Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanda korrupsiya mafiyanın bir qoludur"
Rüşvət, korrupsiya

Bu günlərdə sosial şəbəkələrdə Çində korrupsiyaya yol vermiş bir iş adamının edam olunması barədə xəbər geniş müzakirələrə səbəb oldu. Çoxları bunu düzgün cəza tədbiri hesab edir.

Azərbaycanda da son bir ildə korrupsiya və vəzifədən sui- istifadə edənlərə qarşı yüksək səviyyədə mübarizə başlayıb. Dəfələrlə məmurların işdən uzaqlaşdıqdan sonra mənimsədiyi milyonların, milyardların siyahılarını görmüşük. Amma bu görk olurmu? Gördüyümüzə görə yox. Bu gün teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli ilə bir “korrupsiya mafiyasını” üzvlərinin “ gözü çıxan qardaşından niyə dərs almaması” barədə danışırıq.

Qulu Məhərrəmli Qulu Məhərrəmli

Hörmətli professorun Bizimyol.info-ya müsahibəsini təqdim edirik:

- Qulu müəllim, bu yaxınlarda STM-in apardığı sorğu nəticəsində məlum oldu ki, ölkə əhalisinin 50 faizi məhkəmələrimizin ədalətinə inanmır. Bu gün korrupsiya faktlarına görə işdən çıxarılan bir çox məmurlar hansısa səbəblərə görə onları tənqid edənləri məhkəmələrə verirlər. Amma bir zamanlar çox yazdıq ki, məhkəmə, ədalət hamıya lazım olacaq, onun mizan- tərəzisini pozmayın. Bu durumda hazırda özü çətin vəziyyətdə düşümüş korppupsioner neyləyəcək?

- Mənim düşüncəmə görə, istənilən ölkədə dövlətin və cəmiyyətin maraqlarına təhlükə olan korrupsiya Azərbaycanda da milli inkişafa əngəl olmaqla yanaşı, həm də sosial ədalətin pozulmasına gətirib çıxarır, milli maraqlara ciddi zərbə vurur. Korrupsiya təkcə iqtisadi deyil, həm də dəhşətli sosial bəladır. Çünki korrupsioner dövlətdə vəzifə tutan şəxsdir və bu yüksək vəzifəsindən sui-istifadə edib təkcə talançılıq və soyğunçuluqla məşğul olmur, həm də əxlaqı, ictimai psixologiyanı pozur. Korrupsiya əli pulla oynayan vəzifəli şəxsin vicdanlı məmuru sıxışdırması, azad düşüncəli insanları təqib etməsi deməkdir. Bu sistem şeytani niyyətlərə xidmət edir və beləliklə cəmiyyətdəki normal idarəçilik sistemini pozur. Korrupsiya aşağıda olanların qanunlara və əxlaqa deyil, yuxarıdakılara uyğunlaşması üçün müəyyən mexanizm qurulmasına gətirib çıxarır. Belədə cəmiyyət üzvləri bir-birlərinə mənəviyyatla yox, rüşvət və korrupsiya ilə bağlanır. Buna görə də korrupsioner cəmiyyətdə bilirlər ki, bu sistemdən biri getsə, üst-üstə yığılmış kərpic divarı kimi hamısı uçulub-söküləcək. Ona görə də bu sistemdə bir-birlərini qorumaq məcburiyyətində olurlar. Ortada ümumi maraqlar olduğuna görə hamısı bir-birlərini və sistem sabitliyini qorumağa çalışırlar. Vəzifədən çıxanlar isə çapıb taladıqlarını ömür boyu rahatlıqla yeyirlər.

- Belələrinə sadəcə işdən çıxmaq cəza deyil, hədiyyədir?

- Bəli. Gedirlər oğurlayıb yığdıqları ilə gözəl ömür sürməyə. Maraqlıdır ki, bu korrupsiya dəstəsi monolit olur, çevrəyə kənar, işgüzar, ağıllı adamlar buraxılmır.

- Buraxılsa da, yəqin işi bilən və işləyən bir nəfərə ehtiyac olduğu üçün. Kimisə yükləmək lazımdır axı.

- O da var.Cavabdehliyi, məsuliyyəti yıxmaq səbəbi də var. Həm də belə bir adam o şəbəkəyə daxil ola bilirsə, ona yalnız bir xətt üzrə irəliləmək imkanı verilir. Kənara addım ata bilməz. Ona görə bu hallara qarşı ciddi tədbir görmək lazımdır.

- Bunu bu qədər rahatlıqla edə bilirlərsə, deməli cəmiyyətin avam , səssis qalacağına əmindirlər? Niyə qorxmurlar ki?

- Burda QHT-lər, vətəndaş cəmiyyəti müstəqil medianın üzərinə böyük iş düşür. Söhbət azad mediadan gedir. Yoxsa ağzına qəpik-quruş atılmaqla susdudurulan medianı nəzərdə tutumuram. Korrupsiya o yerdə çiçəklənir ki, onun üçün əlverişli mühit var. İctimai nəzarət mexanizmi etibarlı işləməlidir. Bu mexanizmin ən mötəbəri azad mediadır.

- Korrupsiyaya qarşı mübarizə aparmaq üçün Çində edam edirlər. Siz də sosial şəbəkədə bu barədə paylaşım eləmişdiniz. Sizcə, necə yöntəmdir edam? Belə baxanda kimlərsə deyə bilər demokratiya, hüquq pozulur və s. Amma korrupsiyalaşmış bir cəmiyyətdə yaşayan milyonlarla insanların da hüququları pozulur.

- Edam maksimalist yanaşmadır, amma təsirli tədbir görülməlidir ki, başqalarına görk olsun. Bu yoxdursa, korrupsiyaya bulaşan adamı vəzifədən çıxarıb, bir az da pulunu alıb buraxırlarsa, o nədən qorxacaq? Vəzifədən çıxana qədər yeddi arxa dönəninə yetəcək qədər pul yığıb, özünü təmin edib.Onu atırlar bayıra. Axı sistem yerində qalır. Biri gedir, onun yerini başqası alır.

- Ən qorxulusu da, həmin korrupsioner yığdığı külli miqdarda vəsaitlə, güclə, ətrafı ilə, pulu xatirinə onu dəstəkləyənlərlə birlikdə dönüb olur müxalif qüvvə.

- Korrupsiya və onun yaratdığı ab-hava dövlət üçün də, hakimiyyət və cəmiyyət üçün də qorxuludur. İnsanlar görür ki, sən ağlınla, dərrakənlə, qabiliyyətinlə yox, çirkaba bulaşmaqla irəli gedə bilirsən, başlayır o yolu getməyə. Bu, əlbəttə, qorxulu bir örnəkdir və bütün ədalət sistemini pozur. Bunun acı nəticəsi gələcək nəsillərdə də özünü göstərəcək.

- Qulu müəllim, bu da var ki, media çox vaxt korrupsionerlərin adını çəkir, hətta faktlar, sübutlar tapır, işıqlandırır. Amma buna fikir verən olmur. Adamın haqqında güclü xəyanət motivləri ortaya çıxandan sonra onu orden medalla bəh-bəhlə yola salanda, bu da cəmiyyətdə qıcıq yaradır.Bu qurbanlıq qoyunun xınalanması kimi dərk edilməlidi, ya həmin şəxsin susdurulması, zərərsizləşdirilməsi?

- Bu reallıq da var (gülür). Bəzən bu addımlar həmin şəxsin özündən yuxarıda duranları bada verməməsi üçün, ciddi pozuntuları ört-basdır etmək üçün atılır. Bu halda ictimaiyyətə və dövlət başçısına da yanlış məlumatlar verilir. Korrupsiya sistem halında mövcuddur və bir növ mafiyanın bir qoludur. Mafiya da bundan istifadə edir, öz planlarını reallaşdırmaq üçün dövlət adamlarını ələ alır. Onlar da yığdıqlarını itirməmək üçün pullarının girovuna çevrilirlər.Ona görə ciddi cəza mütləqdir.

- Korrupsiyadan əldə edilmiş milyardların hansısa formada dövlətə qaytarılması barədə məlumatınız var? Yaxşı olmazdımı ki, şəffaflıq bu qayıdan vəsaitlərə də şamil ediləydi?

- Yəqin dövlətin bu barədə öz mexanizmi var. Büdcəyəmi gedir, sosial fondlaramı gedir, xidmət sahələrinəmi ayrılır. Yoxsa burada oğrudan-oğruya prinsipi işləyir? Bütün hallarda bu məsələdə şəffaflıq və prosesə ümumi ictimai nəzarət lazımdır.

- Necə düşünürsünüz, cənab Rizottinin 10 il sonra gündəmə bomba kimi atdığı, tuneldə milyonların havaya səpələnməsi ilə bağlı o paylaşım sizcə təsadüf idi? Sanki qəsdən bu açıqlama verildi ki, keçmiş yenidən araşdırılsın. Üstəlik, o zamankı nəqliyyat naziri də bu aralarda “dolanmaq lazımdır” şəklində bir müsahibəylə gündəmə gəlmişkən... Sabiq nazirin 3-4 inəyin ümidinə qalmasına yəqin kimsə inanmaz.

- Böyük maliyyə yeyintiləri elə-belə başa gəlmir. Neçə il əvvəl Bakı avtovağzalının tikintisi ilə bağlı jurnalist araşdırması olmuşdu. Sinqapurda balansında heç bir çəkici də olmayan şirkət rahatlıqla tenderi udmuşdu, gəlib Biləcəridə bu obyekti tikmişdi. Bütün qohum-əqrəba toplaşıb dövlət büdcəsinin başına oyun açmışdılar. İndi belə faktlar da çıxdıqca yenə kimlərsə pulunu alıb buraxacaq. Yəni yüngülvari iynə vurulur, amma ciddi əmliyyat etmirlər?

- Hamı Qafqazda korrupsiya ilə mübarizədə Gürcüstanı örnək göstərir. Amma bu mübarizənin önündə gedən adamı ölkədən qovdular.

- Bəli, Saakaşvili getdi, amma korrupsiya və rüşvət əleyhinə sistem qaldı. Bizdə Gürcüstan və Sinqapur modelindən də sitifadə etmək olar. Qarabağdakı 44 günlük müharibədə qazandığımız parlaq qələbədən sonra ölkədə ictimai münasibətləri inkişaf elətdirmək üçün yaxşı fürsət yaranıb, bu kontekstdə korrupsiya əleyhinə mübarizə güclənib. Mənə belə gəlir ki, yollar axtarılır ki, bu korrupsiya bataqlığı qurudulsun. Azərbaycanda daxildən təmizlənmə mərhələsi artıq başlayıb. Normal həyat şərtləri bərpa olunduqca, bu proseslər daha da intensivləşəcək. Ölkə, hələ də özünü lazımlı və toxunulmaz hesab edən bir çox ictimai-siyasi zərərvericilərdən də təmizlənəcək.

Söhbətləşdi: İlhamə Rəsulova

Paylaş »
››› Azərbaycan Zəngəzurda mühəndis işlərinə başlayıb - Gorusdan həyəcanlı açıqlama
››› Jirinovski yaxın aylarda başlayacaq böyük müharibə haqda: “Rusiya köməyə gələcək...”
››› 15 qat baha qiymətə təyyarə bileti və ya AZAL-ın gəlirləri hara gedir…
››› Binəqədi İcra Hakimiyyətindən Eldar Əzizova ittiham: “O, rəy verib”
››› Novruz bayramında əfv sərəncamı gözlənilir: kimlər həbsdən çıxa bilər? - Açıqlama
››› Türkiyədə helikopter qəzasında şəhid olan hərbçilərin sayı artıb
››› Azərbaycanda ərzaq məhsullarında bahalaşma qeydə alınıbmı... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »