiz ətrafında götürmək olar. Bunu da aradan qaldırmaq üçün Azərbaycanda həyata keçirilən sistemli islahatları mütləq dərinləşdirmək və genişləndirmək lazımdır. Başqa sözlə, qanunun üzərində olan təbəqələri qanunun altına salmaq lazımdır ki, heç kim qanundan yüksəkdə olmasın. Şəffaflıq, hesabatlılıq, məsuliyyət kimi amillərin mexanizmini quranda müsbət nəticələr əldə etmək mümkündür. Bəli, kimlərisə həbs etmək məsələnin inzibati tərəfidir. Dünyada Sinqapur, Malayziya təcrübəsi, müxtəlif nümunələr var. Burada iqtisadi üsullarla inzibati metodların effektiv kombinasiyası korrupsiyaya qarşı mübarizədə daha effektiv rol oynayır. Odur ki, problemə kompleks yanaşmaq, həm iqtisadi, həm də inzibati üsullardan yararlanmaq vacibdir. Yox, əgər yüksək maaş alan adam korrupsiya əməllərinə gedirsə, deməli, onun yeri həbsxanadır.

- Sizcə, məmur oliqarxiyasının əhəmiyyətli hissəsinin “5-ci kolon”a çevrildiyinə dair deyilənlər nə dərəvcədə doğrudur?

- Ümumən kapitalın təbiətində bir neçə amil var. Birincisi, kapital qorxaqdır. Harada münbit şərait varsa, oraya qaçır. İkincisi, Karl Marksın kapital haqda məşhur fikri var ki, mənfəət artdıqca o, daha da harınlaşır. Sonda da bəşər tarixində müqəddəs hər şeyi tapdalamağa hazır olur.

- Necə düşünürsüz, Azərbaycanda rəsmi milyarderlərin olmamasına səbəb nədir?

- Bizdə yüksək vəzifədə oturanlar öz kreslolarını 100 milyonlarla, milyardlarla vəsaitə, sərvətə konvertasiya edə bilirlər. Lakin bu sərvət əyri yolla əldə edildiyindən, bunu leqal formada nümayiş etdirə bilməzlər. İş adamının isə ilkin kapitalı olur, o, biznes fəaliyyəti ilə məşğul olur, hesabat verir. Həmin şirkətin səhmləri, daşınmaz əmlakı və s. göstərir ki, iş adamının sərvəti nə qədərdir.

Amma vəzifədə olanın sərvətinin rəsmi mənbəyi yoxdur, onun ancaq maaşı var. Əgər nəsə əldə edirsə, deməli talamaq yolu ilə buna nail olub. Bunu da ortaya çıxara bilməz. Yalnız işdən çıxarılandan və ya həbs edildikdən sonra media mülahizələr, araşdırmalar aparır və məlum olur ki, böyük pulları var. Məncə, korrupsiyanın kökü kəsilməli, islahatlar yolu ilə elə şərait yaradılmalıdır ki, artıq belə hallar təkrar olunmasın. Bu da ədalətli, azad və şəffaf sistemin ortaya qoyulmasından, hamının qanunlar çərçivəsində işləməsindən keçir. Əlbəttə, kapital-maliyyə amnistiyası ilə bağlı müəyyən zaman kəsiyində addımlar atmaq olar. Amma Rusiya, Qazaxıstan kimi ölkələr bu addımı atsalar da, lazımi effekt ala bilməyiblər, kifayət qədər maliyyə toplaya bilməyiblər.

Paylaş »
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Martın 8-nə olan hava proqnozu
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
››› Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »