Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Elektron konslager"in əsirləri...
"Elektron konslager"in əsirləri...

Çində yeni elektron sistemlə yeni növ insanlar yaradılmaqdadır!

Son on ildə bir çox ölkə iqtisadiyyatın, əhalinin və ayrıca götürülmüş hər bir fərdin elektron rəqəmsal idarəetmə və idarəetmə sistemlərini sürətlə qurmaqdadır. Kimsə fərqinə varmasa da, qeyd edək ki, əslində, bu cür layihələr insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasını hədəfə götürüb, elə buna görə də onlara "elektron konslager" deyirlər..

"Elektron konslager"in inşa prosesinin lokomotivləri əsaslı və birmənalı şəkildə Amerika İT şirkətləri hesab olunurdu. "Microsoft", "Apple", "Google", "Amazon", "Facebook" və digərləri buna misaldır. Bunlara tez-tez "Silikon Mafiyası" da deyilir, çünki bir sıra aparıcı ABŞ İT-şirkətlərinin Kaliforniya əyalətində, konkret "Silikon Vadisi" adlanan yerdə birləşdirici mərkəzləri və ya ayrı-ayrı sektorları mövcuddur.

Xüsusi seçilmiş "Mafiya" sözü isə o mənada işlədilir ki, onlar koordinasiya olunmuş şəkildə hərəkət edirlər, ümumi məqsəd və hədəfləri həmən-həmən eynidi, yumşaq desək, hər vəchlə açıq görünməsə də, saman altından su yeridirmiş kimi, cəmiyyətin mənafeyinə zidd fəaliyyət göstərdikləri hiss olunmaqdadır.

"Silikon mafiyası"nın strateji məqsədi ondan ibarətdir ki, təkcə ABŞ-ı yox, eyni zamanda bütün dünyanı bir böyük elektron konslagerə çevirsin. Daha uzağa gedərək bildirək ki, sözügedən "Silikon mafiyası"nın fəaliyyətini, xüsusilə, Ümumdünya İqtisadi Forumun (ÜİF) prezidenti Klaus Şvabın ötən il səsləndirdiyi kimi, daha geniş qlobal plan adlandırmaq olar. Beləliklə, məqsədində çox dar qrup insanın - planetar elitanın idarə edə biləcəyi "cəsur yeni dünya" qurmaq olan "Böyük Yenidənqurma" planından danışırıq.

Ancaq işlər heç də həmişə istədiyin şəkildə getməyə bilir. Belə ki, "Böyük yenidənqurma" planının reallaşdırma prosesində müəyyən axsamalar da müşahidə olunmağa başlayıb. Məsələ burasındadır ki, "Silikon mafiyası"na hələ onların əllərinin yetə bildiyi, daha çox səlahiyyətlərinin yürüdüyü mövcud olduqları ABŞ ərazisinin tamamında "elektron konslager"ləri yaradıb başa çatdırmaq müəssər olmayıb. Zaman çatmır. Bəli, hardasa 90 faiz səviyyəsində inşa olunduğunu söyləyə bilərik, ancaq bununla belə, onun hələ də böyük "yırtıqları" var ki, azadlıqlara təşnə olan, azadlıqları heç nə ilə əvəz etməyən kütlələr böyük məmnuniyyətlə bunlardan istifadə edə bilərlər.

Bundan başqa, maraqlıdır ki, son vaxtlar ABŞ vətəndaşları və siyasətçiləri arasında gözlənilmədən Silikon mafiyasının planlarına qarşı çıxanların artdığı müşahidə olunur. Hətta öz qələbəsində tamamilə İT-korporasiyalara borclu olan yeni ABŞ prezidenti Co Bayden belə, imkan taparaq belə bir açıqlama verib ki, bu nəhəng şirkətlərin Amerikan bazarında monopoliyasını məhdudlaşdırmağa ehtiyac yaranıb.

Hələ bu harasıdır. Planetar "elektron konslager" quruculuğunda Silikon mafiyası bundan daha ciddi problemlə üzbəüz qalıb. Birincisi, ÜİF sammitində Çin Xalq Respublikasının (ÇXR) rəhbəri Si Tszinpin öz çıxışında bir neçə dəfə eyham vurdu ki, heç də bütün hallarda "Böyük Yenidənqurma" planı ilə razı deyillər. Çin lideri işarə etdi ki, bu gün yalnız onun ölkəsi qloballaşma prosesinə başçılıq etmək qüdrətində və imkanındadır. Nəinki iqtisadi və maliyyə cəhətdən, hətta informasiya axını cəhətdən Çin daha üstün mövqelərə gəlib. "Çin bundan sonra da elmi-texniki innovasiya istiqamətində irəliləməkdə davam edəcək, - deyə o, bildirib.

İkincisi, aydın oldu ki, qlobal "elektron konslager"in bu səbəbdən işləməsi mümkün olmayacaq ki, rəsmi Pekin hamıdan qabaq özünün səlahiyyətlərinin yürüdüyü legitim ərazilərində artıq milli "elektron konslager"ini yaratmağa müvəffəq olub. Nəhəng bazar olan Çin əhalisi olmadan da qlobal projenin istənilən effekt verəcəyi az inandırıcıdı.

Onu da vurğulayaq ki, Çində yaşayan təxminən milyard yarım insanı əhatə etməli olan məlum "elektron örtük"ün inşa edilməsi barədə söz-söhbətlər, yazı-pozular hələ on illər əvvəldən var idi. Hətta o vaxt bu layihə rəsmən "ÇXR vətəndaşlarının sosial reytinq sistemi" adlanırdı.

Layihə təşəbbüskarlarının fikri bu idi ki, müxtəlif elektron vasitələrdən istifadə edərək bir insanın həyatının bütün aspektlərini daim izləmək, bir şəxs haqqında alınan məlumatları toplamaq və onun üzərində işləmək, çoxsaylı davranış qaydalarının yerinə yetirilməsini və ya əksinə, pozulmasını nəzərə alaraq, bir fərdə sosial reytinq (indeks) vermək mümkün olsun. Müəlliflər bu qənaətdədirlər ki, belə bir sistem insanı daha qanunpərəst, cavabdeh və etibarlı hala gətirmək, ölkədə nizam-intizamı, stabilliyi möhkəmləndirmək və ölkənin sosializm yolu ilə irəliləməsini təşviq etmək üçün hazırlanıb.

ÇXR-də elektron sosial qiymətləndirmə (reytinq) sistemi 2010-cu ildə sınaqdan keçirilməyə başlandı və 2014-cü ildən etibarən kütləvi şəkildə tətbiq olunmağa start verildi. Əvvəl layihə "pilot" statusunu daşısa da, ölkənin bütün əhalisini əhatə etməmiş, ardıcıl olaraq yeni şəhər və bölgələrə yayılmış və beləcə sınaqdan keçirilmişdi.

Reytinqdə yüksək göstəricilərə sahib qanuna tabe olmağı bacaran etibarlı vətəndaşlar bir sıra imtiyazlar əldə edirlər, məsələn, yaxşı bir iş əldə etmək şansı qazanırlar, dövlət qurumlarında vəzifələrə daha rahat çəkilirlər və eyni zamanda xüsusi imtiyazlar və üstünlüklər əldə edirlər, əngəlsiz kredit almaq imkanı da bu qəbildəndir. Bu formasiyanın yaxşı tərəfləri ilə yanaşı mənfi cəhətləri də yox deyil. Məsələn, yol qaydalarının pozulması, sosial şəbəkələrdə hakimiyyətin tənqidi və qonşular tərəfindən yazılan "donoslar" fərdin reytinq göstəricilərinə mənfi təsir göstərir və bir vətəndaşı səyahət etmək kimi baza hüququndan məhrum edə bilir.

Qeyd etmək lazımdır ki, sistemin elektron infrastrukturunun inkişafı onun qiymətləndirmə meyarlarının inkişafını üstələyib. Bu mənada ölkənin partiya və dövlət rəhbərliyində "nəyin yaxşı, nəyin pis" olması barədə kifayət qədər qızğın müzakirələr aparıldı. Bu müzakirələr indi də davam etdirilir, lakin xüsusi həssaslıqla ictimaiyyətdən gizlədilir.

Əgər Çin mentalitetini nəzərə alsaq, orta statistik bir vətəndaş yuxarılardan aşağılara tətbiq olunan normaları hər hansısa şübhə altına almadan sorğu-sualsız qəbul edir deməkdir. Normaları, standartları şübhə altına alan və ya onları açıq şəkildə pozan “müxaliflərin” isə nisbəti azdır.

Vətəndaşlar haqqında məlumat toplamaqda isə çox geniş tərkibdə təşkilatlar iştirak edir. Birincisi, dövlət orqanları (polis, vergi xidmətləri, təhsil müəssisələri, səhiyyə, xüsusi xidmət orqanları və s.). İkincisi, qeyri-dövlət təşkilatları, özəl banklar, maliyyə, ticarət və telekommunikasiya təşkilatları və şirkətləri.

Şübhə yox ki, məlum elektron sosial reytinq sistemini qurmaq üçün az yol qət edilməyib. Beləliklə də, 2018-ci ilin fevral ayında məlum oldu ki, Çin Xalq Bankı "Tencent" və "Alibaba Group"un onlayn alış-veriş və sosial media profillərinə əsaslanaraq, vətəndaşlar üçün kredit reytinq sistemi yaratmaq təşəbbüsünü təsdiq edib.

Bu iki məlumat təminatçısı mexanizmi ilə yanaşı, əlavə olaraq, üçüncü bir mənbə də formalaşıb. Məsələ burasındadır ki, "vicdanlı" vətəndaşlar "məsuliyyətsiz" olanların davranışları barədə müvafiq orqanları məlumatlandırmalıdırlar. Bir sözlə, hər bir halda vətəndaşdan vətəndaşa şikayətçilik (donos yazmaq) şiddətlə təşviq olunur. Əslində, işləri bir az korlayan da elə budur.

Dördüncü məlumat tədarükçüsü Çinin ABŞ da daxil olmaqla bütün ölkələri qabaqladığı çoxsaylı videomüşahidə kameralarıdır (keçən ilin sonunda yarım milyarddan çox quraşdırılıb). Bundan başqa, üz tanınmasına əsaslanan milli məlumat bazasının yaradılması layihəsinin texnoloji elementləri də uğurla sınaqdan keçirilib. Çin kameralarının neçə faizinin üz tanıma sistemi ilə təchiz olunduğu məlum deyil, lakin hökumətin iddiasına görə, artıq bu ildən süni intellekt ölkənin təxminən yarım milyard insanının arasından hər bir fərdin üz cizgilərini üç saniyədə tanıya biləcək.

Layihənin təşəbbüskarları tərəfindən həll edilməli olan başqa bir sual bloku: yüksək reytinqi olan insanlar üçün təşviq tədbirləri nə olmalıdır və reytinqi aşağı olanlarla bağlı hansı sanksiyalar tətbiq edilə bilər? Məsələn, reytinq qiymətləndirmələri vətəndaşlara banklar tərəfindən kreditlərin verilmə şərtlərinə (faiz dərəcələri, şərtlər, təminat metodları) təsir edəcək. Qaydalara görə isə, "Qara siyahılar"a daxil olan şəxslər, ümumiyyətlə, kredit almaq hüququndan məhrum edilirlər.

Araşdırmalar zamanı bizə həm də məlum oldu ki, 2018-ci ildə təxminən 17,46 milyon "nüfuzdan düşmüş" və sosial reytinqi çox aşağı olan çinli təyyarə bileti almaq hüququndan məhrum olub və daha 5,47 milyonu sürətli qatarlara bilet ala bilməyib. Eyni zamanda, Çində reytinqi aşağı olan şəxslərin rəhbər vəzifələr tutması və ya şirkətin rəsmi nümayəndəsi olmasının qadağan edildiyi 290 min hadisənin olduğu məlumatlar arasındadır.

2018-ci ildə sosial reytinq sisteminin genişləndirilməsi üçün daha bir addım atılıb. Çində xarici şirkətlər də daxil olmaqla, bütün şirkətlər üçün sosial qiymətləndirmə sistemi tətbiq edilməyə başlanıb. Müəssisə, əsasən vergi nəzarəti, ətraf mühitin qorunması, əməyin təhlükəsizliyi, məhsulun keyfiyyəti, kiber təhlükəsizlik və s. ilə əlaqəli təxminən 300-ə yaxın tələbə ciddi şəkildə riayət etməlidir.

Vergilər və məşğulluqla bağlı müddəalar, xüsusilə vacibdir. Çinli və xarici sahibkarların ÇXR-də işlərini davam etdirməsi üçün təqib etmələri lazım olan 1500 səhifədən çox qaydaları oxumaları və tətbiq etmələri lazımdır. Biznes sektoru üçün, o cümlədən "Qara siyahılar" da hazırlanmağa başlanıb. Artıq 2018-ci ildə rəsmi qara siyahıya 3,59 milyondan çox Çin təşkilatı daxil edilib ki, bu da layihələrə təklif vermə, qiymətli kağızlar bazarlarına girmə, torpaq auksionlarında iştirak və korporativ istiqrazlar çıxarma da daxil olmaqla, müxtəlif fəaliyyətlərdə iştirak etmələrini qadağan edir.

Layihə genişləndikcə, vətəndaşların və şirkətlərin reytinqlərinin tərtib olunması üçün gərəkən parametrlərin sayı da artıb. Beləliklə, ölkədə və dünyada başlayan koronavirus epidemiyası (pandemiya) ilə əlaqədar olaraq sistemdə insan sağlamlığının vəziyyəti və COVID-19 şəraitində həyat qaydalarına riayət etməsi barədə bir məlumat bloku meydana çıxıb. Bu da yeni əlavə bir qayğı yaradıb.

Bəzi şəhərlərdə insan həyatının alkoqol və tütün istehlakı kimi incə məqamlarını izləmək və qeyd etmək üçün texnologiyalar hazırlanıb. Hətta Çinin Xanjou (Hangzhou) şəhərində vətəndaşların istehlak etdiyi alkoqol və çəkdikləri siqaretləri izləyən QR-kodlu bir sistem belə işə salınıb.

İndi layihənin 2020-ci ildəki pilot sınaqları sona çatıb. 1 yanvar 2021-ci ildən etibarən isə Çinin sosial reytinq sistemi ümummilli status qazandı və leqallaşdırıldı. Ardınca isə, məhz bu il sosial qiymətləndirmə sistemi ilə bağlı müddəaların öz əksini tapdığı Çin Xalq Respublikasının yeni mülki məcəlləsi qüvvəyə minib.

Yeni məcəlləyə əsasən, çinlilər aşağıdakı bəndlər üzrə yaxşı bal toplaya biləcəklər: sosial şəbəkələrdə hökuməti dəstəkləmək, yaxşı maliyyə-kredit tarixçəsinə sahib olmaq, hər hansısa bir qəhrəmanlıq göstərmək, xeyriyyəçilik fəaliyyətlərinə qatılmaq, yaşlı ailə üzvlərinə qayğı göstərmək, qonşularla mehriban münasibət qurmaq və yoxsullara kömək etmək, qan bağışlamaq və s...

Eyni zamanda, vətəndaşların xal itirə biləcəyi davranışlar da müəyyənləşdirilib. Bunlara əsasən aşağıdakılar aiddir: İnternetdə şayiələr və saxta məlumatların yayılması (nə "fake" (saxta) xəbər sayıla bilər, o cümlədən, bu və ya digər məlumatların saxta olub-olmadığını kimin müəyyənləşdirəcəyi aydın mövzudu. Ciddi məsələ bu idi ki - Görüntüdə "Kapitoliyə basqın" saxtalığı ucbatından Trampa qarşı impiçment qaldırmaq cəhdi bu hala bir nümunədir.), yol-hərəkət qaydalarının pozulması, hakimiyyətə qarşı etiraz aksiyalarında iştirak etmək və sosial şəbəkələrdə hökumət əleyhinə mesajlar paylaşmaq, yaşlı valideynlərə qənaətbəxş olmayan kömək, törədilən cinayətlərə görə səmimi olmayan üzrxahlıqlar, məzhəblərə qatılım və onlayn-oyunlarda hiyləgərliklər və s.

Bu il yanvarın 1-dən etibarən hər bir Çinliyə bir növ “başlanğıc kapitalı” hədiyyə edilib. Bu, 1000 ballıq ilkin reytinq indeksidir. Vahid informasiya mərkəzi hər bir fərdi 142 qurumdan olmaqla, 160 min fərqli parametr üzrə təhlil edir. Reytinq 1050 baldan çoxdursa, "AAA" indeksi ilə etiketlənmiş "nümunəvi vətəndaş" kateqoriyasına düşə bilirsən. 1000 ballıq reytinq göstəricisinin etiketi "A+", 900 balın reytinq etiketi isə "B"dir.

Reytinqi 849 baldan aşağı olan insan isə indeks olaraq "C" etiketi alır ki, nəticə etibarı ilə cəmiyyət və hökumət üçün şübhəli bir şəxs sayılmağa başlanır; Nəhayətdə, dövlət təşkilatlarında və bələdiyyə strukturlarındakı işlərdə bu cür adamlardan imtina oluna bilər.

"Qara qiymət"i o kəslər alırlar ki, onlar "D" indeksi ilə qiymətləndiriliblər və onların balı 599-dan az olur. Onlar artıq Çin cəmiyyətinin üzdəniraqı hesab olunurlar. Bu cür insanlar üçün hər hansı bir işə düzəlmək belə, çox çətindir. Onlara kredit, borc, nəqliyyat bileti belə verilməyəcək; hətta velosiped icarəsi də rədd oluna bilər. "D" qrupundan olan bir adam sanki cüzamlı və ya xəstəliyə yoluxmuş kimi hər şeydən uzaq düşəcək. Çünki belə üzdəniraq olan şəxslə ünsiyyət daha yüksək reytinq qruplarından birinin indeksinin azalmasına səbəb ola bilər.

Bu gün Çində tam gücü ilə işə düşən bu möcüzə elektron sistem, ehtimal ki, təxminən "Böyük Yenidənqurma" planını hazırlayanlar və onu təbliğ edənlər tərəfindən həmən-həmən ərsəyə gətirmək istədikləri eyni formasiya və mexanizmdir. Göründüyü kimi, bənzər bir şeyi Silikon Vadisi və cənab Klaus Şvabın İT-şirkətləri yaratmaq istəyibmiş. Ancaq onlar elə bil azca gecikiblər.

Mirzə Rəşad Bakuvi Mirzə Rəşad Bakuvi
Son xəbərlər
Bütün xəbərlər »