Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yardımlı rayon deyilmi? – “Yardımlı əhalisinin əzabını birə-beş artırıblar”
Yardımlı rayon deyilmi? – “Yardımlı əhalisinin əzabını birə-beş artırıblar”

“Yardımlılar həyəcan təbili çalmalıdırlar! Başa düşmürük, Yardımlı rayon deyilmi?!”

Bunu Bizimyol.info-ya Yardımlı rayonunda idarə-müəssisələrinin əksəriyyətinin digər rayonlarda yaradılmış mərkəzlərə birləşdirilməsindən narazı olan vətəndaşlar bildirib.

“İndi bu yazıq əhali həmin mərkəzlərə müraciət etmək üçün niyə min-bir əzabdan keçməlidir!? Ən yaxın idarə rayon mərkəzindən 56 km məsafə uzaqlıqda yerləşən Masallı rayonunda qərarlaşıb. Təsəvvür edin, bir Alar kənd sakini bir pensiya arayışını almaqdan ötəri minimum 80 km məsafə qət edərək, bir sutka vaxtı itirməklə, ən azı 30 manat yol pulu xərcləyib o arayışı əldə etmək üçün həmin mərkəzə getməlidir. Onu da ala bilsə. Hələ bunun digər xərcləri də var. İndi guya təkmilləşdirmə, asanlaşdırma aparırlar. Onsuz da coğrafi mövqeyinə görə çətin şəraitdə zülm çəkən Yardımlı əhalisinin əzabını birə-beş artırıblar. Vətəndaş məmnunluğu budurmu? Buna bir çarə qılınmazsa əhali tədricən rayondan köçmək məcburiyyətində qalacaq”- deyə Yardımlı rayon sakini bildirib.

Yardımlı rayon Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əməkdaşı Zakir İmanov Bizimyol.info-ya açıqlaması zamanı bildirik ki, rayon sakinlərinin dediklərində həqiqət var.

“Bu müvafiq nazirliklərin səlahiyyətinə aiddir. Nazirliklər regionallar yaradıb. Məsələn, Yardımlıda meşə təsərrüfatı, mədəniyyət nazirliyinin regional idarəsi Masallıda, məşğulluq mərkəzi Biləsuvarda 14 saylı ərazi məşğulluq idarəsində yerləşdirilib. Səhiyyə isə TƏBİB-ə birləşdirildi. Burada isə sadəcə nümayəndələri var. Lakin, onlar səlahiyyət sahibi deyil. Sadəcə nümayəndə kimi oturublar burada. Yardımlı sakinlərinin dediklərində həqiqət var. Bu nümayəndə nə möhür var, nə də ki, peçat. Bunlar yalnız regionalın direktorundadır. Təbii ki, belə olan halda vətəndaş ora getməli olur”,- deyə bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »