"Əziz xalqım, sizi hipnoz ediblər, oyanın!"
Bzimyol.info xəbər verir ki, Ermənistanda müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyan xalqa müraciətini bu sözlərlə başlayıb. Onun sözlərinə görə, bu müraciətə səbəb sərhədlərin müəyyən edilməsi ilə bağlı gizli sənədlərin imzalanması faktının ortaya çıxmasıdır. Həmçinin Ermənistan hökumətinin yeni qərarına əsasən, Zəngəzurun bəzi bölgələrindən müəyyən mövzularda materialların hazırlanması üçün ölkənin təhlükəsizlik orqanlarının icazəsi tələb olunacaq.

Qeyd edək ki, Ermənistanda yayılan məlumatlara görə, Azərbaycanla sərhədlərin müəyyən edilməsinə dair gizli sənədlər imzalanıb. Bu sənədlərə əsasən, hazırda Zəngəzurda faktiki olaraq Ermənistanın nəzarətində olan bir sıra ərazilərin Azərbaycana qaytarılması nəzərdə tutulur. Manukyan hesab edir ki, hökumət Zəngəzurun əhəmiyyətli hissəsini Azərbaycana "verəcək", ona görə də müəyyən bölgələrdə mətbuatın fəaliyyəti və ictimai nəzarət məhdudlaşdırılır.
"Hökumət qərar verdi ki, bundan sonra Sünikin (Zəngəzur - red.) bəzi yerlərində müxtəlif mövzularda materiallar hazırlamaq üçün Ermənistan milli təhlükəsizlik orqanlarının razılığı tələb olunacaq.
Dünən isə məlum oldu ki, Sünik sərhədlərinin və oradan keçən kommunikasiyaların Ermənistanın əleyhinə müəyyən edilməsinə dair gizli bir sənəd var. Daha hansı gizli, qanunsuz sənədlər imzalanıb və bizim də onlardan xəbərimiz yoxdur?
Zaman keçəcək və 2020-ci il 9 noyabr gecəsi olduğu kimi, bir gün yuxudan oyanıb görəcəyik ki, Sünik artıq yoxdur!
Unutmayaq ki, məğlubiyyətə gedən yolda hökumət həqiqəti söyləmək hüququnu qadağan etmək qərarına gəldi. Nəticədə 44 gün ərzində bizi aldatdılar, həqiqəti söyləyənlər təqib və daşqalaq edildi. 2020-ci il 9 noyabr gecəsi təslim aktının arxamızda bizdən gizli şəkildə imzalandığı ortaya çıxdı. Qazancımız 44 gün ərzində aldadılan xalqımızın aldığı dəhşətli bir zərbə oldu.
İndi vətənimizin əhəmiyyətli bir hissəsi yoxdur, 5000-dən çox qurbanımız, 10.000-dən çox yaralı, itkin və əsirlər var. Bizim ordumuz yoxdur və ordudan qalanlar da hər gün mövcud olmadıqlarını sübut edirlər.
Ermənistan hər keçən gün kiçilir, ərazilərimiz xaricilər tərəfindən idarə olunur. Vəziyyəti dəyişdirmək üçün bizim polisimizin olmadığına da əmin olduq, çünki onlar mövcud hakimiyyətə xidmət etməklə həm də Azərbaycan və Türkiyənin maraqlarına xidmət edirlər.
Əcdadlarımızın bizə böyük zəhmət, fədakarlıq bahasına miras qoyduqları hər şeyi itirmişik, itirməyə davam edirik, həyatımızın xırdalıqlarına və dedi-qodulara köklənmişik.
Əziz xalqım, bəli, bizi hipnoz ediblər. Gələcək nəsillər bizə lənət oxuyacaq. Hələ də Ermənistan adlanan bu əyalətdə əsarət altında yaşayanlar qalacaqlar, qalanları isə dünyaya səpələnərək əcnəbi olacaqlar.
Ayılın, camaat, ölkənin gələcəyini öz əlinizə almağa cəsarət edin, əks halda ölkəmizin gələcəyini Türkiyə və Azərbaycan bizim bu hökumətdən təhvil alacaq.
Siyasi partiyaların addımlarını gözləməyin. Bütün milli siyasi qüvvələr sizin tərəfinizdədir, amma ölkənin gələcəyinə siz qərar verirsiniz.
Sizi bu gün, 12 fevral, saat 15:00-da Azadlıq Meydanında gələcəyimizlə bağlı qərar vermək üçün bir araya gəlməyə çağırıram. Gözlərimiz önündə vətənimizi itiririk",- deyə müxalifətin vahid namizədi haray çəkib.

Qeyd edək ki, müxalifətin çağırışlarına baxmayaraq, əhalinin yalnız kiçik bir hissəsi meydanlara çıxır. Birinci səbəb odur ki, insanlar Qarabağa görə yenidən qurbanlar vermək istəmirlər. İkincisi isə, hər kəs başa düşür ki, hakimiyyətdə kim olursa, olsun, 10 noyabr bəyanatının tələblərinə əməl edilməlidir.